Yuxarı

“Kəndimizin kitabxanasından çox kitab oğurlamışam”

“Kəndimizin kitabxanasından çox kitab oğurlamışam”

[caption id="attachment_2815" align="alignleft" width="287"]Qesem necefzade Qəşəm Nəcəfzadə: “Sabir Rüstəmxanlı mənə mane olub, şeirlərimi çap etməyib”[/caption]

Ona "Gənclərin işiq yolu" da deyirlər. Gənclərin yaxın dostudur. Özü deyir ki, mən gənclərdən qayğı görmüşəm. Yaşıdlarından gileylənsə də, gənclər haqda həmişə müsbət fikirlər söyləyər... Sevgi şeirləri onun yaradıcılığında başqa bir fonda görünür. “Ürək sınmayanda bəs nə sınacaq” elə bu misra neçə gileyli könülləri barışdırar. Haqqında söhbət açdığımız şair, prezident təqaüdçüsü, “Azərbaycan” jurnalının poeziya şöbəsi üzrə redaktoru Qəşəm Nəcəfzadə bu gün sözümüzün qonağı oldu. Onunla söhbətimizi oxucularına təqdim edirik.

-Gənclərə dəstək olursunuz, bunda gəncləri qruplara bölürsünüz, ya yox?..

-Mən hər bir gəncin yaradıcılığı ilə maraqlanıram və kimdə istedadın qığılcımlarını görürəmsə, kimin şeir vəzyyəti, istedad vəziyyəti az da olsa ürəkaçandırsa, əlbəttə, həmin gəncləri irəli aparmağı özümün mənəvi insanlıq borcu hesab edirəm. Mən təkcə gənclərə yox, öz həmyaşıdlarıma da kömək etmişəm, 80-ci illərdən başlayaraq bu günə qədər. Hələ məsləhətlər də vermişəm. Məsələn, demişəm ki, mənim müxtəlif nəşriyyatlarda dostlarım-tanışlarım var. Gəl, sənin şeirlərini həmin nəşriyyatlara təqdim edək, kitab çap etsinlər. Bu minvalla 1980-81-ci illərdə 10 həmyaşıd şair dostumun şeirlərini həmin nəşriyyata vermişik. Harada ədəbiyyat havası olubsa, mən həmin dostlarımı o məkana səsləmişəm. Gəncliyə dəstəyimin əsas səbəbi isə özüm gəncliyimdə çəkdiyim zülmlərlə bağlıdır.

-Kimlər mane olublar?

-Hələ  o zamanlar mən ədəbiyyatda çox yeni idim. Sabir Rüstəmxanlı mənə “Yazıçı” nəşriyyatında mane olub, İsa İsmayılzadə “Azərbaycan” jurnalında mənə mane olub, şeirlərimi çap etməyib. Hələ onu da Sabir Rüstəmxanlı deyərdim ki, başqalarının yazılarını kitab halında çap edib, amma mənim şeirlərimi çap etməyib. Yaxşı ki, Milli Azadlıq Hərakatı başladı, Sabir Rüstəmxanlı da getdi ora, “Yazıçı” nəşriyyatında işləmədi və ondan sonra da mənim "azadlığım” başladı. Sabir gedən kimi, kitabım çap olundu. Elə bu cür səbəblərdən də qayğı görməmişəm. Bütün bunlara baxmayaraq, mən İsa İsmayılzadəni şair kimi çox sevirdim. Kəndimizin kitabxanasından çox kitab oğurlamışam. Bu kitabların içində İsa İsmayılzadənin də kitabı vardı.

-80-ci illərin Qəşəmini müasir dövrün Qəşəmindən nə ayırır?

-Qəşəm elə həminki Qəşəmdi. Elə eyni şeirləri yazıram. Yəni şeirin quruluşu, mövzusu, forması baxımından deyirəm. İndi yazdığım kimi o vaxtda yazırdım. Sadəcə, o vaxt məni çap etmədilər. 90-cı illərdə başqa imzalar da mənim üslubumda yazanda hamısı dedi ki, guya mən onlardan öyrənib yazmışam. Amma mən həmin şeirləri halbuki 80-ci illərdə yazmışdım.

-“Şeiri çap olunmaz kənd şairinin” - bu adlı şeiriniz həmin vəziyyətlə əlaqəlidir, yoxsa sadəcə, poetik təfəkkürün nəticəsi?

-Bəli, tamamilə doğru dediniz. Həmin vəziyyətlə əlaqədar yazmışdım o şeiri. Hələ mən sizə deyrdim ki, kitabımın çap olunduğunu gözlədiyim kimi, Yazıçılar Birliyinə üzv olmaq üçün 10 il gözləmişəm. Yəni bunlara görə deyirəm ki, mən nə diqqət görmüşəmsə, özümdən böyüklərdən yox, özümdən kiçiklərdən görmüşəm. Gənclərin mənə bircə “sağol”u mənim üçün hər şeydir. Mənə qayğı həmişə gənclərdən gəlib.

-“Ölürəm mən sənin “3"-lərin üçün, verdiyin “5"-lərə naz eyləyirlər” deyirsiniz, bəs sizin “3"-nüzdən ötrü ölən olub?

-Hə (təbəssümlə xəyala dalır) olub, qızım, olub. Amma mən  həmin “ 3"-ü ona verməmişəm. Mənim, ümumiyyətlə, "müqəddəs" sözünün anlamından xoşum gəlmir. Yəni deyərdim ki, mənim bağlandığım insan ailəm, övladlarımın anası, çox hörmət etdiyim Tabəs xanımdır. O, mənim etibar etdiyim, güvəndiyim kompasımdır. Mən hara gedirəmsə, onu da özümlə aparıram. Hamı deyir ki, adam qadının da özü ilə hər yerə apararmı?  Deyirəm ki, vallah o, mənim xəritəmdir.Yolumu azmayım deyə onu da yanımda aparıram. (gülür). Amma buna baxmayaraq, sevgi ailə ilə məhdudlaşmır. İnsanın başqa duyğuları da ola bilər. Bu təbii haldır. Hökm deyil ki, həmin duyğuya görə kiminləsə mütləq qovuşasan... Bu, mütləq deyil.

-Ədəbi gəncliyi ən çox oxuyan sizsiniz. Gənc yazarlardan bəyəndiyiniz imzalar var?

-Bəli, var. Amma mən ad çəkməyəcəm. Çünki bir dəfə Şəhriyara dedim ki, sən məndən güclü şairsən. Bu sözümdən bir müddət sonra onun “başı gicəlləndi” və bu “gicəllənmə” münasibətlərə mənfi təsir etdi. Bəzən olur ki, inanmadığım gənc imza elə bir fikir ifadə edir ki, şeirdə özüm də ona heyran qalıram. "Yəni bunu bu edibmi deyə" fikirləşirəm. Amma bu cür irəliləyiş məni gənclərin qəlb dostu kimi, ruh dostu kimi çox sevindirir. Uzun müddət gənclərlə mənim aramda bir sədd olub. Bunu da mənim yaşıdım olan həmkarlarım yaradıb. Bəzi gənclər məni yerli-yersiz ittiham edib, yerli-yersiz günahlandırıb.

-Kimlər sizi ittiham edib, Qəşəm müəllim?

-Bunlar ilk vaxtlarda olub. Biz həmin yazarlarla tanış olandan sonra bütün həqiqətlər ortaya çıxıb. Bu gənclərdən Rauf Qərib, Qabil Ədalət, Elşad Barat və  başqa yazarlar olublar. Məni tanımaya-tanımaya kimlərinsə sözü ilə haqsız yerə savaşıblar mənimlə. Amma tanıyandan sonra deyiblər ki, vallah filankəslər bizə sizin haqqınızda belə deyib, Qəşəm müəllim. Amma mən gənclər arasında həmyaşıdlarıma qarşı mənfi rəy yaratmamışam.

-Sizin üçün şeirin ölçüsü, forması, vəzni, qafiyəsi və s. kimi xüsusiyyətləri varmı?

-Yox, yoxdur. Çünki mənim sərbəst şeirlərim heca şeirlrəimin içidir. Heca şeiri bütöv şüşədirsə, sərbəst şeir isə onun çiliklənmiş formasıdır. Amma bu çiliklənmiş formaının işində elə fiqurlar var ki, heç bir “usta” bunu nə qədər çalışsa da,  əli ilə kəsə bilməz.

-Siz ədəbiyyatda oğlunuz Kəraməti qınayırsınız, yoxsa yazıçı Kəraməti?

-Mən hər bir halda Kəraməti çox sevirəm, onun taleyi üçün çox narahatam. Onunla qürur duyuram, fəxr edirəm. Onun yazıları da saçı kimidir. Dağınıq, səliqəsiz və pərakəndə. Bilirsiniz, bir uşağı əhliləşdirsək, əlindən oyuncağın alsaq, məcbur qalstuk bağlatsaq, fikirlərini dəyişməyə məcbur etsək, o, daxilən tez qocalar. Mən, sadəcə, Kəramətə Vaqif Yusifli haqda fikrində, Bəxtiyar Vahabzadə haqda fikrində  haqq qazandırmıram. Onu qınayıram. Bəli, deyərdim ki, hətta bu Kəramətin səhvidir.

-Yaradıcılığınızda sizə uğur gətirən şeiriniz hansı şeir olub?

-Ümumiyyətlə, ədəbi nümunə kimi qəbul etmədiyim, poetik gücünə inanmadığım şeir mənə uğur gətirib. Mən şeirimi tanıyıram. Bilirəm ki, harda nəyi düz etməmişəm.Təbii ki, poetik baxımdan yox, tekniki baxımdan deyirəm.

 -Gənclərə arzunuz nədir?

-Gənclərə nə birinci lovğa olmamağı arzulayıram. Nə qədər sadə olsalar, bir o qədər də çox seviləcəklər. Bir kitabı çap olunur, təqdimat edir, təqdimatin beş-on nəfər tanışı gəlir. Sabahısı gün bu sadə adamdan əsər-əlamət belə olmur.

“Ciddiləşir”, lovğalaşır, “böyük-böyük” danışmağa başlayır. Amma bu cür xasiyyətlər həmin gənci və gəncləri yalnız və yalnız gözümüzdən salır.

Əntiqə  Səməndər





Həftənin ən çox oxunanları