Yuxarı

"Bütün şeirlərim o qadına yazılıb"

[caption id="attachment_2872" align="alignleft" width="448"]dilqem ehmed Dilqəm Əhməd: "Bugünkü ədəbiyyat köhnə Bakını xatırladır"[/caption] Ədəbi gənclik nə qədər tənqid olunsa da, ədəbiyyatda istedadlı gənclərin varlığını danmaq, deyərdim ki, günah sayılar. Kiyafət qədər istedadlı, nəsrdə və şeirdə uğurlu ədəbi nümunələri olan gənc yazar Dilqəm Əhmədlə həmsöhbətik.

-Dilqəm Əhməd üçün ədəbiyyatda onun sözünün yeri…

-Əslində, bu sual bir az mənən böyük  səslənir. Bunu  muasir Azərbyacan ədəbiyyatında demək bir az tezdir. Mən onu deyərdim ki, hələ ədəbiyyata gəlməmişəm, gəlmək üzrəyəm. Bu, ən həlledici məqamlardan biridir desək, daha düzgün və dəqiq olar. Bir  neçə şeir yazıb, kitab çap edib, bir neçə əsər yazıb onu kitab halında oxucuya təqdim etmək hələ şair və ya yazıçı olmağa dəlalət etmir. Etiraf edək ki, bizim kitablar  500 nüsxə ilə çap olunsa da, həmin kitabın təqdimatına cəmi heç 100 nəfər adam gəlmir. Kimin ətrafı genişdirsə, beş-on dəfə dəvət etdikdən sonra bir xeyli adam toplayır təqdimatına. Amma gəlin nəzər salaq təqdimatlara, kimin kitab təqdimatına 20-30 nəfər oxucusu gəlib?- Əlbəttə ki, heç kimin. Çünki bizdə kitaba maraq, oxumağa həvəs demək olar ki, yox səviyyəsindədir. Təbii ki, söhbət gənc yazarların kitab təqdimatından gedir. Mənim özüm hələ ədəbiyyatı öyrənirəm, öyrənməyə cəhd edirəm. Mən ədəbi mühitə daxil olmağa çalışıram. Hazırda məndə bu mərhələdir.

-Ədəbi mühitdəki uğurlarınız..

-Mənim bir hekayə, bir şeir kitabım və kiçik bir romanım çap olunub. Amma mən bunları ilkin yaradıcılıq axtarışı kimi qəbul edirəm.  Düşünürəm ki, daha uğurlu yazılarım irəlidədir.

-Ədəbiyyata gəlmək ifadəsi nə dərəcədə ciddi fikirdi?

-Bilirsiniz, bizim ədəbi mühitdə bəzi insanların özlərindən hədsiz razı olmaları bu ifadənin səslənməsinə imkan yaradır. Bir də elə insanlar var ki, tarix ona öz zamanında qiymətini verir. Məsələn, Orxan Pamuk kimi. Amma bəziləri də var ki, dünyasını dəyişdikdən sonra şedevrə çevrilir. Bu ifadəni demək isə ən birinci mənəvi haqq tələb edir. Yəni bir-iki kitab çap etməklə “ədəbiyyatda varam” demək, heç də düzgün mövqe deyil. Amma insanlar adətən lik çap olunduğu mətbu orqanı əsas tutaraq, ədəbiyyata gəlişini bu hadisəyə bağlayır. Bu heç də elə deyil. İlk çap olunma prosesi ədəbiyyata gəlmək deyil.

-Ədəbiyyatda  paxıllıq  xarakterli “mübarizələrin” əsas qaynağı nədir, yaxud da kimlərdi?

-Çox maraqlı sualdı… Bilirsiniz, mən bunun əsasını Rasim Qaracanın yaratdığı  “Azad Yazarlar Ocağı” ilə bağlayıram. Bu çox müsbət bir haldı. İndiyə qədər bu yox idi. Yazıçılar Birliyinə qarşı  bir qurumun olması labüddür. Bu quruma daxil olanlar və ya çıxanlar müəyyən bəyanatlar verirdilər. Hətta  bəziləri bir neçə dəfə daxil olub çıxıblar o qurumdan. Əvvəllər bir cəbhələşmə vardı, indi bu qurumun yaranması ilə iki cəbhələşmə mövcud oldu. Əslində, ədəbiyyatda qruplaşmanın mövcud olmağı çox vacibdi. Ümumiyyətlə, yazarlar ədəbi dərnəklərdə mütləq yığışmalıdır.

-Siz, ədəbiyyatda “kruq” deyilən bir anlamla razısınz?

-Bəli, əlbəttə. Qohumluq da, həmin o “ kruq”da,  çap olunmalarda mühüm rol oynayır. Məsələn,  hər hansı bir portal üçün yazı yazmırsansa, orda sənin tanışın yoxdursa, təbii ki, həmin portal səni çap etməyəcək (gülümsəyir).

-Sizcə belə halların əsas qaynağı nədir və ya kimlərdi?

-Bu hallar, məncə, qeyri-sağlam rəqabətdən, paxıllıqdan qaynaqlana bilər. Öz tanışlarından  başqa heç kəsin tanınmağını istəmir bəzi adamlar.  Bu halların gənclər arasında  olması biabırçılıqdı. Yaşlı nəslin bu cür reaksiyalarına göz yummaq olar. Onları anlamaq elə də çətin deyil. Amma bu mövzuda gənclərə heç cür haqq qazandıra  bilmirəm. Gəlin etiraf edək:- son illərdə ədəbi mühitdə yazılan əsərlər içində hansı bir əsər “ sözünü deyə bildi”?- Əlbəttə, heç biri.

-Gənclərdən kimləri oxuyursunuz?

-Son on beş ildə müasir ədəbiyyatda Qismət və Aqşin Yeniseyi şair kimi qəbul edirəm.

-İrəli getmək üçün planlı şəkildə yazmaq lazımdı? Məsələn, kiminsə qələmini kölgədə qoymalıyam kimi fikirlər…

-Əslində, burda istedadın pula çevrilməsi məsələsi var. Ən böyük problem buradan başlayır. Indi şedevr bildiyimiz şairlər vaxtında kifayət qədər dövlət dəstəyi alıblar. Xalq arasında seviliblər. Bu tamam öz yerində. Amma müasir dövrdə gənclərə istənilən qədər dəstək olunmur. Gənclər başqa yollarla özünü tanıtmaq istəyir. Məsələn, özündən əvvəlkiləri təhqir etmək, hörmətsizlik... və s. - QARA PİAR. Deyək ki, illər uzunu Ramiz Rövşənə qarşı, Anara və başqalarına qarşı mübarizə aparırdılar.

-Sizcə, bu haqlı mübarizə idi?

-Mən deyərdim ki, o dövrdə ədəbiyyata canlanma gətirmək üçün haqlı idilər, bəli. Çünki ədəbiyyat artıq, dediyim kimi, bir qurumun əlində cəm olmuşdu. Hətta bir zamanlar belə bir fikir də formalaşmışdı. Kim Yazıçılar  Birliyinə üzv deyilsə, onun istedadına şübhə ilə yanaşılırdı. Yəni şairliyi və ya yazıçılığı meyyarlarla ölçmək problem ilə də üz-üzə qaldığımız vaxt olub. Məsələn, mütləq “Ulduz”da çap olunmalıyıq, “AZƏRBAYCAN” jurnalında çap olunmalıyıq,  mütləq AYB-yə üvz olmalıyıq və s. kimi meyyarlar…Yazıçı kitabı çap edibsə bunun piyarı olmalıdır.

-Piar necə olunmalıdır?

-Piarı nəşriyyatlar etməlidir. Bizdə isə nəşriyyatlar “yazıçının cibinə girir”. İmkan vermir o, pul qazansın. Bizim əsas problemimiz buradan başlayır. Yazıçı yazmaqla yanaşı, maddi tərəfi də ölçüb-biçir. Məsələn, bir şeir kitabına 10 manat yazılsa, siz deyin, kim onu alar? Əlbəttə, maksimum 10-15 nəfər. Bu həqiqətdir.

-Kitab satışından razısınız?

-Birinci növbədə yazıçı və ya şair öz oxucu kütləsindən xəbərdar olmalıdır. Yəni kitabın tirajını 500 etməklə, yüksək qiymət qoymaqla ilk addımlarda heç nə edə bilməyəcəyini anlamalıdır.

Satışda xoşagəlməz hallar adətən burdan başlayır. Bu prsinplər düzgün olmadığı halda uğurlu nəticə də olmur.

-Ədəbiyyatda nə kimi problemlər var?

-Mətnlərin məzmununda  və formasında problemlər var. Bizim ədəbiyyata baxanda mən “köhnə Bakı”nı xatırlayıram. Demək olar ki, ədəbiyyatda  yeni heç nə yoxdu. Mətn mövzusu ilə çağdaş dönəm ayaqlaşa bilmir.  Hələ elə yazarlar var ki, 20 il Bakıda yaşamağına baxmayaraq, hələ də fikirləri Bakıya gəldiyi kənddədir. Dünya yazıçılarının kitablarının bizə indi gəlib çatması çox ciddi problemdir. Dünyada hansı ədəbi proses gedirsə, bizim ədəbiyyatın onlarla hələ ki, yaxından və ya uzaqdan heç bir əlaqəsi yoxdu. Hələ ki, bizim ədəbiyyatda 60-cı illərdən qalan  ənənə davam edir. Biz hələ Sovet ədəbiyyatı qlafından çıxmamışıq.

-Dilqəm Əhməd qələmini şeirdə uğurlu hesab edir, yoxsa nəsrdə?

-Mən nəsrdə özümü daha uğurlu hesab edirəm. Şeirlər də var. Amma nəsr daha uğurludur mənim qələmimdə.

-Ünvanlı şeir yazmısınız?

-“Muza” demək olar ki, tamamilə ünvanlı kitabdır. "Muza"da yazılmış şeirlər ideallaşdırdığım qadına yazılmış şeirlərdi. O kitabda olan bütün şeirlər o qadına yazılıb, lakin bir-iki şeir istisna olmaqla. Hətta kitabın adı da həmin qadına həsr olunub. Bu baxımdan kitabın adı ilə mahiyyəti havadan deyil, məhz əsaslıdır.

Əntiqə Səməndər





Həftənin ən çox oxunanları