Yuxarı

Dünyanın sirləri ilmələrdə

Dünyanın sirləri ilmələrdə

Xalca-Yun-Xovlu-1700-cu-ilAzərbaycan xalçaçılıq sənəti dünyanın diqqətində

Planetimiz qloballaşma gerçəkliyi ilə üz-üzədir. Belə bir vəziyyətdə mədəni innovasiyalara sinə gərmək asan deyil. Çünki qlobal innovasiyalar milli mədəniyyətləri içində əridir, məhv edir. Nəticədə bu cür universallaşma şüurlara və zehniyyətlərə də təsir edir. Belə bir durumda milli mədəniyyətin qorunub yaşanmasına, gələcəyə ötürülməsinə xidmət edənlərin üzərinə ağır vəzifələr düşür. Biz böyük incəsənətimizin kökündən qoparılmasına mane olmalı, onu şəriklikdən qorumalıyıq.

Milli koloritimizi qloballaşma tranzitində inflyasiyaya uğratmamalıyıq. Mədəni irsimizin, yəni milli kimliyimizin qorunub yaşamasında heç kimdən yardım gözləməməli, bunu özümüz etməliyik. “Avropa standartları” kəlməsi milli mədəniyyətə yaxın buraxılmamalıdır. Milli-mədəni irsin qorunması, mahiyyətinin dünyaya çatdırılması daha çox cəmiyyətin elitar zümrəsinin üzərinə düşür. Xalçalarımızın milli funksiyasını, hər bir elementinin fəlsəfəsini, səmavi mahiyyətini, eyni zamanda irsi daşıyıcımız olduğunu qabartmalıyıq, dünyaya nümayiş etdirməliyik. Yəni naxışlarımızda, ilmələrimizdəki bəzəyi, görüntünü xoşa gəlmək və ya göyçək görünmək çərçivəsindən çıxarıb milli refleksə, genetik kodlarımıza çevirməliyik. Hər bir xalqın tarixində onun mənəvi dünyasını, intellektini, estetik dünyagörüşünü, həyat tərzini ifadə edən mədəniyyət və incəsənət növləri mövcuddur. Mədəniyyət tutarı coğrafi tutarından qat-qat böyük olan Azərbaycan xalqının belə mədəni dəyərlərindən biri toxuculuq və xalça sənətidir.

Tunc dövründən üzü bəri tarixin ayaqlarına döşənmiş xalçalarımız hər bir azərbaycanlının qədəmgahı, evinin yaraşığı, ruzisi, bərəkəti, övladının ən dəyərli cehizi, körpəsinin yürüyü, atının, dəvəsinin çulu, uzaq səfərlərdəki çadırı, ibadət səccadəsi və son mənzilə yolçuluğu olmuşdur. Yəni ən qədim zamanlardan bu coğrafiyada yaşayan Azərbaycan türkləri xalça üzərində doğulub, xalça üzərində böyüyüb, yaşayıb, xalça üzərində də dünyadan köçüblər. Təsadüfi deyil ki, qədim yunan salnaməçiləri toxucuların istifadə etdikləri əsrarəngiz çalarları, boyaları Azərbaycan təbiətnin rənglərinə bənzətmişlər. Qədimlərdə insanların poeziya, musiqi ruhu olduğu kimi, bir də xalça ruhu da varmış. Toxuduqları xalçalar onların ruh halını ifadə edirmiş. Sanki Xalça deyil gözəllik, incəlik, xeyirsevərlik toxuyublar.

Bir neçə ay əvvəl Bolqarıstan qəzetlərinin birində Azərbaycan xalçaları haqqında bir məqalə dərc olunmuşdu. Həmin məqalənin bir cümləsində deyilir: “Azərbaycan xalçalarındaki simvollar həyatın sirrlərinə ipucu verir, düşüncələrdəki duyğuları əks etdirir. Naxışlarda, bəzəklərdə gizlənən simvollar mənsub olduğu xalqın tarixini və ənənələrini əks etdirməklə yanaşı, genetik yaddaşına şahidlik edir. Bənzərsiz sənətlər həm də xalçalar vasitəsilə nəsildən nəsilə ötürülərək bugünə çatdırılmışdır. Şərq xalqlarının xalçaları bir-birinə nə qədər bənzəsə də, Azərbaycan toxucularının əl işləri digərlərindən çox fərqlənib. Çünki Azərbaycan qadınlarının xalça üzərində toxuduqları simvollar, onların hiss və həyacanları, sevgilərini, kədərlərini, istək və arzularını ilmələrində şifrələyib. Ailəyə bağlılıq, sevgi adət-ənənə, dini inanclar, güc, iradə simvolizə edilir”. Azərbaycan xalçalarında da əjdahalar təsvir olunmuşdur. Böyük türk alimi Mahmud Kaşqarlının yazdığına görə, əjdaha obrazına altaylıların və tuvalıların mədəniyyətində, onların şamanizm atributlarında geniş rast gəlinir. 1925-ci ildə yaradılan Vaşinqtonun Tekistil Muzeyinin əsasını kolleksiyaçı Corc Meyers qoymuşdur. Vaxtilə həmin Meyersin topladığı kolleksiyaların içərisində ən qiymətli xalçalardan biri Qarabağ məktəbinə aid “Əjdahalı Xalça”dır. Çox sevindiricidir ki, o xalça bu gün də muzeyin kolleksiyasında “Qarabağ” adı ilə nümayiş olunur. Həmin muzeydə Qarabağ məktəbinə aid “Əjdahalı xalça” ların sayı 150-yə qədərdir.

Dünyada ilk xalça muzeyi 1967-ci ildə böyük xalçaçı rəssam Lətif Kərimov tərəfindən Azərbaycanda yaradılıb. Bu gün Azərbaycan Xalça muzeyinin Fondunda 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Azərbaycan Xalça Muzeyi fəaliyyətini təkcə xalçaları nümayiş etdirməklə bitirmir, neçə illərdir muzeyimizdə qədim texnologiyaların bərpası üzrə proqramlar həyata keçirilir. Bu proqram çərçivəsində muzeyin kolleksiyasında olan qədim xalçaların surəti toxunur. Gənc nəslin cəmiyyətə yararlı və milli dəyərlərinə bağlı olaraq formalaşması, ətraf mühitə qayğının artırılmasında da muzeyin fəaliyyəti təqdirəlayiqdir.

2010-cu ildə Azərbaycan mədəniyyətində baş verən önəmli hadisələrdən biri mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımın atılması oldu. Xalça sənətimizin YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ilə yadda qaldı. Qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Keniyanın paytaxtı Nayrobidə keçirilən V sessiyasında Azərbaycan xalçaçılıq sənətinin bu mötəbər beynəlxalq qurumun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi Azərbaycan xalçalarının toxunulmazlığına, bu sənətin inkişafına, xalçaçılıq məktəblərinin tanınmasına təkan verdi. Bu tarixi  hadisə bir daha sübut etdi ki, Azərbaycan xalçaçılıq məktəbi mövcuddur, dünya tərəfindən tanınır və heç kim bu sənət nümunələrini mənimsəyə, oğurlaya, özününküləşdirə bilməz. Bununla da, hər ilin 16 noyabr tarixi Azərbaycanda Xalça günü kimi qeyd edilməsinə qərar verildi. Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, professor  “Şöhrət” ordenli, Röya xanım Tağıyeva bayram günü bu muzeydən, xalçalarımızın dünya əhəmiyyətindən danışdı: “Mən istəyirəm ki,  istər ölkəmizdəki, istərsə də, dünya muzeylərindəki xalçalarımızın mahiyyəti, dərin fəlsəfəsi və nəzəriyyəsi konseptual şəkildə öyrənilsin və bu mahiyyət ziyarətçilərə anladılsın. Düzdür, ən qədimdən Azərbaycan türkləri olmaqla bütün oğuz boylarının tarixi, taleyi və qədəri xalça ilə bağlı olmuşdur.  Lakin bəşər sivilizasiyası onu da bilməlidir ki, Azərbaycan xalqı xalçanı təkcə ayaq altına salmaq və ya vizual təzahür üçün yaratmayıb. Hər xalçasında kainatın idrakı, hiss və duyğuları var, sevgisi, bədii təəfəkkürü, estetik dəyəri var. Hər xalçanın özünəməxsus dili var, onu danışdırmaq zamanıdır artıq. Məlumdur ki, Azərbaycan qədimdən  həm də ticarət üçün tranzit ölkə olmuşdur. Tranzit ölkə olmasının bir səbəbi də xalçalarla bağlı olub. Dünya İpək Yolunun Azərbaycandan keçməsi buna misaldır. Xalqımızın qədim həyat tərzini, mədəniyyətini öyrənərkən aydın olur ki, xalça insanların məişətində işlətdikləri əşya anlayışından  daha çox dünyanın idrakını, mahiyyətini, fəlsəfəsini öyrədirmiş. Muğamla xalça sənəti arasında arasında ümumi oxşar cəhətlər var”. Bu günlərdə Fransanin məşhur Luvr muzeyinin İslam Departamentinin direktoru xanım Yannik Linzi Azərbaycan Xalça Muzeyinə qonaq gəlib, buradakı sənət əsərləri ilə tanış olub: “Bir neçə gün öncə xanım Linzi qonağımız idi. Gəlişinin məqsədi Luvr muzeyində Azərbaycan xalçalarının sərgisini keçirmək, xalçalarımızın hərtərəfli öyrənilməsi, tətbiq və təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətini xalça sənətimizə  və dünya muzeylərində, şəxsi kolleksiyalarda olan xalçalarımıza yönəltməkdir. Bu arada qeyd edim ki, ən qiymətli, nadir nüsxəli xalçalarımız Luvr muzeyində saxlanılır ki, onların da sayı 50-yə qədərdir. 2008-ci ildə Luvr muzeyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında saziş imzalandı. Fransada ictimaiyyətini Azərbaycan mədəniyyəti ilə tanış etmək məqsədi daşıyan  bu sazişin bir məqsədi də Bakıda xalçalar kolleksiyasının qorunub saxlanması prosesi ilə bağlı peşəkarların məlumat-təcrübə mübadiləsi idi. Azərbaycan Xalça Muzeyinin əsas iş prinsiplərindən biri dünya muzeyləri ilə əməkdaşlıq edib, sərgilər təşkil etmək, birgə tədqiqat işləri aparmaq, Azərbaycan xalçalarını axtarıb-aşkarlamaq və öz tarixi adını qaytarmaqdır. Təsadüfi deyil ki, 2009-cu ildə muzey tərəfindən Kiyev İncəsənət muzeyində başqa ad altında sərgilənən Qazaxın XVIII əsr “Dağkəsəmənli” xalçasına öz tarixi adı qaytarıldı”.

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində keçirilən “Azərbaycan Xalçası Günü” günü adlı tədbirdə “Tarix yazan xalçalar” adlı el sənətkarlarının toxuduğu xalçalardan,  L.Kərimovun  doğum gününə  həsr olunmuş “Bir ömrün sehirli ilmələri”  adlı sərgisi və Lətif  Kərimovun  sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının əsərlərinin “Sənəti yaşadanlar” adlı sərgilərin açılışı oldu.  Xalq sənətkarlarının toxuduğu xalçalardan ibarət “Tarix yazan xalçalar”adlı sərginin əhəmiyyətindən danışan Röya Tağıyeva milli irsimiz olan xalçaların dünya mədəniyyətinin tərkib hissəsi olduğunu bildirdi: “Bu sərgiyə Quba, Gəncə və digər regionların ustalarının xalçaları və  “Azərxalça” müəssisəsində toxunan xalçalar da təqdim edilib. Burada Azərbaycan xalça məktəblərinə xas olan bir sıra kompozisiyalar, rəngkarlıq əsərlərininin xalçaya köçürülmüş surətlərini, portert xalçaları, və digər süjetli xalça kompozsiyalarını görmək olar”.

“Bir ömrün sehirli ilmələri” adlı sərgi isə dünya şöhrətli sənətkar, xalçaçı rəssam dünyada ilk Xalça Muzeyinin yaradıcısı Lətif Kərimovu bir daha dərin hörmət və rəğbət hissi ilə anmaq, onun Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər və töhfələr haqqında geniş tamaşaçı kütləsini məlumatlandırmaqdır. Azərbaycan xalça elminin banisi Lətif Kərimov uzun elmi və pedaqoji fəaliyyəti ərzində onun yolunu davam etdirən  bir çox istedadlı  sənətşünas yetişdrimişdir. Bir çox gənc rəssamlar, xalçaçılar onun qoyduğu irsdən bəhrələnərək yeni-yeni sənət nümunələri yaratmaqdadırlar.Onlardan görkəmli xalçaçı - rəssamlar Məmmədhüseyn Hüseynov, Aydın Rəcəbov, Əlisəfa Nuriyev, Adil Məmmədov, Arif Nuriyev, Eldar Mikayılzadə, Mətanət Aslanova, Humayə Məmmədova çıxış edərək böyük alim haqqında ürək sözlərini bildirdilər.

Bu gün münasibəti ilə muzeyin ekspozisiyasında Lətif  Kərimovun  sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının işləri “Sənəti yaşadanlar”adlı sərgidə tələbələrin diplom işləri - xalçalar, xalça eskizləri nümayiş olunur. Burada həm həndəsi, həm nəbati elementlərin, yeni çalarların istifadə olunduğu bu əl işlərini ərsəyə gətirərkən gənc rəssamlar Lətif Kərimov irsindən bəhrələnmiş, ondan ilham almıışlar. Azərbaycan xalça sənəti nəsillərdən nəsillərə ötürülərək inkişaf edir, dəyişir, yeni motivlərlə zənginləşir. Gənc ustalar da öz işlərində xalça sənətinin özülünü saxlamaqla bu sənətə yeni nəfəs gətirirlər. Təqdim olunmuş nümünələrdə də bu öz əksini tapmışdır. Bunlardan əlavə gənc xalçaçı rəssamların “Azərbaycan: Odlar yurdu”,“Məhəbbət əfasanəsi”, “Azərbaycan Prezidenti İlham Əliyev”, çərçivədə kiçik ölçülü xalçalar və eskizlər, “Xeyir və şər”, “Dəvə karvanı”,“Nar şəhəri”, “Naturimort”, “Bismillah”, “Zülfüqar qılıncı”, “Bayraqdan xəritə”,  “Çərşənbə butaları”, “Atlı qız”və sair.əsərləri sərgilənirdi.Gənclərin əsərlərində nümunələrində ənənəvi xalça kompozisiyalarına yeni nəfəs verilməsinin şahidi oluruq.

Tədbrin“Ustad dərsləri”hissəsində gənc xa

lçaçı-rəssamlarla 1 nömrəli Sağlamlıq imkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzinin tələbələri və toxuculuq sənətinə yiyələnən sağlamlıq imkanları məhdud  uşaqlar arasında görüş keçirildi. Gənc rəssamlar uşaqlara və gənclərə bu sənətin incəliklərini ustad dərsləri ilə çatdırdılar.

Rəsmiyyə Qarayeva





Həftənin ən çox oxunanları