Yuxarı

"Məhəbbətini bazara çıxaran da var"

Senem sebayel

“Yalan danışa bilmirəm,  Allahdan qorxuram, düz də danışa bilmirəm, bəndədən qorxuram, susuram!!!” Belə dediyinə rəğmən susmur... Qələmi həmişə işləyir. Sətirlərində səba yelinin romantizmi cücərər... Təxəllüsü də Sənəm Səbayel kimi tanınır Azərbaycan ədəbiyyatında. Özü isə Sənəm Səfərovadır. Sənəm xanımın yaradıcılıq nümunələri hətta dünya ədəbi mühitindən də "boy verib, boylanıb... " Özünəməxsusluğu isə onu oxucularla bir-birinə bağlayan ən ülvi tellərdən biridir.

-Sənəm Səbayel hazırkı Azərbaycan ədəbiyyatını necə görmək istərdi?

-Mənim fikrimcə, bu gün Azərbaycan ədəbiyyatı tənəzzül dövrünü yaşayır. Belə ki, Sovetlər Birliyi dağılandan sonra mən yazarlarımızdan daha güclü əsərlər gözləyirdim. Təəssüf ki, bu illər ərzində biz nə “Qara Yanvar”la, nə Xocalı faciəmizlə, nə də ümumilikdə Qarabağla bağlı normal bir əsər yazıb dünya çapına çıxmamışıq. Baxmayaraq ki, içi mən qarışıq az-çox yazdıqlarımız olub. Məsələn, mən, “Şahanə” povestimdə, “Vağzalını tərsinə çal”, “Axırıncı göz yaşları” , “Günəş batmasın” adlı hekayələrimdə, bir çox şeirlərimdə Qarabağ faciəsinin kökünün haradan başlamasını açmağa, Qarabağ dərdini ən incə məqamlarına qədər dünyaya çatdırmağa çalışmışam. Həmçinin də başqa yazarlar müəyyən əsərlər yazıblar. Ancaq bu yazılanlar yetərincə deyil. Ümumilikdə, bizim təbliğat çarxımız pis işləyir.Və mənə elə gəlir ki, incəsənətin bütün sahələrində olduğu kimi, ədəbiyyatımızda da maddiyyat mənəviyyatı üstələyir. Ümid edirəm ki, ədəbiyyatımız yaxın zamanlarda öz qızıl dövrünə qədəm qoyacaq.

-Məhəbbət həqiqətən də çox gözəldir?.. Yoxsa indi o gözəllik tarixdən bildiyimiz məhəbbətin sadəcə kölgəsidir?

-Məhəbbət ədəbiyyatın əzəli və əbədi mövzusuzdur. Həmişə aktualdır. Beşiyi və məzarı insanın gözü və könlüdür.Təbii ki, məhəbbət çox gözəldir. Sizin indiki məhəbbəti tarixdən bildiyimiz məhəbbətin kölgəsi olması fikrinizlə də razıyam. Elə bir zamanda yaşayırıq ki, bir çox insani keyfiyyətlər kimi, məhəbbət də əvvəlki gözəlliyində qalmayıb. Bizlər nənə-babalarımızın sevdiyi kimi sevə bilmirik. Onlar sevməyi də bizdən yaxşı bacarıblar. Təəssüf ki, indi sevgi də maddiləşib. Çox zaman məhəbbət maddiyyatla ölçülür. Hətta, məhəbbətini bazara çıxaranlar da olur. Rəhmətlik M.Ə.Sabir bir satirik şeirində yazmışdır - "Ay alan, məmləkəti-rey satıram." İndi də bəziləri deyir: -Ay alan bir ovuc məhəbbət satıram... Kaş belə olmayaydı.

-Sənəm xanım niyə sizi göydə basdırsınlar? Düşünürsüz ki, göydə mələklərə yaxın olarsız? Yerdə ölülərə qiymət verilmir?

-Elə sizin də dediyiniz kimi, hər iki səbəbə görə göydə basdırılmaq istərdim. Həm mələklərə daha yaxın olmaq üçün, həm də yerdə layiqsiz olmamaq üçün. Söz adamlarının çox zaman  yerə sığışmadığı anlar olur. Ya o qədər xəyallarda olurlar ki, qanadlanıb uçmaq istəyirlər yer dar gəlir. Ya da yerdən yer üzündəki iyrəncliklərdən o qədər bezirlər ki, göyə çəkilmək, qeyb olmaq istəyirlər... Yaxşı ki, adam yerə sığışmayanda üz tutmağa göylər var. Əslində, mən bu şeiri oğluma vəsiyyət kimi yazmışdım. Yazmışdım-Məni göydə basdırasız yerdə yer azdı...Və səbəblərini də şeirdə açıqlamışam. Yeni söz, yeni fikir olduğuna görə şeir oxucular tərəfindən sevildi. Yaddaşlara yazıldı. Az qala aforizmə çevrildi.

-Azərbaycan və İraq Türkmən yazarlar birliklərinin üzvüsünüz, bu birliklərin arasındakı oxşar və fərqli cəhətlər nədir?

-Öncə ordan başlayaq ki, bu gün İraq Türkmənləri adlananlar da azərbaycanlı adlanan bizlər də Oğuz köklüyük. Hər ikimiz eyni dildə danışan, eyni inanci paylaşan millətik. Ədəbiyyatımız da demək olar ki, eynidir. Sadəcə, Türkmən ədəbiyyatında hoytarılar (Türkmənlər bayatıya hoytarı deyirlər) daha geniş yer tutur, daha öndədir. Türkmənlar hoytarı yazmayanı şair hesab etməzlər. Hoytarı bilməyəni də Türkmən saymazlar. Bayatılar (hoytarılar) həm İraq Türkmənlərinin, həm də bizim laylamızdır... Onsuz Nizami, Fizuli, Nəsimi kimi şairləri dünyaya bəxş edən millət olmazdı. Fərqli cəhətimiz isə ondadır ki, İraq Türkmənləri Ərəb ədəbiyyatının təsiri altındadır, bizim ədəbiyyatımız isə rus ədəbiyyatının təsiri altındadır. Bu təsirdən qaynaqlanan fərqlərimiz var.

-Edəbi mühitdə hər yazarın , şairin qələm əhlinin adətən bir adı olur, sizin ədəbi mühitdəki adınız “Göylər Qızı”dır. Razısız bu adla yoxsa?..

-Hə, göylər qızı, göy adamı deyirlər mənə. Mən şeirlərimdə çox tez-tez göylərə üz tuturam. Elə, real həyatda da. Tər-təmizdir göylər. Mən istədiyim kimidir. Pənahımdır, sığınacağımdır göylər mənim. Şeirlərimin birində yazmışam:-Yalan danışa bilmirəm, Allahdan qorxuram, düz də danışa bilmirəm, bəndədən qorxuram. Susuram, danışmıram, apar məni göylərə Allahım, Mən yerə sığışmıram... Razı olub-olmamağıma gəldikdə isə, göylər qızı olmaq çox xoşuma gəlir. Bir də bu ilin 23-26 Oktyabr tarixində Türkiyədə Birinci Uluslararası Çukurovada Türk Dünyası Şeir və Musiqi festivalı keçirilirdi. Mən də dəvət almışdım. Festivalda on iki dövlətdən 250 iştirakçı var idi. Ordakı çıxışımada mənə ” Turan Mələyi”  dedilər. Mənə deyilən hər iki ad məni daha məsuliyyətli və xoşbəxt edir və bu adları qorumağa çalışıram.

-Bildiyimiz kimi, insanlar informasiyanı hətta, kitabları da internet vasitəsi ilə alır. Bu, Azərbaycanda kitab satışına çox mane olmur ki?

-İndi demək olar ki, internet əsirində yaşayırıq internet qaçılmazdır. Bəli, gözümüzün nuru ilə yazdığımız kitablar alınmır. Ancaq bunu tam mənası ilə internetin ya da informasiyanın bolluğunun üstünə atmaq olmaz. Sovetlər birliyi dağılandan sonra bir çox sahələrdə olduğu kimi kitab çapında da hərc-mərclik yarandı. Əvvəllər deyirdilər, kitabı gətir, pulunu apar, indi deyirlər, pulunu gətir kitabını (içində nə yazırsan yaz, fərq eləməz) apar.Tələbkar oxucu istədiyi kitabı tapa bilmir. Ya da internetdə pulsuz oxuduğu kitaba pul vermək istəmir. Axır ki, kitabların satılmamağı acı həqiqətdir.

-Sizin şeirlərinizi öz musiqi albomunda görmək istəyən müğənnilər var?

-Mənim şeirlərimi daha çox saz havalarına yatımlıdır. Aşıqlar daha çox oxuyurlar. Disklərə yazdırılır. Bəstələnənlər də var, oxuyan müğənnilər də... Ancaq tanınmış müğənnilərdən hələ ki, mənim sözlərimə bəstələnən musiqini albomuna salmaq istəyən yoxdur.

-Ədəbi tənqidi necə qəbul edirsiniz, sizcə, bu normal haldır?

-Ədəbi tənqid elə ədəbiyyat adamı üçündür. Qərəzsiz tənqid yaradıcı insanı cilalayır. Necə ki, almazı cilalayıb özəyindən biriliyant hazırlayırlar, ədəbi tənqid də elədir. Ədəbiyyatı cilalayır. Mən qərərzsiz tənqidi normal hesab edirəm və lazımdır.

-Sənəm xanım, oxucularınızı yeni kitabınızla nə vaxt sevindirəcəksiz?

-Hazırda “ Dodaqda donan gülüş “ adlı kitabımı tamamlamaq üzrəyəm. Nə zaman çap elətdirəcəyimi dəqiq deyə bilmərəm. Çünki əvvəldə dediyim kimi, indi pulu aparıb kitabı götürmək lazımdır. Mən isə geniş imkanı olan insan deyləm. Qismət Allahdan. Sözü göndərən odur, özü bir yol açar yəqin.

Sona Cavadqızı





Həftənin ən çox oxunanları