Yuxarı

Bu dəfə də bağışlayın

Bu dəfə də bağışlayın

Esed Cahangirİndiki ədəbi mühit mənə tərs fırlanan köhnə dəyirman çarxlarını xatırladır. Bu yerdə yadıma  “Bizim Cəbiş müəllim” filmindən bir epizod düşür: - “pencəyimz yoxdu, amma balığımız var, çörəyimiz var, yağımız var”.

Hə bax belə… Indi bizim bu əhli-ədəbiyyat da onu deyir ki, qələmimiz və şərəfimiz olmasa da, amma “yaxşı çörəyimiz” var. Əvvəllər pul alıb ona-buna tərifnamə yazanları qınayırdım. Vallahi-billahi indi qətiyyən qınamıram. Sual yaransa ki, niyə?

O zaman niyəsini sizə izah edərəm, ey mənim “haqsevər” millətim.

Məqsədi olmadan, daha doğrusu, ömrünü pula bağlayan insanların mənliyinə birmənalı şəkildə şübhəm var. Bu başqa məsələ. Pul alıb yazı (TƏRİFNAMƏ) yazmağı, öldürücü və alçaldığı həyat yaşamaqdan üstün tuturam.

Son zamanlar baş verən hadisələrə münasibət bildirmək üçün dedim ki, bir-iki kəlmə də mən zavallı əlimə qələm alım.

Məsələn, Salam Sarvanın istefa adlı “qəhrəmanlığını” hardasa alqışlamaq olar. Ay millət, burda nə var ki? Kişi heç bir ədəbi qurumun üvzü olmaq istəmir. Özünü əsir kimi hiss edir( halbuki zəifliyinə əsirdi). Başqa bir “hadisə” - Vaqif Bəhmənlinin məlum şeiri ilə bağlı oldu. Özünün sözünə qüvvət: - “boş-boş sözlərə fikir vermək lazım deyil və kiçik bir hadisəni belə böyütmək olmaz”. Halbuki kifayət qədər fikir verilməli məsələ idi...

Bütün bunlar azmış kimi, eşitdiyim xəbər doğrudan da mənə təəccüb yaşatdı desəm, yanılmaram. Əsəd Cahangiri yenidən Bakı Salvyan Universitetində görmək məni nə qədər dəhşətə gətirdisə, o qədər də susdurdu. Amma yox, deyəsən, susa bilmədim. Özünün dediyinə görə, birmənalı olaraq maddi cəhətdən BSU-ya üz tutub. Axı atalar doğru deyib:-“dalaşanda elə dalaş ki, barışmağa üzün olsun”. Yəqin “üz yeri “ var imiş. Sadəcə mənə bir məqam maraqlı gəldi:

- Görəsən, nə əcəb əhli-ədəbiyyat bu “möhtəşəm” hadisəni təntənəli şəkildə qeyd etmir?! Axı onların buna kiyafət qədər imkanları və məkanları var. Yəqin Əsəd müəllim “qayıdış şərəfini” səssiz qeyd etməyi ən böyük təntənə hesab edib.

Yazılarının birində  Kamal Abdulla demişdi ki, görəsən, mən Əsədi niyə itirdim?  Mən isə onun sualına belə cavab verərdim:

- Hörmətli Kamal müəllim, siz Əsədinizi heç vaxt itirmədiniz. O, həmişə Sizinlə olub. Bu dəfə də keçin günahından. Əsgərin səhvini bağışlamaq komandirin böyüklüyüdür.

Əslində, qiptə etdiyim insanlardan biri də Rüstəm Kamaldır. Onun hərəkəti mənə “Alma almaya bənzər” filmində  “KaMaz” sürücüsünün misalını xatırladır (təxmini belə xatırlayıram): - “cibim təmiz, özüm təmiz. Mən getdim. Salamat qalın”. O da həmin  ədəbi dərnəkdən əli təmiz-adı təmiz ayrıldı.

Əsəd müəllim yaradıcılıq fakültəsinə qayıdış etdiyi kimi, mən də mətləbə qayıdış etsəm, heç də pis olmazdı. Deyə bilərəm ki, onun təxəllüsü tək ata adı ilə yox, həm həyata baxış və istəkləri ilə bağlıdır CAHANGİR (dünyagir).

Bir gənc qələm sahibi kimi məndə belə fikir formalaşdı: - hər kəsi tənqid edən tənqidçini tənqid etmək nə qədər çətin idisə, indi artıq birmənalı şəkildə bəsitləşdi. Daha doğrusu, özü bəsitləşdirdi. Mən təəssüf edirəm ki, ədəbi tənqidin böyük sirləri kiçik iradəli insanin beynində cəm olub.

Yekunda bunu deyərdim ki, Əsəd Cahangirin atdığı addım üçün yox, məhz müasir ədəbi tənqidin bu halına fəryadla ağlamaq gərək!

Əntiqə Səməndər





Həftənin ən çox oxunanları