Yuxarı

Bizim evin sakini - Tanyanın məhəbbəti

Bizim evin sakini - Tanyanın məhəbbəti

sehirli evAdi günlərdən biri idi. Hər zaman olduğu kimi, bu gün də yüksək əhval-ruhiyyədə idim. İşdən evə erkən gəlmişdim. Bir az yazı-pozu işimi yekunlaşdırınca artıq hava qaralmış,  çox uzaqdan aram-aram keçən maşınların səsi eşidilirdi. Hava da xoş deyildi. Sanki ulduzlar göy üzündən küskün olduğu üçün yoxa çıxmışdı. Ay da görünmürdü. Gecə düşürdü yavaş-yavaş. Zəngli saatı quraşdırıb, sabah üçün lazımi əşyalarımı çantama yığdım. Daha sonra geyinəcəyim paltarları səliqə ilə çarpayının yanındakı kətilin üstünə sərdim. Saat 23:01-i göstərirdi. İşıqları söndürüb yatağıma uzandım.

Sanki bir qeyri-adilik var idi bu gün otaqda. Qəribə xışıltı səsləri gəlir, qapı-pəncərə bağlı olsa da, içəridə meh əsirdi. Tənbəllik eləmədim, durub işığı yandırdım. Hər tərəfi gözdən keçirdim, gözlərimi qırpmadan ətrafımı dinşədim. Heç bir səs eşitməsəm də, heç nə görməsəm də, sifətimdə isti və xəfif hava axını hiss etdim.

İşığı söndürüb yenidən yerimə uzandım. Artıq otaqda isti külək daha da sürətlə hərəkət edir, var gücü ilə qapını sıxıb kilitləməyə çalışır, özünü divarlara çırpırdı. Bayırda isə hava tutqun olsa da, heç də küləkli olmadığı üçün vahimə məni bürüdü. Sakitcə dayanıb fikrimi bu qəribəlikdən yayındırmağa çalışsam da, alınmırdı. Ürəyimin möhkəm və həyəcanlı döyüntü səsləri sanki bütün otaqda eşidilirdi. Otaqda dolaşan meh qəfil gözlərimə çökdü. Ayağa qalxmağa çalışdım. Lakin bacarmadım... Qulağımda körpə uşaq qığıltısına bənzər səslər əks səda verir, qığıltıların fonunda bir qız qışqırırdı. Gah da yaxınlaşıb-uzaqlaşan ayaq səsləri məni rahat buraxmırdı. Artıq əmin idim ki, otaqda tək deyiləm. Kimsə yanımda durmadan pıçıldayır, dərdli-dərdli başımın üzərində dolanır, arada isə onu diqqətlə dinləməyim üçün mənə toxunurdu. Ürəyim artıq döyünmə tempini itirmişdi. Gah tez-tez, gah da aramla döyünür, düşdüyü vəziyyətdən çaş-baş qalmışdı. Baxmayaraq ki, bu hadisə bir neçə dəqiqə idi baş verirdi, birtəhər ayağa qalxıb işığı yandıranda gözlərimə inanmadım-saat 03:57-ni göstərirdi. Az öncə kətilin üstünə səliqə ilə sərdiyim paltarlar dağınıq vəziyyətdə idi. Kimsə paltarlarımın üzərində oturmuş, paltarlarım yastılaşmışdı. Xeyli gözlədim, sonra işığı söndürüb bir az daha gözlədim. Saat 04:35 idi. Göz qapaqlarım yumulur, oturulu vəziyyətdə yuxulayırdım. Nəhayət, yerimə uzanıb yata bildim... Həmin gündən hər gecə yatmazdan öncə xüsusi nişanələr qoyur, yenə nəyinsə yerini dəyişəcəyini, yenə onun gələcəyini gözləyirdim. Amma heç bir səs yox idi. Bu susqunluq bir neçə gün çəkdi. Baş verən olay yaddaşımda özü kimi qəribə izlər buraxmışdı. O qeyri-müəyyən varlığın məni görmək üçün yenə gələcəyini gözləyirdim. Aradan xeyli keçmişdi. Həmişəki kimi, sabaha hazırlığımı görüb yatağa uzandım. O yenə gəldi. Bu dəfə də öz mehi ilə əsdi-coşdu və həyəcan keçirmədiyimi, bu gəlişini adi qarşıladığımı görüb kor-peşiman getdi. Gedişi ilə gözümü yolda qoydu. Hər dəfə onun gəlişini sınamaq üçün nələrisə planlaşdırıranda o gəlmirdi. Ona çox öyrəşmişdim. Hər gün gəlirdi artıq. Beləcə, bəzi gecələr gəlir hər dəfə də xəyalımda rüzgar qoparırdı. Artıq dostlaşmışdıq. Onu tanımaq üçün yollar axtarırdım.

Bir gün ağlıma nə gəldisə, binanın keçmişini araşdırdım. Sən demə, uzun illər öncə, bina və binaətrafı ərazilər istirahət düşərgəsi (kurort) imiş. Dənizə yaxın olması isə nəinki yerli insanları, həmçinin də digər postsovet respublikalardan da adamları bu düşərgəyə cəlb edirmiş. Əsas hadisə isə məhz bu evdə, hətta bu otaqda baş veribmiş.

Belə ki, 1987-ci ildə yenicə ailə qurmuş gənc cütlük istirahət üçün bu düşərgəyə gəlir. Bir neçə gün qalıb dincəldikdən sonra Sergey adında gənc oğlan dənizə üzməyə yollanır. Evdə yemək hazırlayan Tanya (Tatyana) isə dənizə getmək istəmədiyini bildirir və Sergeyi yola saldıqdan sonra yenidən mətbəxə keçir.  Bir neçə saat sonra isə Sergeyin gəlmədiyini görüb eyvana çıxır. Dəniz kənarında çoxlu adam var idi. Ürəyi fəlakət duyurmuş kimi çırpınır. Tənginəfəs dənizə tərəf qaçır. İzdihamı yarıb irəli keçir. Yerdə bir nəfər uzanmışdı. Kimisi onun sinəsindən basıb mədəsinə dolmuş suyu çıxarmaq üçün cəhd edir, kimisi isə sünə nəfəs verirdi. Tanya daha da irəli gəlib yerdə uzanan Sergey olduğunu görür. Qarşısındakı mənzərədən rəngi ağaran Tanyanın dizləri bükülür. Taqətsiz şəkildə Sergeyi silkələyib ona can verməyə səy göstərsə də, artıq çox gec olduğunu anlayır. Bərk-bərk ona sarılıb körpə uşaq tək hönkürüb çığırmağa başlayır: "Bəs deyirdin məni heç vaxt tək qoymayacaqsan, bəs deyirdin məni heç vaxt tərk etməyəcəksən", - deyə nalə çəkir. Ətrafdakıların köməyi ilə onu yaşadığı (hal-hazırda mənim yaşadığım) mənzilə gətirirlər. Ağlayıb-qışqırmaqdan gözləri qızaran Tanya sanki dəliyə dönür. Mənzildəkiləri qovub bayıra çıxarır. Qapını içəridən kilidləir. Sergey ilə baş-başa qalıb ona deyəcəkləri varmış kimi meyitə sarılır. Bir neçə dəqiqə keçdikdən sonra otaqdan hıçqırıq, ah-nalə səsləri kəsilir. Hər yan sükuta qərq olur. Mənzilin qapısı önündə dayananlar nə qədər dinşəsələr də, içəridən səs-səmir gəlmir. Təcili yardım maşını da artıq qapının qarşısında dayanıb, Tanyanın qapını açmasını gözləyir.

...Qonşuların köməyi ilə qapını qırıb içəri daxil olanlar dəhşətli mənzərə ilə üzləşir. Otaq qana boyanmışdı. Ortada Sergeyin cansız bədəni, şəritin ipi ilə özünü tavandan asmış, qollarından qan süzülən Tanya və yerdə qan gölündə üzən qanlı bıçaq... Hər iki meyiti ekspertizaya aparanda məlum olur ki, Tanya intihar edəndə hamilə imiş. Amma ərinin ölümündən çox sarsıldığı üçün heç nəyi düşünmədən özünə qıyır. Beləcə sevgililər ana bətnindəki bir neçə aylıq körpəni də özlər ilə göylərə aparır...

...Onların bu sevgisi uzun illər dillər əzbəri oldu. Xeyli müddət isə o evdə heç kim yaşamır, yaşaya bilmir. Hadisədən xəbərsiz olub burada yaşayanları isə gah qara basır, axşamlar qəribə hadisələr olur.

Artıq onlar evimizin sakininə çevirilib. Bəzən Sergeyin ayaq səsləri, bəzən Tanyanın asılmış qolundan damcılayan qanın səsi, bəzən isə uşaq qığıltısına bənzər boğunuq hənirti eşidilir... Və gözlərimdə canlanan mənzərə-Sergeyin suda boğulması, xilas olmaq üçün çabalaması, Tanyanın fırtınaya bənzər sevgi küləyi bütün varlığımı titrədir...

Rövşən Əsədov





Həftənin ən çox oxunanları