Yuxarı

"Bəşəriyyətin sirləri bir nöqtəyə bağlıdır..."

[caption id="attachment_3255" align="alignleft" width="256"]sefer seferli Səfər Səfərli: "Yerdə sürünən şairin sözü ucala bilməz "[/caption]

Sözlər bəzənmiş halda gözəldir və sözlərə lazımi gözəlliyi bəxş edən insanlar isə şair adlanır. Bugünkü müsahibimiz öz şeirlərində daha çox məhəbbət janrına üstünlük verən həm gənclərin, həm də yaşlı nəslin sevimlisi Səfər Səfərlidir.” Sevgidən danışaq, ancaq sevincə qarışaq“ - deyən S.Səfərli sevgini hər zaman insanın sevincinin başlanğıcı hesab edir.

“Yerdə sürünən şairin sözü ucala bilməz!”

-Fələyin karvanı gələndə ancaq ona uyanları qatır qarşısına aparır, yoxsa elə hamını?

-Biz bu dünyaya fələyin karvanından gəlib elə onun karvanında da gedirik. Ona görə hər kəs bu karvana tabedir.

-Niyə atəşi olan cənnətdir, deyirsiniz, axı cənnətdə atəş olmur... Eşq “Su ilə Atəşi“ birləşdirir?

-Cənnətə gedən yoldur atəş, müqəddəs atəş, nurun atəşi... Bu atəşdə xəbislik, kin, kudurət, şəhvət, cəhalət yanır. Ruhumuz nurlanır, nura bələnmiş ruhların məkanı cənnətdir.

-Eşqə qul olanlar Tanrıya asilik etmir ki?

-Eşq həyatın cövhəridir. Həyatı insana verən də Allahdır. İlahi eşqə tapınmaq əbədiyyətə, Tanrıya tapınmaqdır. Eşqə qul olmaq ruhun zirvəyə ucalmasıdır. Bu nəinki şairin yaradıcılığında, hər bir insanın taleyində təsirsiz ötüşmür.

-Şeirlərinizdə qeyd edirsiz ki, nə qədər yazsanız da, ürəyinizdə sözləriniz qalır. Hansı sözlərdir yazmaq istəyib yazmadıqlarınız?

-Yazmadığım o sözlər hiss, duyğu şəklindədir. Sözün içindəki sözə çevrilməyib,  ona görə də, ifadə edə bilmirəm, qəlbimin dərinliyindədir. Zamanı gəlincə üzə çıxır, dəqiq zamanı isə bilinmir.

-Daha çox məhəbbətdən yazırsız, sevgi nədir...? Eşq nədir..? Şair bu sualları özünə verir ünvanlayır?

-İlk növbədə, özümə ünvanlayıram cavab axtarıram bu dünyanın bəzən cavabsız, amma sadə görünən suallarına. İnsan özünü, öz dünyasını dərk etməyincə, ətrafını anlamaq qüdrətinə sahib çıxa bilməz. Bəşəriyyətin əksər sirləri, bəlkə də cümləsi bir nöqtəyə bağlıdır. O, nöqtənin sirlərinin  açarına yaxınlaşdığı qədər də insan ucalır. Bu sualın cavabı ilk baxışdan sadə görünsə də, mürəkkəbdir və açığı onun tam izahını verməkdə çətinlik çəkirəm. Çünki sevgi məntiqlə gerçəkliklə uzlaşa bilirsə, eşqi ilahi qüdrətindən hali olmadan izah eləmək mümkünsüzdür.

-Dağ-dağa rast gəlməz... Şairin sevgi qəhrəmanları dağları qarşılaşdıra bilər?

-Sevənlər dağ-dərə bilmir,  onlar ucalıqda səmalardadır.

-Şair olmaq üçün mütləq dünyaya şair kimi gəlmək lazımdır?

-Dünyaya şair kimi gəlmirlər, dünyanın dərdi gəlir şairə,  ömrünə, yazılan tale qismətinə.

-Şerilərinizi daha çox hansı nəslin nümayəndələri oxuyur və fikirləri necə olur?

-Oxucularım arasında gənc, yaşlı nəslin nümayəndələrinə  demək olar ki, eyni nisbətdə rast gəlirəm. Heca vəznində olan şeirləri gənc nəsil daha çox oxuyursa, qəzəl janrının oxucuları arasında yaşlı nəsil üstünlük təşkil edir. Əsasən fikirləri müsbətdir, tənqidi fikirlərə də bəzən rast gəlirəm,  çox az hallarda olur. İradların əksəriyyəti durğu işarələrini unutmağımla bağlıdır.

-Gənc şairlərimizə hansı tövsiyələri verərdiniz?

-Gənc şairlərimizə əsas tövsiyəm odur ki, şair olmaq, sənətkar olmaq asandır. Mənən yüksəkliklərə ucalmağa çalışsınlar.

Şairin məkanı göylərdir. Yerlərdə sürünən şairin sözü ucala bilməz.

Sona Cavadqızı





Həftənin ən çox oxunanları