Yuxarı

“Ortaq türkcə ilə bağlı bir sıra bəlli işlər görülüb”

“Ortaq türkcə ilə bağlı bir sıra bəlli işlər görülüb”

[caption id="attachment_379" align="alignleft" width="277"]Əkbər Qoşalı Əkbər Qoşalı: “Ancaq görüləsi önəmli işlər, gediləsi uzun yollar qabaqdadır”[/caption] Ortaq türk dili ilə bağlı türk dövlətləri səviyyəsində, həmçinin ictimai münasibətlər zəminində müəyyən qədər iş aparılıb və proses bu gün də davam edir. Amma hələ ki ortada real nəticə yoxdur. Məsələnin nə yerdə olduğu ilə bağlı prosesi daim gündəmdə saxlayan və daim təkliflərlə çıxış edən Milli QHT Forumu İdarə Heyətinin üzvü, araşdırmaçı-yazar Əkbər Qoşalı ilə söhbətləşdik. - Əkbər bəy, ortaq türkcə mövzusunu daim gündəmdə saxlamısınız. Hazırda bu sahədə proses nə yerdədir, bu yöndə görülən işləri necə dəyərləndirirsiniz? - Ortaq türkcə ilə bağlı istəklər xalq ruhundan gələn bir olaydır. – O, belə deyək, enerji kimidir – şəklini dəyişə bilər, ancaq itməz, enində-sonunda illa da, təcalla tapar, biçimlənər, şəkillənər. Bilirsiniz, bu mövzu, özəlliklə, Sovetlərin dağılmasından sonra güncəlləşdi (yaxud yenidən güncəlləşdi) – deməli, hələ 90-cı illərdə xalq öz ruhunda daşıdıqlarının artıq dövlət səviyyəsində dəstək görməsini istəyirdi... cavab bulmasını istəyirdi... SSRİ-dən ortaq türkcə gözləmək anlamsız bir iş olardı, yalnız Türkiyənin bu işi bacarması da mümkünsüz idi – deməli, müstəqil türk dövlətləri, imkan daxilində digər muxtar türk dövlət və topluluqlar da, əlini daşın altına qoymalıydı. Nə qdibdir, ortaq əlifbamız, ortaq dilimiz zamanında məhz daşlara yazılıb... daş-abidələrlə qotunub, yeni çağa “günaydın!” deyib..! Əlbəttə, ötən illər ərzində, bir sıra təxirəsalınmaz  işlərlə yanaşı, bu yöndə də, bəlli işlər görülüb, ancaq görüləsi önəmli işlər, gediləsi uzun yollar qabaqdadır. Mən Türk Dünyasının birliyi yolunda atılan hər addımı, ortaq türkcəyə, ortaq əlifbaya xidmət edən, dediyimiz o yolun daha olumlu şəkildə gedilməsi üçün, bəlkə o gedişi asanlaşdırmaqçün addımlar sayıram. Türk Dövlət Başçılarının Zirvə Görüşlərinin keçirilməsi, Türk Dövlət Başçılarının Məsləhət Şurasının Daimi Katibliyinin yaranması, TürkPAnın çalışmaları, Türkiyə, Azərbaycan, QırğızıstanMonqo­lustanın ortaq təsisatı olan TAQM-ın (Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı) yaradılması, Türk Mədəniyyətinin İnkişafına Dəstək Fondunun qurulması, Azər­baycanda Atatürk Mərkəzinin fəaliyyətə başlaması, Türkistanda, Əhməd Yasəvi adına Qazax-Türk Univer­sitetinin, Bişkəkdə Manas Universitetinin qurulması, türk ölkələri arasında öyrənci mübadiləsi, TRT-AVAZın efir həyatına başlaması, Uluslararası Türk TV-nin yaradılması haqqında protokol imzalanması, ayrıca götürsək, çoxtərəfli (hərtərəfli) Azərbaycan-Türkiyə işbirliyinin (Qazax­ıstan-Qırğızıstan işbirliyini də  demək olar) bir model, örnək olması, çoxsaylı sənət yarışmaları­nın düzənlənməsi, Türkiyədə Yurtdışı türklər və əqraba topluluqları Başqanlığı dövlət qu­rumunun yaradılması, Qazaxıstanda Türk Akademiyasının qurulmasını, habelə Dünya Gənc Türk Yazarlar Birliyi kimi qurum və quruşların Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından, Azərbaycan Gənclər Fondundan dəstək görməsi, Türk Dünyası Gənclik Günləri və Qurultayları, Türk Dövlət və Topluluqları Dostluq Qardaşlıq və İşbirliyi Qu­rultayları və s. ... özlüyündə, de­diklərimizi təsdiq edir. Bu qurum və quruluşlarda, ayrı-ayrı toplantılarda istər-istəməz ortaq dil, ortaq əlifba məsələsi gündəmə gəlir, özünə diqqət tələb edir. Əlbəttə, akademik çalışmalar, akademik nəşrlər, bunun yanısıra həvəskar işlər də olmamış deyil – peşəkar, həvəskar olmasından asılı olmayaraq, kitab, dərgi, portal, TV, radio düzeyində fikir dartışmalarının aparılması müsbət haldır. Yanlışımız da ortaq türkcə arayışına xidmət edir, bir anlama, doğrumuz da. Bir sonrakı araşdırmaçı yanlış olan yola getməməklə, doğru yolda daha güvənli addımlaya bilir və s. Əlbəttə, ayrı-ayrı müsahibələrdə ifadə olunmuş fikirləri, sadalanmış faktları, deyə ki, adları, rəqəmləri bugün burada təkrarlamaq istəmirəm. Daşkənddə, Astanada, Türkistanda, Bişkəkdə, Ankarada, İstanbulda, Aşqabatda, Urumçidə, Kazanda, Bakıda, Gəncədə, Təbrizdə... bir kafedrada, bir “beyin mərkəzində” də deyil, öz evində, öz hücrəsində təmənnasız, maddi dəstək tələb etmədən də, ortaq dəyərlərimizi dəyərləndirən fədakar aydınlarımız olmamış deyil... Bəlkə də, tanınmış dilçi akademiklərimizdən gözlədiyimiz bir işi heç bir titulu olmayan bir könüllü ortalığa çıxaracaq... Bütün bu dediklərimiz, elə bilirəm, mənzərəni bir qədər aydınlaşdıra bilir. Görürük ki, ortaq türkcə, ortaq əlifba bugün hansısa kitabda, hansısa dəftərdə, “fayl”da mövcud olmaqla, gündəlik həyatımızda iştirak eləmsə də, biz onun bir gün həqiqət olacağına inamsız deyilik... “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə!” deyə bir bilgin sözü var – bizim AMEAnın uyğunprofilli institutları tərəfindən bu gənəl ad altında, bilimsəl araşdırmalar aparılır, “Türküstan qəzeti”, “Hədəf” Nəşrlər Evi”, AzTVnin “Turan” proqramı və b. neçə-neçə ictimai, elmi, yaradıcı qurumlarımız türk birliyinə dövlətimizin dəstəyini özünəməxsus şəkildə tirajlayır. Bu işlər cavabsız, sonucsuz qala bilməz... - Aydındır. Bu layihənin gerçəkləşməsini mümkünsüz sayanlar da var... - “Mümkünsüz” deyə bir şey yoxdur. Haqlı olan, haqq işinə xidmət edən hər cür çalışma, enində-sonunda mümkünlük vadisinə çıxır, imkanlar dənizinə qərq olur. Haqq olan, xeyir olan işdən danışarkən “mümkün”ün ardına “süz” şəkilçisi artıran zehniyyət qüsurludur, məncə. Necə yəni mümkünsüzdür.!? Keçmişdə nə qədər mümkünsüz deyilən zamanla mümkün olub..! Bəşəriyyətin inkişaf tarixinə baxınca görürsən ki, insan qanadlı düşünününcə, ruhlu, yaradıcı, eşqli olunca su üzündə gəmilər, göy üzündə uçaqlar dolaşır, quruda arabalar uzun yolları yaxın edir, telefonda, bilgisayarda çox uzaqlardakının səsini eşidirsən, üzünü görürsən və s. – öncə xəyalını qurursan, sonra onu bəsləyib-böyüdürsən, “ətə-qana” doldurursan, daha sonra da, Tanrının adı ilə işə başlayırsan və sən özün, yaxud (yaddaşı sənin qurduğun xəyallarla “suxurlaşmış” bir başqası –) yeni nəslin nümayəndəsi ortaya çıxır və (xəyallar gerçək) OLUR! O zaman, belə mürəkkəb maşın-mexanizm tələb etməyən, keçmişdə mövcud olmuş, bugün o mövcudluğu yenidən təmənna edilən “ortaq türkcə” sabah niyə də mümkünsüz olsun?!. Rəhmətlik Şaiq Vəli demiş, OLACAQLAR OLACAQLAR! - Sizcə, ortaq türkcə türk dövlətləri arasında əlaqələrin inkişafına hansı töhfələri verə bilər? - “Hansı töhvələri verə bilər?” deyə sual edirsiz... mən də sizə sual edirəm, “Hansı töhfələri verə bilməz (ki)!?” – Dil bir ulusun varlığını dərindən dərinə təsdiq edən başlıca amildir. Ortaq dil Türk Dünyasının sərvəti, türk xalqlarının varlığının, ortaq keçmişinin, ortaq gələcəyinin yüksək təsdiqi olacaq. Dilədiyimiz böyük türk birliyinin qurulmasında vacib olan amillərdən biri ortaq dildir. – Bir yandan ortaq dil, ortaq əlifba türk birliyinə xidmət edirsə, eləcə də, türk birliyinin digər komponentlər üzrə qurulması da, ortaq dil, ortaq əlifba işinə töhfələr verir. – Necə ki, yuxarda bu barədə fikirlərimizi bölüşdük. Bu anlamda, ortaq dil, çətin tarixi(-siyasi) dövrlərdə türk xalqlarının varlığını sürdürməsi üçün əsas vasitə kimi çıxış edir (yaxud edəcək). Türk xalqlarının keçdiyi böyük – zamanla ağrılı-acılı, zamanla uğurlu tarixi yol... türk insanının kültürəl səviyyəsi, bugün ayrı ayrı türkcələrdə, sabah isə ortaq türkcədə öz əksini tapacaq. Ortaq türkcə hansısa kiçiksaylı türk xalqının öz türkcəsini itirməsi anlamına gəlməməlidir. Örnəyi, çoxmillətli respublikamızda hətta yalnız bir kəndin danışdığı etnik dillər sıradan çıxıbmı? Xeyr! Türk Dünyası, türk xalqları durduqca, öz ulusal sərvətinin qayğısına qalacaq və azsaylı istyifadəçisi olan dillər də, genişüfüqlü ortaq türkcə də gələcək nəsillərə ötürələcək. Türk xalqlarının dövlət dili səviyyəsində hüquq qazanmış türkcələrinin bugünkü qalxınma sə­viyyəsi türk xalqlarının dünyanın ən qədim xalqlarından biri, deyərdim, birincisi olduğunu təs­diqləyir. Bununla belə, Azərbaycan dili də daxil olmaqla, türk xalqlarının az qala hər birinin türkcəsinin yaxın keçmişdə (özəlliklə, son 100-200 il boyunca) ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz və buna görə də, ortaq türkcə arayışları, tətbiq olunacaq düstur və standartlar həssaslıqla seçilməli, özünəməxsus olmalıdır. Bəlkə də, bir sıra düsturlar məhz bu iş üçün tapılacaq, bəzi standartlar ilk dəfə ortaq türkcəyə tətbiq olunacaq – bu isə ilk sırada, dilçi akademik­lə­ri­mizin, yaradılacaq ortaq çalışma qruplarının üzərinə böyük sorumluluqlar qoyur... - Bəllidir ki, ortaq türk televiziyası və beyin mərkəzlərinin yaradılması ideyaları da gün­dəmdədir. Ortaq türk dili bu ideyaların reallaşmasında baza rolunu oynaya bilərmi? - Bunlar, dediyimiz kimi, qarşılıqlı olaraq, bir-birinə təsir edən, belə deyək, bir-birini doğuran işlərdir. Örnəyi, ortaq televiziya qurulunca, o ortaq dildən, ortaq əlifbadan söz açmayıb da, nədən danışacaq? Ortaq dəyərlərimizi nümayiş etdirməyib, nəyi göstərəcək? Yaxud ortaq dil, ortaq əlifba məhz ortaq hərəkət edən beyin mərkəzləri hesabına mümkün qılnmırmı? Ortaq türkcə sabah-birisigün bir fakta, bir akta çevrildikdən sonra, o ayrılmaya, diferensiasiyaya xidmət edəsi deyil ki? Onda neçə nəslin diləyi ilə, uğrunda canlar yaxıla-yaxıla bugünlərə niyə daşınırdı? Niyə yaradılırdı – elə deyilmi? - Əkbər bəy, bu istiqamətdə atılan addımlarda dövlətlədən başqa, QHT-lərin, aydınların, media qurluşlarının rolu nə qədər önəmlidir? - Məncə, bu sual öncəki cavablarda, bir qədər ehtiva edildi. Bu işin ağırlığı – ağırlığı deməyək, onuru hər nə qədər, konkret sorumluluq daşıyan adamların üzərinə düşsə də, bu həm də bir el işidir, ölkə işidir, xalq işidir. Hər kəsin bu işə töhfəsi ola bilər – ekspertlər ayrı-ayrı təklifləri dəyərləndirə bilər. Bəlkə də, bir Turan sevdalısının ruhunun yaddaşından süzlüb gələn bir söz, bir yabançı sözə qarşılıq axtaran peşəkar dilçinin “esperento” tapıntısını əvəzləyəcək... QHT-lər, KİV-lər yalnız bilgi toplamır, informasiya ötürmür, onlar həm də maarifləndirmə institutlarıdır. Əlbəttə, QHT-lər, KİV-lər ortaq türkcə, ortaq əlifba ilə bağlı mövzunu güncəl saxlamaqla, bu işə yaxından-uzaqdan bağlı olan, sorumluluq daşıyan şəxsləri də yeni çalışmalara səsləyir, çağırış edir... - Maraqlı fikirləriniz üçün təşəkkür edirəm. - Mən sizə təşəkkür edirəm, sağ olun. Cavad        





Həftənin ən çox oxunanları