Yuxarı

“Bu sənətə gəldiyimə peşmanam”

“Bu sənətə  gəldiyimə  peşmanam”

 

Mətanət Əsədova: “Mənim elə qızım olsa, başını kəsib türmədə yatardım”

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Cebhe.info saytı yeni bir layihəyə başlayır - “Ulduzlar fanatla üz-üzə”.

Layihə çərçivəsində tanınmış mədəniyyət xadimlərini, müğənniləri öz fanatları ilə görüşə gətirərək onları fanatlarının ünvanladığı suallarla üz-üzə qoyacağıq. Layihənin qonaqları oxucuların rəyi əsasında seçiləcək və ən çox istək qazanan müğənni redaksiyaya dəvət ediləcək.

Layihənin ilk qonağı tanınmış müğənni Mətanət Əsədova olub. Mətanət Əsədovanın səsinin heyranı olan bir oxucumuz da redaksiyaya dəvət edilib. Müğənni təkcə redaksiyamızda üz-üzə gəldiyi fanatının yox, digər oxucularımızın da çoxsaylı suallarını cavablandırıb.

-Mətanət Əsədova sənətə nə zaman gəlib?

-1993-cü ildən oxumağa başlamışam, amma 1997-ci ildə ilk dəfə olaraq efir məkanına gəlmişəm.

-İlk dəfə musiqiyə başlamağınıza kim stimul verib, kimdən ilham almısınız?

-Anamdan. Düzdür, indi bir çoxları səhnəyə çıxanda deyirlər ki, anamdan ilham almışam. Amma mən həqiqətən anamdan ilham almışam, mən ən çox gözümü açıb rəhmətlik Məmmədbağır Bağırzadənin, Zeynəb Xanlarovanın musiqiləri ilə böyümüşəm. O təsir edib mənim sənətə gəlməyimə. Ən çox isə tanınmış sənətçimiz Alim Qasımovun tələbəsi olmağı arzu etmişəm.

-Bu yaxınlarda bacınız dünyasını dəyişdi. Bu itki sizin həyatınıza nə kimi təsir göstərdi?

-Heç kim dünyanı tutub getməyəcək. Bir gün biz də öz dünyamıza qovuşacağıq. Sənətimə təsiri olmadı, amma həyatıma, sağlamlığıma ağır təsir göstərdi. Böyük itki idi həyatımda. Canımın yarısı getdi.

-Uzun illər bundan öncə sənətə gəlmək daha asan idi, yoxsa indi?

-O vaxtlar da çətin olub. Elə indi də asan deyil, təbii ki. O vaxtlar səhnəyə gələndə balaca, zəif qızcığaz idim. Həmişə mən danışanda deyirdilər ki, nə deyirsən, ucadan danış.

-Sənətə gəlməyinizdə sizə kimlər yol açdı və kimlər  mane oldu?

-Mənə Allahım yol açdı və ondan başqa heç kim mənə mane ola bilməz.

-Həyatınızda, sənətinizdə özünüzə rəqib görürsünüzmü?

- Bilirsiniz, həyatda, yaxud sənətdə səndən yüksəkdə olan biri sənin rəqibindir demək. Mən nə həyatımda, nə də sənətimdə özümə rəqib görürəm. Mənim səsimə bərabər ikinci bir səs görmürəm. Mən bunu açıq-aşkar deyirəm. Əgər varsa, gəlsin oxuyaq.

-Ümumiyyətlə gənc müğənnilərin səhnəyə gəlməsində sponsorların da danılmaz rolu var. Sizin sponsorlarınız olubmu?

-Yox. Mənim həyat kitabımda bu olmayıb, olmayacaq da. Mənim ailəm musiqi sənətini seçərkən mənə dedi ki, bax, sən bizim arzumuzu, istəyimizi qəbul etmirsən, bu yolu seçirsən. Əgər sənin sənətində, davranışında, əxlaqında bir qüsur, nöqsan olacaqsa, dərhal tutduğun mövqedən asılı olmayaraq oradan uzaqlaşacaqsan. Kimdir axı onlar, kimdir axı sponsor? Sən kimsən ki, mənə sponsorluq edirsən, mənə yiyəlik edirsən, Allah başımın üzərində ola-ola? Əgər bir insan səsinə güvənmirsə, sənətinə, qabiliyyətinə güvənmirsə, nə qədər sponsor da olsa, yüksələ bilməyəcək. İnsanların, xalqın sevgisini qazanmaq üçün səs lazımdır.

-Ailəniz sizi hansı sahədə görmək istəyirdi?

-Mənim musiqi təhsilim olmasa da, ali təhsilli həkiməm. Ailəm də həmişə məni həkim olaraq görüb, həkim olmağımı istəyib. Mən onların istəyinə əks gedib bu sənəti seçdim. Bu gün musiqi sahəsində özümə rəqib görmürəm və əminəm ki, həkim olsaydım bu gün ölkədə ən güclü, rəqibsiz həkimlərdən biri idim.

-Bəs nə üçün özünüzü həkim kimi sınamadınız?

-Bir insanın hansı sahəyə marağı varsa, o yolu axıra qədər əzmlə tutub davam edəcək. Əgər hansısa işə həvəssiz yanaşırsa, bir gün bezib geri çəkiləcək. Mənim əvvəl günlərdən də marağım musiqiyə olub, bu sahəni, bu sənəti sevmişəm. Hər dəfə mən ailədə oxuyanda atam kövrəlirdi. Bundan başqa da mən o qədər soyuqqanlı, möhkəm insan deyiləm. Ürəyim dözməz kiminsə xəstə halına baxmağa. Dözə bilmərəm. Ürəyim zəifdir.

- Peşimansınızmı bu sənətə gəldiyiniz üçün?

-Çox. Çox peşimanam. Kaş ki, atam, anam sağ olaydılar, onların dediklərini edərdim. Sözlərini dinləyərdim bu sənətə gəlməzdim. Bu gün mən ehtiyac ucbatından oxuyuram. Ailəmin, yaxınlarımın maddi tələbatlarını qarşılamaq üçün oxuyuram. Yaşamaq üçün oxuyuram. Əgər mənim hansısa başqa obyektim olsa, gəlir mənbəyim olsa, heç oxumaram. Kaş ki, bu, belə olmayaydı...

-İndiyə qədər istər həmkarlarınız, istərsə də mətbuat tərəfindən dəfələrlə qalmaqala cəlb olunmusunuz. Nəyə görə məhz siz?

-Bilirsiniz vaxtilə peyğəmbərimiz Məhəmməd peyğəmbər (S.A.S)  İslam dinini təbliğ edəndə də ona çoxları etiqat etmirdilər, daş atırdılar, çamur atıb ləkələyirdilər. Amma sonda nə oldu? Məhəmməd peyğəmbər qalib gəldi və bütün dünyaya bu günümüzə qədər gəlib çıxan İslam dinini və “Qurani- Kərimi” çatdırdı. Allah məni qalmaqala çəkənləri hifz eləsin. Məsələ budur.

 -Gözəlliyiniz sənətinizə maneə yaradıb, yoxsa yol açıb?

-Ağıllı başa gözəllik mane ola bilməz. Mən gözəl deyiləm ki, özümü gözəl hesab etmirəm. Əsas ürəyimiz, vicdanımız gözəl olsun. Mənimlə ailə qurmaq istəyənlərə də mən bunu şərt kimi qoyuram. Əgər bir gün mən yıxılsam, yaxud başıma bir iş gəlsə, üzüm pis günə qalsa məni qəbul edəcəksənmi? Sən mənim xarici gözəlliyimi önəmsəmə. Əsas daxili gözəllikdir, mənlikdir, mənəviyyatdır.

-Kimlərlə duet oxumaq istərdiniz?

-Bir çox sənətçilərlə duetim olub. O ki qaldı kimlə duet oxumaq istəməyimə, onlar istəsinlər mənimlə duet oxumağı. Onlar istəsin, mən də oxuyum. Əgər orada Əsədovanın səsi varsa, o ifa seviləcək.

-Gənc yaşlarınızda kumiriniz kim olub? Ümumiyyətlə, bu gün kumiriniz varmı, kimlərdir?

-Türkan Şoray, Zeynəb Xanlarova, Cenifer Lopez.

-Kimə bənzəmək istərdiniz?

-İnsana bənzəmək istərdim. Daha da insan olmaq istərdim.

-Müənnilərin vergidən yayındığı xəbərləri var.  Siz necə, vergilərdən yayınmısınızmı, cərimələnmisinizmi?

-Xeyr. Nə zaman çağırıblarsa gedirəm, vergimi vaxtlı-vaxtında ödəyirəm. İnşallah Allah imkan versə, indən sonra da ödəyəcəyik.

-El şənliklərinə gedirsiniz. Heç olubmu ki, imkansız bir ailə ilə rastlaşasınız və güzəştə gedəsiz?

-Olub. Hətta saysız-hesabsız. Mən humanist insanam. İmkanı çatmayan ailələr də olub. Onlar üçün təmənnasız oxumuşam.

-Siyasətlə maraqlanırsız? Siyasi prosesləri izləyirsiz?

 -Siyasətə baş qoşan insan gərək elmli-bilikli, hərtərəfli olsun. Mən izləmirəm. Siyasətin öz adamları var. Mən nəsə tələb etmirəm, heç nə istəmirəm, bu sözləri də deməkdə heç bir təmənnam yoxdur. Sadəcə olaraq siyasət, ağıllı fikirlər dedikdə mənim ilk öncə nəzərimə ölkənin birinci xanımı Mehriban Əliyeva və ölkə başçımız İlham Əliyev gəlir. Siyasətdə sözlərin demiş insanlar odur, ölkəmiz onlarla daha güvəndədir.

-Niyə konsert vermirsiniz?

-Əvvəla konsert vermək böyük maddi imkan tələb edir. Bəziləri görürsüz xırda şadlıq saraylarında, xırda məclislərdə oxuyub “konsert verdik” deyirlər. Mən belə etmək istəmirəm. Ciddi hazırlıq edib Heydər Əliyev Sarayda böyük konsert vermək istəyirəm. Bunun üçün böyük maddi vəsait lazımdır, amma təbii ki, sənət də lazımdır. İzləyicilərə, tamaşaçılara keyfiyyətli musiqilər dinlətmək, ciddi hazırlıq görmək lazımdır. İnşallah gələcəkdə konsert vermək fikrindəyəm.

-Bir az sıradan sual olsa da izləyicilərimizin biri yazır: “Mətanət xanım üçün sevgi nədir?”

-Mənim üçün saf sevgi bir tək Allaha, bir də anama olan sevgidir. Qalan digər sevgilər ötəridir, əbəsdir...

-Mətanət Əsədova hansısa veriliş aparıcısı olmaq istəyərdisə, bu, hansı veriliş olardı?

-Xeyr. Mənə belə təkliflər çox gəlir, lakin mən hər birini geri çevirmişəm. Çünki mənim ona səbrim yoxdur. Bundan dolayı bu üz nə qədər bəzənər, bu saçlar nə qədər fenlənər? Üzüm, dərim, başım artıq ağrı tapıb. Gündəlik efirdə olmaq bəzənmək, qrim tələb edir. Buna dözümüm yoxdur.

-Xarici müğənnilər siyasətə də meyl edirlər. Bəs Mətanət Əsədova necə siyasətə qarışmaq istərdimi, məsələn, seçkilərdə hansısa formada təmsil olunmaq istərdimi?

-Xeyr. Heç vaxt istəməzdim.

-Bəzən efirlərdə Baloğlan Əşrəfov Mətanət Əsədovanı efirə, sənətə gətirdiyini qeyd edir. Bunu dəfələrlə təkrar-təkrar deməsi qaxınc deyilmi?

-Məni səhnəyə Baloğlan Əşrəfov gətirib? Mənim Baloğlan müəllimə böyük hörmətim var və onun konsertlərinin bəzəyi olmuşam. Sağ olsun, mənə yer ayırıb öz konsertində 40 dəqiqə mən ifa etmişəm. Allah ona cansağlığı versin. Amma məni Baloğlan müəllimin səhnəyə gətirməyi ağ yalandır.

-Bəzi həmkarlarınız sizi qalmaqala sövq edib. Siz də onların bəzilərini üstüörtülü “mədəniyyətsiz” adlandırmısınız. O “mədəniyyətsiz” adlandırdıqlarınızın adını çəkə bilərdinizmi?

-Mən onların adını çəkib yenidən qalmaqal yaratmaq istəmirəm. Çünki mən qalmaqal adamı deyiləm. Mən öz sənətimlə, səsimlə gündəmə gəlirəm, sənətimlə tanınıram, bu, belə də davam edəcək. O həmin insanları də özüm dəvət etmişəm ki, adımı çəkirsən, gəl otur burda görüm mənim səninlə nə işim, adımı niyə belə qalmaqallarda çəkirsən? Ağıllı adamın mənlə işi olmaz.

-Azərbaycandan başqa hansı ölkələrdə tanınırsınız?

-Türkiyədə, Karsda möhtəşəm bir konsertimiz olub, Rusiyanın 10-15 şəhərində mənim konsertlərim olub, indi də ərəb ölkələrindən, İrandan, Qazaxıstandan dəvət alıram. Şərt o deyil ki, mən gedəm orda konsert verəm. Əsas odur ki, orada məni tanıyırlar, səsimi dinləyirlər.

-Mətanət xanım səsinə güvənən, səsi ilə sözünü demiş bir insandır. Onun səsi imkan verir ki, böyük insanlarla adı bir arada çəkilsin.  Onun adı daha çox qalmaqallı insanlarla bir cərgədə niyə çəkilir?

-Günlərin bir günü oturmuşam evimdə. Telekanallardan birindən bir xanım prodüsser zəng edib, xahiş ediblər ki, gəlin iştirak edin. Mən hərçənd ki, dəfələrlə o verilişin iştirakçısı olmuşam. Mən hardan bilim ki, bu verilişdə mənə qurğu qurulub. Neçə illərdir tanıdığınız bir insan sizə qarşı gözlənilmədən elə hərəkət edir ki, donub qalırsınız. Reklam xatirinə, verilişi baxımlı olsun deyə, reytinq xatirinə yüz oyuna əl atırlar. İnsan olan kəs adamın qüruru, mənliyi ilə oynamaz. Mən gəlməmişdən öncə orada qurğu qururlar. Hansısa bir ağılsızın birini gətirib otuzdururlar orada. O da istəyir ki, hansısa yolla tanınsın. Necə tanınacaq? Əsədova gəlir. Necə bir adamdır? Çox sinirli. Demək özündən çıxartmaq lazımdır. Gəlir elə bir söz deyir ki, sonra da yalvarır ki, verilişi yenidən çəkək, üzr istəsinlər. Bir-iki müğənnicik var. Rəfiqələri hansısa verilişdə prodüsser işləyir. Danışıb iş quraşdırırlar ki, Mətanət gəlir. Özlərini öymək üçün deyirlər ki, aha, indi bax gör mən Mətanətə nə edəcəyəm. Bir ağılsızın birini öyrədib otuzdururlar orda. O da tanınmaq xatirinə belə yollara əl atırlar. Mən həmin qıza zəng edirəm. Deyirəm ki, ay qız, bunu efirə vermə. Deyir ki, necə ki, 21 min izləyici, reytinqi var, bunu yayımlamaya bilmərəm. Deyirəm ki, yolla getdiyin yerdə yolda kimsə qəfil sənin üzərindəki geyimi dartıb cırır. Nə oldu? Sən qaldın çöldə. Mən də sənin yanından keçirəm. Reytinq xatirinə sənə belə etməliyəm mən? Sən də xanımsan, mən də. Bu, bizə yaraşmaz. Bunu mənə qarşı əvvəlcədən planlaşdırıb etdilər. O insanlar məhkəməyə verildi, lazımi addımlar atıldı. O, tutduğu vəzifədən uzaqlaşdırıldı, əlində olanları itirdi. Belə lazım idi, yoxsa gəlib orda oturub, sonra da insan kimi getmək? Mənə lazım idi bu, sənə lazım idi? Sonra da o boyda kişi diz çöküb ağlayır. Şəxsiyyətini niyə ayaqlar altına atıb tapdaladırsan? Mən ömrü boyu gözləmədiyim adamlardan zərbə alıram. Allaha hər gün dua edirəm ki, mən düşmənlərimi bilirəm, məni dostlarımdan qoru. Sonunda insanların nifrətini siz, sevgisini mən qazandım.

-Azərbaycanda qadın müğənnilər hər zaman yüz minlik maşınlarla, yüz minlik əşyalarla, yüz minlik evlərlə gündəmə gəlirlər. Kişi müğənnilərin çoxusu isə efirlərdə maşınsızlıqdan, toyların azlığından, evsizlikdən gileylənirlər. Sizcə qadın müğənnilər maddi baxımdan kişi müğənnilərdən zəngindirlərmi?

-Allah hamısına kömək olsun.

-Mətanət Əsədova hansı sosial şəbəkədən sırf özü istifadə edir?

-Mənim bu yeniliklərdən xəbərim, məlumatım yoxdur. Heç birindən istifadə edə bilmirəm. Bu yaxınlarda da “Whatsapp” istifadə etməyi öyrənmişəm. O da ki, bir dostuma yazırdım. Yalnışlıqla başqa birisinə gedib. Adıma bir neçə şəbəkədə hesab açılıb. Onlar da balaca qızcığazlardılar. Mənim o qızların valideyinlərinə yazığım gəlir. Allah mənə elə qız övladı verəcəksə, ona yalvarıram məni sonsuz eləsin. Mənim elə bir qız övladım olsa, onun başını kəsib gedib türmədə yatardım.

Mətanət Əsədova ona ünvanlanan bütün suallara səbrlə cavab verdi, sonra isə bizlər üçün canlı oxudu. Redaksiyamızın əməkdaşlarına ürək sözlərini çatdırdı:

-Sizin yeni layihənizə uğurlar diləyirəm, “çox sağ ol” deyirəm ki, ilk məni qonaq dəvət etmisiniz. Hər birinizə yeni-yeni nailiyyətlər diləyirəm. Daim sevimli olun, daim izlənin, daim sevilin, oxucularınızın sayı milyonlarla olsun. Məni sevənlərə də bol – bol səadət diləyirəm.Təşəkkürlər.

IFrame

Rövşən Əsədov





Həftənin ən çox oxunanları