Hər həftənin cümə günü Cebhe.info-nun “Ulduzlar fanatlarla üz-üzə” layihəsi öz izləyicilərinin görüşünə gəlir.
Bu həftə estrada müğənnisi, xalq artisti Faiq Ağayevin fanatları daha çox fəallıq göstərdi və “Cənab Qızıl Şlyager”in qonağımız olmasına nail oldular. Xalq artistinin ən böyük fanatlarından biri - Bakı Dövlət Universitetinin tələbəsi Qaçay Hüseynov layihəmizdə iştirakla bağlı redaksiyaya müraciət etdi.
Redaksiyamıza qonaq olan Faiq Ağayevlə söhbətimiz də səmimi oldu.
-Əvvəla fanatlarınızın istəyini dəyərləndirib, dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Başlayaq izləyicilərimizin, fanatlarınızın sizə ünvanladığı suallara. Sənətdə ilk uğurunuz hansıdır? -Bu tip suallardan səhnədə olduğum 28 il ərzində yamanca bezmişəm, düzü, heç xoşum gəlmir. Faiq Ağayevi dərindən tanıyanlar bilirlər ki, ilk uğurum, ilk nailiyyətim – “Bakı payızı 88” müsabiqəsidir.
-Valideynlərinizin sizin bu sənətə gəlməyinizdə rolu? -Valideynlərimin şiddətli etirazı olub. Həm atamın, həm anamın. Dəfələrlə bu barədə danışmışam. Özümü doğrultmaq, inamı, etibarı qazanmaq üçün çalışdım ki, böyüklərimə düz yolda olduğumu təsdiq edim. Şükür ki, nail də ola bildim.
-Sizin zamanınızda sənətə gəlmək çətin idi, yoxsa indi? -İndi hər şey kommersiyaya bağlıdır. Maliyyə varsa, radioya, televiziyaya çıxmaq asan olur. Amma efirə çıxmaq - sənətə gəliş deyil. Çünki şadlıq sarayını necə sifariş edib, muzdla icarəyə götürürüksə, əksər hallarda radio və televiziya yayımları da bu gün eynən elə əldə edilir. Sənətə gəlmək bizim vaxtımızda çətin idi. Meyarlar, bizə qiymət verən peşəkarlar, münsiflər başqa idi. Bu gün isə efirə çıxmaq, səhnəyə gəlmək daha asandır.
-Kumiriniz varmı? -Kumir deməzdim, çox sevdiyim sənətkarlar var. Əgər söhbət Azərbaycandan gedirsə, bu Polad Bülbüloğludur. Ümumiyyətlə, elə sənətkarlarımız var ki, onların həyatı, səhnə təcrübəsi - canlı dərsdir. Rübabə Muradova, Şövkət Ələkbərova, Müslüm Maqomayev, Zeynəb Xanlarova belə sənətkarlardandır.
-Devalvasiya sizə necə təsir elədi? -Hamıya necə, mənə də elə. Həyatıma təsirsiz ötüşməyib.
-Ən böyük xəyalınız nədir? Sırf sənətinizlə bağlı. -Yəqin ki, “Crystal Hall”da konsert vermək. Bu möhtəşəm salonda tam dünyəvi standartlara uyğun olaraq bir şou keçirmək arzumdur.
-Hal-hazırda məşğul olduğunuz sahədən başqa hansı sahə ilə, hansı işlə məşğul olmaq istərdiniz? -Mənim üçün televiziya sahəsi maraqlıdır. 28 ildir ki, bu sahədəyəm və ən çox da bələd olduğum sahə məhz televiziyadır. Televiziyada çalışmaq, layihə həyata keçirtmək, TV prodüsseri olaraq çalışmaq istərdim.
-İnsan nə vaxt yalan danışır? Siz heç həyatınızda ağ yalan danışmısınızmı? -Qaçılmaz vəziyyətlər olur bəzən. Məsələn, bəzən səhhətim yaxşı olmur. Amma anam zəng edib, soruşanda “Yaxşısan?”, istəmirəm ki, mənə görə narahat olsun. Ona görə də “Bəli, yaxşıyam, Hacıxanım” deyirəm. Bu, nisbətən qəbuledilən yalandır.
-Həyatınızda peşmanlıq keçirdiyiniz nələrsə olubmu? -Qlobal peşmanlıq olmasa da, ürəkdən heyfsləndiyim hallar olub. Amma mən “kaş ki”lərlə yaşayan adam deyiləm.
-Sizin üçün o hansı əlçatmaz bir insandır ki, siz bu gün onunla görüşüb, danışmaq istəyirsiniz? -Mübaliğəsiz, Heydər Əliyevlə.
-Nə soruşardınız? -O qədər suallar var ki...
-Heç kimin bilmədiyi özəlliyiniz nədir? Elə bir özəlliyiniz varmı? -Elə bir sənətin nümayəndəsiyəm ki, ovuc içərisindəki kimiyəm. Sirli, bəlli olmayan tərəflərim qalmayib, əslində. Amma etiraf edim ki, tənbələm. Məndən olsa, bütün gün oturub, televiziya verilişlərini, kinoları izləyərdim. (gülür)
-Sizi ən çox nə əsəbləşdirir? Öz əsəbinizlə mübarizə apara bilirsinizmi? -Məni ən çox hirsləndirən həyasızlıqdır, tərbiyəsizlikdir, naşılıqdır. Amma hələ ki, özümdən çıxacaq qədər əsəbləşməmişəm. Yəni, ekstremal vəziyyətlərdə idarə edə bilirəm özümü.
-Qardaşınız əgər cinayət işləsə, polisə zəng edib, onu təslim edərdinizmi? -Baxır, nə cinayətdir. Əgər biz onu tərəflər arasında haqq-ədalət çərçivəsində yoluna qoya biliriksə - xeyr, etmərəm. Yox, əgər ağir bir cinayətdirsə, mən onu qardaşıma da bağışlamaram.
-O hansı mahnıdır ki, siz səhər tezdən yuxudan duran kimi dodaqaltı o mahnını zümzümə etdiniz? -Son 10 gün elə hey Nailə Mirməmmədlinin mənim üçün yazdığı “Marş çağırış” mahnısını zümzümə edirəm.
-Xaricə köçmək, xaricdə yaşamaq istərdinizmi? -Bəli. Amma 70 yaşımdan sonra. (gülür) Dəniz kənarında bir ev olsun, pəncərədən ləpədöyən görünsün. İlin 300-320 günü günəşli bir yer olsun. Çıxıb səhər-səhər gəzəsən, sinə dolusu nəfəs alasan. Amma hələ ki, tezdir, bu yaşımda istəməzdim harasa yerli-köklü köçüb, gedəm.
-Parodiyalara münasibətiniz? -Normal. Deyəsən, yeganə müğənniyəm ki, mənə olunan parodiyanı öz solo konsertimə çıxartmışam. Cabir İmanov mənimlə birgə çıxdı səhnəyə. Rafael və Coşqun da məni parodiya ediblər ki, özüm də onlarla bərabər səhnəyə çıxmışam. Parodiya - populyar olmağın göstəricisidir. Təbii ki, heç kim tanınmamış bir insanı parodiya etməz. Həm də, parodiya olunmaq üçün insanın özünəməxsusluğu, xarakterik cizgiləri olmalıdır.
-Avroviziya musiqi yarışmasında iştirak etmək istərdinizmi? -1996-98-ci illərdə bunu çox istəmişəm. İndi isə ekspert, münsif qismində cəlb edirlər məni bu yarışmaya.
-Siyasi prosesləri izləyirsinizmi? -Təbii. İstər dünya siyasətini, istərsə də regionda, ölkədə baş verən siyasi prosesləri maraqla izləyirəm. Hər gün dünya xəbər saytlarını, yerli xəbər portallarını oxuyuram, mütəmadi olaraq yerli və xarici TV xəbərlərini izləyirəm.
-Hərdən sizə “Azərbaycanın Tarkanı” deyə müraciət edirlər. Bu sizi qıcıqlandırmır ki? -Bunu mənə əksərən türk dostlarımız söyləyir, çünki onlarçün mənimlə müqayisə ediləcək yeqanə türk starı – Tarkandır. Və burda heysiyyətimə toxunacaq bir şey görmürəm, sonunda çox keyfiyyətli bir sənətkara bənzədirlər məni. Amma unutmayaq ki, mən səhnəyə, sənətə 1988-ci ildə gəlmişəm, Tarkan isə fəal səhnə fəaliyyətinə 90-ların ortasında başlayıb. O vaxtlar isə mən artıq formalaşmış müğənni idim. “Əldə bir qədəh şərab” kimi tanıdığınız “Səni əvəz eləmir” kimi meqa-hitim var idi.
-Qarabağ məsələsinin həllini nədə görürsünüz? -Biz meydanda ermənilərlə təkbətək qalsaydıq, məlum məsələdir ki, 2016-cı ildə deyil, yəqin hələ 1995-ci ildə torpaqlarımızı işğaldan azad edəcəkdik, erməni də İrəvanda oturub, tir-tir əsəcəkdi. Amma belə deyil axı, biz onilliklərdir ki, hegemon dövlətlərlə mübarizə aparırıq. Elə ona görə də Ermənistan özünü həyasız, qışqır-bağır salan, ona-buna əl-qol atan fahişə kimi aparır. Düşmənlərimizin fövqəladə güclü havadarları olmasaydı, bu müharibə çoxdan bizim xeyrimizə bitmişdi.
-Mütaliə etdiyinizi bilirik. Ən son hansı kitab oxumusunuz? Ümumiyyətlə, sevdiyiniz bir kitab varmı? -Hər dəfə başqa ölkədən Bakıya dönəndə təyyarədə mənim yük problemim məhz kitablarla bağlı olur. Kitabları 10-10 alıram ki, bir neçə ay oxuya bilim. Hal-hazırda Piter Ceymsin “Alatoranlığın astanasında” əsərini oxuyuram. Yerli yazarlardan Çingiz Abdullayevin əsərlərini oxuyuram. Sevinirəm ki, dünyanın fərqli şəhərlərində kitab mağazalarına girəndə də həmyerlimiz Çingiz Abdullayevin kitablarına rast gəlirəm. Amma “sevimli, masaüstü kitab” anlamından uzağam mən, oxuduğum kitabları təkrar oxumuram. Bir neçə müddət əvvəl təxminən 600-ə yaxın kitabı Penitensiar Xidmətə təhvil verdim ki, cəzaçəkmə müəssisələrində məhbuslara verilsin, onlar oxusunlar. Kitablarla yanaşı filmləri də çox sevirəm. Kinoteatrda, böyük ekranda filmə baxmağın ayrı ləzzəti var məndən ötəri.
-Yeni nəsil yazarlardan kimləri oxuyursunuz, kimləri bəyənirsiniz? -Cəlil Cavanşir, Qan Turalı, Mirmehdi Ağaoğlu, Aysel Əlizadənin əsərləri ilə tanış olmuşam, Şəhriyar Del Geraninin qələmi xoşuma gəlir, digərləri də var. Gənc yazarlarımız məni tez-tez kitablarının təqdimatına dəvət edirlər, məmnuniyyətlə də iştirak edirəm. Rus dilində çap olunan müasir yazarlarımızdan Nərminə Məmmədzadənin “Taroki” kitabını oxumuşam, çox da bəyənmişəm. Şerlərini çox sevırəm Nərminənin, hətta bir neçəsini səsləndirib, “Youtube”da videoçarxlarını yerləşdirmişəm.
-Siz necə düşünürsünüz, hazırda səhnədə olan müğənnilərin kifayət qədər mütaliəsi varmı? -Bilirsiniz, hər kəs özünə cavabdehdir. Bizim sənət çox individual bir sənətdir. Mən sənətə kimisə şərh etmək üçün gəlməmişəm. Oxumaq, yaratmaq, sənətimi icra etmək üçün gəlmişəm. Amma soruşursunuzsa... Təvazökarlıqdan uzaq səslənməsin, özüm qədər mütaliə edən həmkar hələ ki, rastıma çıxmayıb.
-Cəbhədəki uğurlarımızdan sonra sosial şəbəkələrdə izləyicilərinizə qələbə əzmində mahnılar, kliplər təqdim etmişiniz. Bu yöndə yeni bir layihə planlaşdırırsınızmı? -İnşallah, Allah qismət eləsin, son, ən böyük Qələbəmizlə bağlı vətənpərvər ruhlu mahnılar, kliplər təqdim etməyə hazıram. Təki qələbə olsun, mən hətta xorda da oxumağa hazıram.
-Sevgi deyərkən ağlınıza nə gəlir ilk öncə? -Mənim üçün sevgi - etibardır.
-Bu gün müxalifətin fəaliyyəti sizi razı salırmı? Hansı arqumentlər sizi qane edir? -Belə bir deyim var, “İncəsənət siyasətdən üstdədir”, yəni, incəsənət xadimi siyasətə qarışmamalıdır. Mən belə hesab etmirəm. Dünyada ən böyük cinayətkarlıqlar məhz cəmiyyətlərin etinasızlığıdan bəhrələnib, baş verir. Siz heç nə demirsiniz, mən heç nə demirəm, o, heç nə demir və o cinayəti işlədən kəs azğınlaşır, etdiklərinin miqyasını böyüdür. Ona görə də mən biganə qala bilmirəm. Xalq artistiyəm - həm müxalifətin, həm iqtidarın, həm yaxşısının, təəssüflər olsun ki, elə pisinin də. Əgər müxalifət arasında düzgün, ümumxalq mövqeyində, qeyri-populist platformalısı varsa, özünü yox, millətini düşünürsə, vətəninin daha da inkişafı üçün həll “reseptləri” varsa - mən onu qəbul edirəm. Lakin bu gün arenada bütün xalqın rəğbətini qazana biləcək elə bil xarizmatik birisini görmürəm. Müəyyən bir çevrə üçün yaxşı adam olmaq olar, əsası və ən vacibi - ölkə üçün, dövlət üçün, xalq üçün yaxşı olmaqdır. Billirsiniz, bu gün müxalifət, yaxud iqtidar deyirik. Bunların hamısı yarlıqdır, biz hamımız azərbaycanlıyıq və hamımız Azərbaycan üçün çalışmalıyıq.
-Bəzi xalq artistləri, bəzi incəsənət nümayəndələri seçkilərə qatıldılar. Siz necə planlaşdırırsınızmı siyasətdə təmsil olunmağı? -Mən bildiyim qədərilə, növbəti parlament seçkilərinə hələ 4 il var. İndidən bu barədə söhbət etmək tezdir, yersiz olar. Gələcək üçün isə deyə bilərəm ki, bu yasım üçün zəngin həyati təcrübə toplamışam, müəyyən bilik bazam var, əminliklə xitab edə biləcəyim auditoriyam, çağırışıma qulaq verib, əməl edən elektoratım var. Nə vaxtsa mənə inam göstərərlərsə, namizədliyimi irəli sürərlərsə, var gücümlə çalışaram ki, müğənnilikdə necə peşəkar, yeniliksevər, işini düzgün icra edən olmuşamsa, siyasi arenada da belə olum. Etibar və inam sahibi olaraq yaşayım xalqım arasında.
-Son olaraq bizim bu yeni layihəmizə nə təklifləriniz olardı?
-Maraqlı insanları dəvət edin bu rubrikanıza. Saytınıza və layihənizəilk olaraq yalnız dürüst və dolğun informasiyalar yaymağı, oxucularınızın könlünü fəth etməyi, ətrafınıza daha sağlam düşüncəli oxucu ordusu toplamağı, bol-bol izləyici qazanmağınızı diləyirəm. Qoy o oxucular sizi sevsinlər və siz də öz növbənizdə o sevgiyə layiq olun.
-Təşəkkürlər.
Rövşən Əsədov, “Ulduzlar fanatla üz-üzə” Cebhe.info