Yuxarı

Ziyalılar AXCP-ni dəstəklədi

Ziyalılar AXCP-ni dəstəklədi

Səfəvilər filmi çəkilməlidir Mehriban Vəzir: “Bütün peşəkarlar bu işdə iştirak etməlidir” Nurəddin Mehdixanlı: “Şah İsmayılı oynamaq ən böyük arzum olub” Azərbaycanda milli dövlətçiliyin inkişafı, möhkəmləndirilməsi və qorunması  həm də xalqımızın öz tarixi keçmişini bilməsindən və ona bağlılığından keçir. Tarixə qayıdış, ulu babalarımızla, onların yaratdığı dövlətlərlə fəxr etməyimiz dövlətçiliyimizin möhkəmlənməsinin və müstəqilliyimizin əbədi olmasının təməl prinsiplərindəndir. Dövləti ancaq keçmişinə bağlı olan xalq qoruya bilir. Milli dövlətçilik ənənələrinin yaşadılması, cəmiyyətə çatdırılması üçün Azərbaycan Xalq Cəbhəsi Partiysı “Səfəvilər” adlı çoxserialı televiziya filminin çəkilməsini təklif edib. Son günlər cəbhə xəttində yaşanan hadisələr cəmiyyətdə vətənpərvərlik ruhunu yüksəldib. Bu cür tarixi filmlərin çəkilməsi ilə cəmiyyətin vətənpərvərlik ruhunu daha da artırmaq doğru olmazmı? “Cümhuriyət”ə şərhində yazıçı-publisist Mehriban Vəzir, bu işlərin 25 il bundan qabaq başlamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə görüləcək işlər çox zəruridir və buna böyük ehtiyac var: “Ümumiyyətlə, təkcə bu günlərdə yox, hər gün dövlətçiliyimizin tarixi ilə bağlı daimi bir maarifləndirmə olmalıdır. Bu dövlət təbliğatının bir istiqaməti olmalıdır. Bu istiqamətdə ciddi maliyyə ayrılmalıdır. Bu işlərə ayrılan maliyyə ciddi adamlara həvalə olunmalıdır. Bütün peşəkarlar bu işdə iştirak etməlidir. Bu, sadəcə, kampaniya məsələsi olmamalıdır. Azərbaycan 1991-ci ildən müstəqildirsə və bu müstəqillikdən artıq 25 il keçirsə, bu müddət ərzində bu cür xeyli işlər görülməli idi. Bu gün baş verən hadisələrlə bağlı da, Azərbaycan hökmdarları, dövlətçiliyə xidmət edən insanlar, sərkərdələr, dövlət başçıları haqqında xalqa məlumat verilməlidir. Bu xalq bilməlidir ki, onun çox minillik dövlətçilik tarixi var. O dövlətçilik dünən yaranmayıb. Bu sadəcə bir davamdır. Bu barədə xalqımızın hər bir nəfərinin məlumatı olmalıdır. Və bu istiqamətdə görüləcək işlər çox zəruridir və buna böyük ehtiyac var”. Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı “Cümhuriyət”ə şərhində Şah İsmayıl rolu ifa etmək ən böyük arzularından biri olduğunu deyib. O qeyd edib ki, Şah İsmayıl bütün türk dünyasının önəmli şəxsiyyətlərindəndir: “Şah İsmayıl təkcə Azərbaycan tarixinin yox, həm də türk tarixinin çox önəmli şəxsiyyətlərindən biridir. Əlbəttə ki, Şah İsmayıl rolunu oynamaq istəyərdim. O xoşbəxtliyi kim yaşamaq istəməz ki? Bilirsiniz ki, Şah İsmayıl çox gənc yaşında taxta çıxıb. Mənim isə artıq kifayət qədər yaşım var. Bir vaxtlar əlbəttə ki, 25, 20, 15 il bundan qabaq bu mənim ən böyük arzularımdan biri idi. Ancaq bu gün yaşım mənə imkan vermir ki, mən Şah İsmayıl obrazını canlandırım. Bir daha qeyd edim ki, o mənim ən böyük arzularımdan biri olub həmişə. Amma inandırıram ki, onun duyğularını, düşüncələrini və ümumiyyətlə, Şah İsmayılın kimliyini çox yüksək səviyyədə təqdim edə bilərdim”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları