AXCP-nin təklifi dəstəklənir
Əkrəm Rəhimli: “Şah İsmayıla ləkə yaxmaq bu millətə xəyanətdir”
Aydın Rəcəbov: “Xətaiyə at üstündə əzəmətli heykəl qoyulmalıdır”
Mayın 24-ü Böyük dövlət xadimi, Səfəvi imperiyasının qurucusu, Şah İsmayıl Xətainin haqq dünyasına qovuşduğu gündür. Böyük şahın ölümünün 492-ci ildönümüdür. Ruhun şad olsun, Şahım! Şübhəsiz ki, sənin zamanında bütöv olan Azərbaycan yenidən qurduğun sərhədlərini bərpa edəcək. Səfəvi imperatorluğunun hər bir parçası yenidən Bütöv Azərbaycan adı altında birləşəcək.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) çox seriyalı “Səfəvilər” filminin çəkilməsini təklif edib.
AXCP 5 min illik dövlətçilik tarixi olan Azərbaycan xalqının dövlətçilik tarixinin 1918-ci ildən - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından götürülməyə başlandığını diqqətə çatdırıb:
“Bu, xalqımızın böyük bir hissəsində natamamlıq kompleksi yaradıb. Ona görə ki, Azərbaycan dövlətçiliyinin müxtəlif imperiyalar adı altında tarixi çox qədimləri əhatə edir. Bizim bu tarixə sahib çıxmamağımız tariximizin özgəninkiləşdirilməsinə imkan yaradır. Nəticədə dövlətçilik tariximiz saxtalaşdırılıb və xüsusən də farslaşdırılıb. Bu da tariximizdə Azərbaycan adının keçməməsi, dövlətçiliyimizin olmaması kimi başa düşülüb. Sovet ideologiyasına xidmət edən tarixçilərimiz isə xalqımızın dövlətçilik tarixini sanki unudub və bununla da Azərbaycan tarixini məhv ediblər”.
Azərbaycanın tarixində ilk imperiya Səfəvilərin adı ilə bağlıdır. Səfəvilər dövləti və imperiyası Azərbaycanın gücünü, onun dövlətçilik tarixinin daha qədim olmasını göstərən faktordur. Bu tarixi dövlət Azərbaycanı dünya miqyasına çıxarır. Səfəvilər dövləti Azərbaycan tarixinin şərəfli dövrüdür, Azərbaycan xalqını tanıtdıran bir dövrdür. İstər Qərblə, istərsə də Şərqlə münasibətlərdə zirvədə dayanan Səfəvi dövlətidir. Səfəvilər dövrü Azərbaycanla yanaşı, Böyük Şərq tarixinin ən parlaq səhifələrindən biridir.
Şərqşunaslıq İnstitutunun Güney Azərbaycan şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Əkrəm Rəhimli “Cümhuriyət”ə şərhində qeyd edib ki, Şah İsmayıl öldükdən sonra Azərbaycanı bütöv şəkildə bizlərə miras qoyub:
“Şah İsmayıl orta əsrlər tariximizin ən görkəmli simalarımızdan biri, dövlət xadimidir. Şah İsmayılın simasında biz Bütöv Azərbaycanı görürük. Onun siyasətinin, apardığı mübarizəsinin məqsədi Azərbaycanı bütöv görmək idi. Cənublu, şimallı vahid bir dövlət şəklində. Bu baxımdan Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan dövlət xadimlərimizdən biri hətta birincisidir. Şah İsmayıl dövründə aparılan islahatları, görülən tədbirləri nəzərdən keçirdikdə məlum olur ki, o bütün varlığı ilə yalnız öz millətinə və Azərbaycanın bütövlüyünə çalışıb.
Şah İsmayılın dövründə Azərbaycan bütöv idi. O bütövlüyə qarşı çıxan qüvvələr var idi. Şah İsmayıl onlara qarşı çox mərdi-mərdana mübarizə aparıb və Şah İsmayıl öldükdən sonra Azərbaycanı bütöv şəkildə bizlərə miras qoyub. Şah İsmayılın Azərbaycan tarixində, mədəniyyətində rolu ondan ibarət olub ki, uzun müddət saray şairləri, yazıçıları öz əsərlərini fars dilində yazırdılar. Şah İsmayıl isə həmin səddi yıxıb ilk dəfə saraya Azərbaycan dilini gətirmişdi. Daha sonra Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmaq üçün mübarizə aparmışdı.
Çox təəssüflər olsun ki, bu mübarizəni tam başa vurmağa ömür ona vəfa qılmadı. Ancaq Şah İsmayılın qoyduğu bu iz gələcək nəsillər üçün nümunə olmuşdu. Şah İsmayıl Azərbaycan tarixinin zinyətidir. Ona görə də onun heykəllərini ən gözəl yerlərdə qoymaq, kitablarda onun haqqında bəhz açmaq, bağçalarda, məktəblərdə Şah İsmayılı təbliğ etmək, onun məqsəd və ideyalarını gələcək nəsillərə çatdırmaq bizim şərəf borcumuzdur. Şah İsmayıla səthi yanaşan, ona bələd olmayan və bəzən o qaranlıq otağa daş atanlar da olur.
Şah İsmayılı yaxşı başa düşmək üçün hər şeydən əvvəl birinci o dövrə düşmək lazımdır. O dövrün çətinliklərini, müşküllərini, əziyyətlərini gözünün qabağına gətirmək və bu çətinliklər müqabilində Şah İsmayılın əzəməti, böyüklüyü ortalığa çıxacaq ki, o Bütöv Azərbaycan uğrunda necə mübarizə aparıb. Bu baxımdan Şah İsmayılın ədəbiyyatımızda, tariximizdə təbliği bizim mühüm məsələlərimizdən biridir, vətəndaşlıq borcumuzdur. Şah İsmayıla qarşı çıxmaq, onu ləkələmək əslinə qalsa, bu millətə xəyanətdir. O Azərbaycanın ən gözəl abidələrindən biridir. O, bu gün və gələcək nəsillər üçün də nümunə olacaq şəxsdir”.
Əməkdar rəssam Aydın Rəcəbov “Cümhuriyət”ə açıqlamasında deyib ki, bu gün Şah İsmayıl Xətainin təbliğatına böyük ehtiyac var:
“Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət dili elan edib, Azərbaycana böyük bir ərazi bəxş edib. Bu ərazilər Təhmasib şaha qədər ötürülüb. Sərkərdə, siyasi lider olmaqla bəbabər Şah İsmayıl Xətai mədəniyyətə, şeyriyyata böyük önəm verib. Füzuliyə, rəssamlardan Sultan Məhəmmədə hörməti olub, miniatür sənətinin inkişafında böyük rol oynayıb. Mən Şah İsmayılı oxuyanda gözümün önünə onun yazdıqları miniatür əsər kimi canlanır”.
Aydın Rəcəbov Şah İsmayılın xatirəsini layiqincə əbədiləşdirməyi vacib sayıb, deyib ki, ona əzəmətli heykəllər qoyulmalıdır:
“Xətai rayonunda Şah İsmayıla qoyulan heykəli mən bir sənətkar kimi bəyənmirəm. Çünki mən onu hər zaman at üstündə görmək istəmişəm. Şah İsmayıl döyüşə hər zaman at üstündə öndə gedib və yanında da əlavə iki at olub. Şah İsmayılı məğlub etmək üçün onun atının ayağını kəsib onu yıxmaq istəyirdilər, ancaq o tez o biri atı minib döyüşünü davam etdirirdi. Bu gün Şah İsmayılın təbliğatına çox böyük ehtiyac var”.
Vilayət Muxtar