Yuxarı

“Daha cavan rolları oynaya bilmirəm”

“Daha cavan rolları oynaya bilmirəm”

Elman Rəfiyev: “Lal-karlar bizi asanlıqla anlayır” İnsanlar da təbiət kimidir, fərqli, düşündürücü və görünməyən cəhətləri ilə… Hələ bu insan yaradıcıdırsa, kütləyə tam fərqli görünər. Bugünkü müsahibimiz əməkdar artist və Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev yaradıcılıq illərinin çox hissəsini səssiz rollara həsr etsə də, şən əhval- ruhiyyə ilə bizimlə həmsöhbət oldu. -Pantomima səssiz olduğu üçün hamı elə düşünür ki, bu teatr eşitmə və danışma qabiliyyətini itimriş insanlar üçündür. Bu nə dərəcədə doğru fikirdir? - Bu teatrın əsasını mimika, jestlər və musiqi təşkil edir. Bu həqiqətdir ki, hamının bu teatr haqqında ilk təəssüratları ancaq lal və kar insanlar üçün yaranmağıdır. Ancaq belə deyil. Dünya teatrlarına nəzər salsaq, görürük ki, dünyada bütün xalqların öz teatrı var. Hər xalq da teatrda öz dilində danışır. Təbii ki, azərbaycanlı Çin teatrına getsə, onu başa düşməyəcək. Bu da təbiidir. Axı, azərbaycanlı Çin dilini bilmir. Ancaq pantomimanın özəlliyi bundadır ki, heç bir dili bilməyən insan asanlıqla tamaşaya baxa və anlaya bilər. Fərq etməz həmin insan hansı ölkədə olursa, olsun, hansı ölkənin dilini bilirsə, bilsin, o adam istənilən ölkədə pantomimanı anlayacaq. Biz hətta lal-karlar üçün eksperiment etdik və nəticəsi də çox gözəl alındı. Bir dəfə yox, bir neçə dəfə qüsurlu uşaqlar üçün tamaşalar oynamışıq. Onlar bizi asanlıqla anlayırdılar. Onların gülüş səsini səhnədə eşidirdik. Biz kollektiv olaraq eksperimentlər etməyi çox sevirik. - Xarici vətəndaşlardan tamaşaçılarınız olurmu? -Bəli, olur. İndicə qeyd etdiyim kimi onlar bizi çox rahat anlayırlar. Yetərincə xarici tamaşaçılarımız olur. -Ümumiyyətlə, pantomima üçün istedad yetərlidir,yoxsa illərin zəhməti mütləqdir? -Bilirsiniz, istedad çox vacibdir. Bu təkcə bizim teatr aktyorlarına yox, bütün aktyorlara aiddir. İstedad olmalıdır ki, aktyor da səhnədə tamaşaçını özünə cəlb etsin. Ola bilər ki, aktyor çox gözəl rolu ifa edir, ancaq qətiyyən tamaşaçını cəlb edə bilmir. Bu, artıq aktyorun istedadsızlığına işarədir. Bizim aktyorlar səhnədə olanda tamaşaçıya enerji ötürürlər və tamaşaçı da bundan zövq alır. Biz bu ruh yüksəkliyini tamaşaçının alqışlarında hiss edirik. -Tamaşanızda çox tamaşaçı olur? - Bizim teatrın zalı 40 nəfərlikdir. Ancaq yetərincə tamaşaçı bolluğumuz var. Bəzən elə olur ki, zalda yer olmur biz gələnlərin çoxunu məcburən geri qaytarmalı oluruq. -Bu 40 nəfərlik zalınızda yalnız bir nəfər tamaşaçı kimi əyləşsə, siz onun üçün tamaşanı davam etdirərsiniz,yoxsa yox? -Azərbaycanda Pantomima teatrının yaradıcısı ustadım Bəxtiyar Xanızadə deyir ki,mənim üçün zalda əyləşən bir tamaşaçı belə çox dəyərlidir. Ona görə mənim aktyorlarım səhnədə tamaşanı elə oyanamalıdırlar ki,o bir tamaşaçı, sabah 10 və ya 100 olsun… -Bu teatrdan yorulduğunuz vaxtlar olub? -Xeyr, xeyr. Mən artıq 35 ildir incəsənət aləmindəyəm. Bu da təbii ki, mənə zövq verir. Çünki özüm sevib-seçdiyim peşədir. Mənim bu teatrdan usanan vaxtım ola bilməz. Çünki mən Azərbaycanda Pantomima Teatrının yaradıcılarından biriyəm. Ustadım Bəxtiyar Xanızadə bu sözü deməyə mənə icazə verir. Pantomima teatrı yaranan qrupdan yeganə aktyor mən qalmışam. Çünki müəyyən zaman keçdikdən sonra truppalarda aktyor dəyişikliyi olur. -Bu gün pantomima cəmiyyətə o qədər də maraqlı deyil. Elə deyilmi? -Xeyr, mən elə deməzdim. Çünki hər dəfə tamaşaçıların artdığını görürük. Hər gün daha çox adam bu teatrla maraqlanır. Çünki tamaşaçılar şablon yox, qeyri-adi səhnələr görmək istəyirlər. -Elə olubmu heç oynadığınız rolda yeni bir jestiniz bütöv səhnəni dəyişsin? - Bilirsiniz, Bəxtiyar müəllim, eksperiment etməyi çox sevir. Elə olub ki, bir tamaşanı dəfələrlə məşq etmişik. Ancaq səhnəyə çıxanda deyir ki, filan hərəkəti dəyişib mən dediyim kimi et. Bunun özü professionallıq tələb edir. Burda o, sanki öz aktyorunun istedadını da sınamış olur. Bu isə həm aktyoru hər vəziyyətə hazır edir, həm də tamaşaçının nə qədər diqqətcil olmağını yoxlayır. Diqqətcil tamaşaçılar o dəyişikliyi həmin an hiss edir və reaksiya verir. -Heç qeyri-adi tamaşaçınız olub? -Bəli, olub. Bir tamaşaçımız var idi, hər dəfə tamaşa zalına gəlirdi, heç bir mimika olmadan tamaşa bitəndən sonra ayağa qalxıb bizi alqışlayıb gedirdi. -Bəs siz necə, qapalı insansınız, yoxsa insanlarla tez ünsiyyət qura bilirsiniz? -Xeyr, mən çox optimist, çox həyatsevər insanam. Həyatda hər şeyə normal yanaşıram, zarafatları sevən insanam. -Səhnələşdirlməyən əsərlər var ki, onlar tamaşaya qoyulmur. Pantomimada səhnələşməyən əsəri tamaşaya qoymaq olarmı? -Bunun ən bariz nümunəsi Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəridir. Bu əsərdə neçə obraz var, ancaq təsəvvür edin ki, bunu səhnədə iki aktyor oynayır, yalnız Leyli və Məcnun obrazı. O böyüklükdə əsəri 26 dəqiqə ərzində tamaşaçıya çatdırdıq. -Bu teatrda tamaşaların müddəti niyə bir saatdan artıq olmur? -Bildiyiniz kimi bu tamaşalarda səs (danışıq ) olmur. Ancaq fon musiqi və hərəkətlərlə əsər tamaşaçıya çatdırılır. Tamaşaçı bunu dərk etməyi üçün, səbrlə izləməyi üçün bu tamaşa da qısamüddətli olmalıdır. Tamaşaçı teatrdan yorğun yox, zövq alıb çıxmalıdır. -İxtisasca aktyor olmayan insan bu teatrda aktyor kimi çalışa bilərmi? -Əgər istedadı varsa, əlbəttə, olar. Hətta belə bir aktyorumuz da var idi. Ofeliya Məmmədova adlı bir qız var idi. O, aktyor deyildi. İxtisasca pianoçu idi. Ancaq elə gözəl obrazlar yaradırdı ki, tam səmimiyyətimlə deyirəm, möhtəşəm. Həmin qızın istedadını Bəxtiyar müəllim kəşf etmişdi. Mən həmişə deyirəm ki, hamımızın içində bir istedad var. Sadəcə, biz onu görmək üçün tənbəllik edirik. -Həm də insan cizgiləri tamaşada mütləqdir… -Bəli, əlbəttə. Tamamilə razıyam. Biz aktyorlar qətiyyən bir-birimizə bənzəmirik. Tamamilə müxtəlif insanlarıq. Ustadım Bəxtiyar Xanızadə bizi belə seçib. Çünki tamaşa üçün hər cür personaj lazımdır. -Nağılları səhnələşdirirsiniz? -Bəli. “Məlikməmməd” tamaşasında mən şah obrazını yaratmışdım. Hətta deyərdim ki, yaşım 40-dan ötəndən sonra ancaq şah obrazlarını mənə həvalə ediblər. Daha cavan oğlan obrazlarını oynaya bilmirəm, çünki teatrda ən yaşlı aktyor mənəm. Əntiqə Səməndər





Həftənin ən çox oxunanları