Yuxarı

“Teatr artıq ölmüş sənətdir”

“Teatr artıq ölmüş sənətdir”

Mərhum Elçibəy deyirdi ki: “Azərbaycan odla suyun öpüşməsindən yaranıb” Sərdar Rüstəm: “Azərbaycanda kiçik bir zümrə var, tamaşa zallarında yalnız o insanları görürük” “Cümhuriyət” qəzetinin bugünkü müsahibi bir çox maraqlı rolların ifaçısı, sevimli aktyor Sərdar Rüstəmdir. -Sərdar bəy, yetərincə istedadlı aktyorsunuz. Kinoda da davam edə bilərdiniz. Niyə məhz teatr? - Azərbaycan kiçik dövlət olduğuna görə böyük kino sənətinin inkişaf etməyindən danışmaq yalan olar. Sovetlər dönəmindən sonra əvvəlki qədər kinolar çəkilmədi. Sanki kinoda bir ləngimə oldu. Mənim yaradıcılıq illərim SSRİ zamanına təsadüf etsəydi, təbii ki, mən birbaşa kinonu seçərdim və teatra getməzdim. Mən kinonu daha çox sevirəm, nəinki teatrı. Kino daimidir, teatr isə artıq ölmüş sənətdir. Mənim fikrimcə, teatr artıq öz ömrünü yaşayıb, bitirib. Bu barədə teatr xadimlərimiz heç biri danışmır, ancaq bu həqiqətdir. Bilirsiniz, teatr bu gün yalnız məktəb rolunu oynaya bilər. Təkcə Azərbaycanda yox, bir çox dövlətlərdə teatr artıq zamanın arxivinə düşür. Teatr bu gün səhnədə tamaşaçıya zövq verə bilmir. Bu ki həqiqətdir. -Ancaq teatr daha canlıdır, deyilmi? -Canlı idi. Artıq teatra canlı səhnə demək olmur. Teatr bu gün canlı deyil! Mən bunu qətiyyətlə deyərdim. Fərq etməz, teatra kim rəhbərlik edirsə etsin, həmin adam öz tanışlarını başına yığacaqsa, müəyyən şirkətlərə yalvar-yapış edəcəksə, bu formal dəyişikliyin heç bir faydası olmayacaq. Bundan sənət üçün fayda gözləmək də gülməlidir. Bu gün böyük teatr sənətindən söhbət gedə bilməz. Sadəcə, kimlərinsə bu işdə çarağı var ki, onlar bu işlə məşğul olurlar. Azərbaycanda kiçik bir teatral zümrə var ki, tamaşa zallarında yalnız o insanları görürük. Hətta sizə deyərdim ki, elə bir çox tamaşaçılarımız var idi ki, mən onları tanıyırdım. Çünki ancaq onları zalda görürdüm. Bu dövrümüzün danılmaz həqiqətidir. Axı niyə bunu ört-basdır etməliyik?! Mən çox təəssüf hissi ilə deyirəm ki, Azərbaycanda teatr tamaşaçısı bu gün məhduddur. “Teatra gərək yoxdur” -Ümumiyyətlə, son dövrdə çəkilən kinolar teatrları bir addım geridə qoyur? - Xeyr, qətiyyən. Mən elə düşünmürəm. Əksinə, o kinoda rol ifa edən aktyorların teatrda tamaşası olanda həmin aktyorları kinodan tanıyıb az- çox teatra gəlirlər. Mən deyərdim nə yaxşı ki, bu filmlər çəkilir. Yoxsa heç aktyorları tanıyan olmazdı. Aktyorlar öz çörəklərini kinodan qazanıblar. Bəli, bu, danılmaz faktdır ki, kino aktyorun çörəyidir. -Bəs teatr? -Teatr, sadəcə bayaq dediyim kimi aktyorluğu öyrənmək üçün bir məktəbdir. Konkret olaraq teatrda çörək yoxdur. Bu gün gənc nəsildən teatra qətiyyən axın yoxdur. Sadəcə, bir qismi gəlib 5- 6 il işləyib çıxıb gedirlər. “Maliyyəm olsa, elə film çəkərəm ki...” - Özünüz film çəksəydiniz, Azərbaycanda bütün filmləri üstələyəcək necə bir film çəkərdiniz? -Mənim artıq belə bir fikrim var. Hətta deyərdim ki, həmin fikrimdə planlaşdırdığım filmin ssenarisi də yazılıb. Ssenari müəllifi də özüməm. Bu ssenarini isə birdən- birə yazmamışam, bu, illərin məhsuludur. “Mərc” adlı bir kino-ssenaridir. Mən özüm daha çox qorxulu mistikaya meylli insanam. Əgər mənim maliyyə dəstəyim olarsa, bu filmi çəkərəmsə, sizi inandırım ki, Azərbaycan kinosu dünyaya çıxar. -Həmin yazdığınız kino-ssenaridə öz rolunuz var? -Bəli, kinoda baş roldur. -Maraqlıdır, niyə aktyor- rejissorlar film çəkərkən baş rolu yalnız özləri ifa edirlər? Etiraf edək ki, kino səhnəsinin 99%-i belədir. -Bu, təbii haldır. Çünki aktyor da yaradıcı insandır. Əgər həmin aktyor yazdığı ssenarini məhz özü çəkirsə, əlbəttə, həmin filmin baş rol ifaçısını o aktyordan gözəl heç kəs oynaya bilməz. O filmi həmin aktyor kimi heç kəs duyub hiss edə bilməz. Bu reallıqdır. Əsərdə yaratdığım “Mahir” obrazı məhz mən özüməm. -Fantastik ədəbiyyata meyllisiniz? -Tam da fantastik deməzdim, ancaq müəyyən qədər hardasa qorxulu əsərləri sevirəm. Mənim yazıçım Stipinkingdir. Onun əsərlərində hadisələr həmişə müəmmalı sonluqla bitir. Əgər yaradıcılığn əvvəli və sonu bilinirsə, bu artıq yaradıclıq deyil. Yaradıcılıqda gözlənilməzliklər çox olmalıdır. Dünyaya yaradıcılığımızla inteqrasiya etməliyik. Bilirsiniz, etiraf edək ki,dünyadakı müasirlikdən imtina edə bilmərk. Bu mümkün deyil. - Teatr səhnəsində necə obraz yaratmaq lazımdır ki, məhz teatr aktyoru kimi yadda qalmaq olsun? - Necə? - Mən bunu 6 il əvvəl müsahibə verərkən demişəm. Bəli, indi də deyirəm: Mən canlı “Hamletəm”. Öz poetnsialıma güvənib, özümü bu rola hazır görüb bu sözü demişəm. Mən bu rolu oynamaq istəyirəm! Aktyorun əgər talantı varsa, o öz oynadığı obrazla yadda qalmırsa, bu artıq taleyin işidir. - İstedadsız aktyorların meydana gəlməsi ADMİU-ya təsadüfi tələbələrin qəbulundan başlayır desək, doğru olar? -Bəli, əlbəttə, başlanğıc budur. Bir uşaq (hər kim olur olsun) yaşadığı məhəllədə bir təlxəklik edir. Evdəkilər və ya dost- tanışları onu məcbur edir ki, get incəsənətə. Sənin yerin vallah, incəsənətdir və s. kimi təsəlliverici sözlər… Bütün bu mənfilər bu gün Azərbaycan teatr və kino sənətinə yalnız və yalnız zərbə vurur. “Qapı döyüb” irəli getsəydim...” -Aktyorun müəyyən çətinlik içində yaşamasının, müxtəlif sənət qayğılarının çoxalmasının başlıca səbəbkarı rejissorlardır. - (fikrə gedir) Rejissorlar..! Aktyorun rejissordan rol istəməyi kimdənsə çörək istəməyi deməkdir. Düşünürəm ki, istedadlı və şərəfli aktyor bunu özünə heç vaxt sığışdırmaz. Xüsusi ilə mənim kimi bir adamdan bunu heç bir zaman gözləməyin. -“Qapı döymək” aktyora yaraşır? -Mənim fikrimcə, qətiyyən yox! Əsla yaraşmır! Mənliyi olan aktyora isə ömründə yaraşmaz! Əgər “qapı döyüb” irəli getsəydim, indi evim də, maşınım da, pulum da- bir sözlə, hər şeyim vardı. Ancaq onda da ləyaqətim olmazdı. Axı “qapı döyməklə” və kiminsə haqqını yeməklə ev, maşın qazanacaqdımsa, şərəfimi də itirəcəkdim Bu, mütləq belə olacaqdı. Çox şükür edirəm ki, nə yaxşı belə olmadı. - Mədəniyyət sahəsindəki çatışmazlıqları bərpa etmək üçün nədən başlamaq lazımdır? -Bunu bərpa etmək üçün uzun illərdir çalışırlar (gülür). Ancaq alınmır. -Sərdar bəy, bəlkə bu bərpa məsələsi kağız üzərində qalır, rolda heç nə həyata keçirilmir..? - Onu bərpa etmək üçün səlahiyyət lazımdır. Vəzifəli şəxslər vəzifəsini düz icra etməlidir. Tamaşada rollar aktyorun “adamına” görə yox, istedadına görə bölünməlidir. Kiməsə tapşırıldığına görə yox, istedadlı aktyor olduğuna görə baş rol həvalə edilməlidir. Aktyora normal maaş verilməlidir. Aktyor həmin maaşla minimum öz ehtiyaclarını ödəməlidir ki, o, yalnız teatrda rol oynasın və heç bir kino dəvətini qəbul etməsin. Bu gün məni çox narahat edən məsələlərdən biri də çox istedadlı aktyorumuz Məmməd Zeynalovun səhhətidir. Məmməd, kino sənətinə can fəda etmiş görkəmli aktyor Eldəniz Zeynalovun oğludur. Sizi inandırım ki, mən çox yaxşı bilirəm ki, Məmməd necə ehtiyac içində yaşayır. Onun bu durumu bir sənət dostu kimi məni çox sarsıdır. Mən bununla da razıyam ki, biz azərbaycanlıyıq. Bizim problemlərimiz daha çoxdur və həyatda yaşamaq daha çətindir. -Azərbaycanlı olduğumuz üçün? -Bəli. Rəhmətlik Əbülfəz Elçibəyin gözəl və dəyərli kəlamı vardı: “Azərbaycan odla suyun öpüşməsindən yaranıb”. Həqiqətən də çox dərin və düşündürücü kəlamdır. Bəziləri bu sözləri tam başqa mənalara yozdular. Ancaq bunun mənası odur ki, Azərbaycan Xəzərin qoynunda yerləşir. Sübh çağı siz fikir versəniz, görərsiniz ki, günəş Xəzərin düz üzərindən çıxıb. Biz çox əzabkeş xalqıq, cəfakeş millətik. Bu, bizim xalqın taleyinə yazılıb. - Yaxın vaxtlarda Akademik Dram Teatrından ayrılmısınız… -Bəli, aprel ayının 8-i mən teatrdan ayrıldım. -Gəlin, etiraf edək ki, bu qədər madiyyat içində bütün çətinliklərə rəğmən gərək ki, iş yerini tərk etməyəydiniz… -O teatrda elə problemlər var idi ki, onlar mənim maddi çətinliyimdən daha dözülməz idi. Riyakarlıqlara və haqsızlıqlara dözmək olmurdu. Mən öz potensialıma uyğun rolları oynamaq istəyirəm. Mən 35 yaşlı aktyoram, özü də çox savadlı, istedadlı aktyoram! Mənə tamaşada kçik epizodik rol vermək gərək deyil! Mənim epzodik rol oynayan vaxtım çoxdan keçib! Mən epizodik rol təklifini öz potensialıma təhqir hesab edirəm! Mənə aid olmayan rolu heç vaxt ifa etməyəcəm və heç kəs də o rolu ifa etməyimi məni məcbur edə bilməz! Mən epizodik rolları 5 il əvvəl də oynamadım və indən belə də oynamayacam. Buna görə də uzun illər teatrdan didərgin düşdüm. Yenidən teatra qayıdanda isə həminki hiyləni mənə işlətmək istədilər, yəni mənə epizodik rol təklif etdilər. Mən isə kəskin etiraz edib, “yox” dedim. Sonra bir müddət xəstə oldum, tearta gələ bilmədim, teatrın truppa müdiri Elnur zəng etdi ki, təcili gəl teatra. Mən də xəstə halda teatra getdim. Elnur mənə dedi ki, get, Azər Paşa müəllimdən üzr istə. Dedim ki, birincisi, mən heç bir səhv etməmişəm ki, üzr istəyim. İkincisi də o rolu oynamayacamsa, 70 yaşlı ağsaqqal kişini niyə aldatmalıyam?! Sonra mənə dedi ki, onda sənin üçün yaxşı olmayacaq. Bu söz də mənə həddindən artıq pis təsir etdi. Mən azad insanam, bir rolu oynamıramsa, ya Elnur, ya da Azər Paşa müəllim mənə nə edə bilərlər ki?! Həmin gün elə ərizəmi yazıb teatrdan uzaqlaşdım. Bəli, məni illər uzunu o teatrda bezdirdilər! Aktyor qul deyil! Aktyoru qətiyyən tapdamaq olmaz! Mən öz yerimi bilirəm və yetərincə də öz haqqımı tələb etməyi bacarıram. -Epizodik rolları oynamağı özünüzə sığışdırmırsınız yoxsa, potensialınıza uyğun deyil? -Bilirsiniz, sığışdırmamaq söhbəti deyil. Sadəcə, mənim potensialım epizodik rol üçün deyil. Əlbəttə, potensialıma bələd olmasam, böyük rollar istəmərəm. -Nə zamansa teatra geri dönüş olacaq ? -Hələ ki o tərəfdən heç bir təklif yoxdur. Ona görə də qəti söz deyə bilmərəm. Yəqin ki, bu müsahibədən sonra ümumiyyətlə, elə bir fikirləri olmaz. - Teatrdan imtina etmisiniz. Sonrakı durumunuzu nəzərə almısınız? -Sonrakı durum budur ki, mən Azərbaycandan çıxıb gedəcəm. Yəni, indən belə işsiz qalmaq fikrim yoxdur. Mən əzab içində yaşamağa məcbur deyiləm ki. Sizi inandırım ki, bu ölkədə ləyaqətini qəpiyə satanlar “N” qədərdir. Çörəyi şərəflə də qazanmaq olar. Ancaq kişi cildində qadın xislətli adamlar heç də şərəfli çörək yemirlər! -Deyək ki, teatrdan küsmüsünüz. Hər hansı bir serialdan dəvət gəlsə, qəbul edərsiniz? -Təbii ki, qəbul edərəm. Amma hazırkı vəziyyətimi nəzərə alıb normal qiymət tələb edəcəm. Çünki mənim kifayət qədər maddi çətinliyim və borclarım var. Bunları ödəmək üçün də aktyoramsa, rol oynayıb çətinliyimi həll etməliyəm. Sonda sizə və kollektivinizə təşəkkür edirəm. Bütün “Cümhuriyət”çilərə uğurlar! Əntiqə Səməndər





Həftənin ən çox oxunanları