Yuxarı

Sazda “Lambada” çalanlar aşıqları qəzəbləndirdi

Sazda “Lambada” çalanlar aşıqları qəzəbləndirdi

Aşıq Ədalət Nəsibov: “Sazı gah başlarına qaldırır, gah ayaqlarının arasına salır, gah da kürəklərində çalırlar”\\Bala Ədalət: “Ulu babalarımızın əmanətini gözdən salmaq cinayətdir”\\Aşıq Mübariz: “Bunu çörəyim xatirinə edirəm”\\Sizə türk dünyasının ən qədim milli musiqi alətlərindən olan sazdan söhbət açacağam. Saz qədim türk xalqlarına məxsus simli - mizrabla çalınan musiqi alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni, özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır.\\Hazırkı zamanda saz ifaçısı aşıq adlanır. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşıqların əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır. Azərbaycanın şifahi xalq ədəbiyyatında, həm də bu qədim sənətin dövrümüzə qədər gəlib çıxmasında danılmaz zəhmətləri olan tanınmış ustad aşıqlarımız olub.\\Amma nədənsə hazırda qədim milli sənətin bu növü ilə məşğul olan gənclər heç də ustad dərsləri görmüş aşıqları qane etmirlər. Belə ki, efirlərdə və internet portallarında sazla “Lambada”, “Çorni qlaza” və s. musiqilər ifa edərək, saza əlavə qurğular yerləşdirməklə onun qədimiliyini və orijinallığını itirirlər ki, bu da əsl sənətkarlar tərəfindən etirazla qarşılanır.\\\\“Sazla şıdırğı mahnı çalmaq düzgün deyil”\\Xalq arasında “Ustad Ədalət” kimi tanınan Aşıq Ədalət Nəsibov uzun illərdir ki, saz sənətini ustadlarından öyrəndiyi kimi təbliğ edir. Necə deyərlər dövrümüzdə sənəti xalqın gözündən salıb adiləşdirənlərə isə birmənalı şəkildə xalq düşməni kimi baxır: “Sazın saz havası var. Biz belə öyrənmişik ustadlarımızdan. Sazın yeri aşığın sinəsidir. Görmüşük sazla saz havaları çalınar, dastanlar söylənilər. Daha indiki kimi sazı sintezatora qoşub, sonra da təpəsinə qaldırıb orda şıdırğı havalar çalmaq olmaz. Bu tariximizə, mədəniyyətimizə təhqirdir. Saz özlüyündə bizim tariximizin bir parçasıdır. Keçmişdə ustadlarımız xalqın yaxşı, pis gününü, şad, bəd xəbərini sazın dili ilə söyləyərmişlər. Amma indi sazla “Şou” yaradırlar. Mən qəti şəkildə belə şeylərin əleyhinəyəm”.\\“Sazda hind mahnısı da çalmışam”\\Ustad deyir ki, efir məkanında sazla şou yaradanlara rast gəlinir: “Gah sazı başlarına qaldırır, gah ayaqlarının arasına salır, gah da kürəklərində çalırlar. Hələ bu azmış kimi öz “repertuarları” sırasına xarici mahnılar da qataraq “məclisi” daha da şənləndirirlər. Bundan başqa saza əlavə qurğular qoşaraq alətin səsini dəyişdirirlər. Ustad Ədalət vaxtı ilə sazda hind mahnıları ifa etdiyini etiraf edir. Amma bunu o dövrlər ölkədə yetəri qədər məşhur olan hind aktyoru Rac Kapurun şəninə ifa etdiyini deyir: “Bəli, mən özüm sazla hind mahnıları ifa etmişəm. Bu ilk dəfə Hindistana konsertə gedəndə baş verib. Mən Rac Kapurla görüşmüşdüm. O sazla çox maraqlandı. Mən də ona sazda bir milli, bir də hind mahnısı ifa etdim. Amma heç vaxt bunu hansısa konsert salonunda və ya efir məkanında etməmişəm. Əksinə, sazın qədimliyini yəni, bizə gəlib çatdığı formasını qoruyub təbliğ etmişəm”. \\Ustad Ədalətin şagirdi olan aşıq Ədalət Dəlidağlı hazırda ölkənin aşıq-saz məclislərinə dəvət alanların öndə gedənlərindəndir desək, heç də yanılmarıq. Hətta onu sənətsevərlər “Bala Ədalət” kimi təqdim edirlər. Ədalət Dəlidağlı istər efir məkanlarında isdərsə də toy məclislərində sazı olduğu kimi ifa edib, aşıq sənətinin orijinallığını yaşadır. Əməkdaşımızla həmsöhbət olan aşıq mövzu ilə bağlı bunları bildirdi.\\\\“Elələrini efirə çıxarmaq düz deyil”\\Aşıq Ədalət Dəlidağlı: “Saza əlavə qurğular qoşub onu öz bildikləri kimi çalanlara sadəcə ar olsun! Bu Azərbaycanın şifahi xalq ədəbiyyatına təhqirdir. Hesab edirəm ki, bizə ulu babalarımızın əmanəti olan bu sənəti gözdən salmaq deməkdir. Mən bunun əleyhdarıyam. Əgər kiminsə bir qeyri-adi istedadı varsa, gedib bunu skripkada, sintezatorda eləsin. Heç kimin sazı, tarı, kamanı formalaşdırmağa haqqı yoxdur. Əgər bu gün Aşıq Ələsgərin, aşıq Alının, Dədə Şəmşirin sazında rus, ingilis mahnıları çalırlarsa, bunu hörmətsizlikdən, təhqirdən başqa heç cür qəbul eləmək olmaz. Onu da qeyd edim ki, belə məsələlərin ortaya çıxmasında televiziyalarımızın da az günahı yoxdur. Elələrini efirə çıxartmaq lazım deyil”.\\\\“Xarici mahnılar ifa etmirəm”\\Digər həmsöhbətimiz aşıq Mübarizdir ki, əvvəlki müsahiblərimdən fərqli olaraq aşıq Mübariz sazı sintezatorla və yeni qurğular əlavə etməklə ifa edir. Aşıq Mübariz söhbət zamanı bunu zəmanənin, cəmiyyətin tələbi kimi qəbul edir: “Sizinlə tam razıyam. Mən özüm aşıq oğlu olmuşam. Hazırda mən də çörəyimi bu sənətdən qazanıram. Doğrudur, sazda xarici mahnılar ifa etmirəm. Belə şeylərin mən də əleyhdarıyam. Amma dəvət olunduğum məclisdə məndən sazda oynaq hava tələb edirlərsə, mən bunu çörəyimin xatirinə edirəm. Bir daha vurğulayıram, əgər sazda durub “Lambada” çalırlarsa, bu qəbulolunmazdır. Bunu edənlərin hamısı yeniyetmələrdir, onlar üçün sənətkar, ustad, mədəniyyət yox, populiyar olmaq maraqlıdır”.\\Hər üç sənətkarın fikirlərini bir yerə cəmləsək, işin kökündə rəsmi qurumların da günahkar olduğu qərarına gəlmək olar. Məsələn, əgər aidiyyatı orqanlar sözügedən halları Azərbaycanın qədim sənətinə zidd olduğunu bəyan etsə, ölkədə mövcud olan aşıqlar birliyi ilə sıx əlaqə qursa, belə hallar baş verərmi? Xeyirlə şər qardaşdır, deyirlər. Mollalara yas mərasimləri üçün “izin kağızı” verən hökumət bu tədbiri aşıqlar üzərində də tətbiq etsə, bax, onda xalq əsl sazın səsini eşidəcəkdir. Özü də həmin sazda “Kərəmi”, “Ruhanı”, “Şahsevəni”, “Cəlili”, “Baş Sarıteli”, “Osmanlı Divanisi” səslənəcəkdir, daha “Lambada”, “Çorni Qlaza”, “Kurtlar Vadisi” yox!\\Elgün Gəncimsoy





Həftənin ən çox oxunanları