Yuxarı

“Ədəbiyyatdan üzr istəyirəm”

“Ədəbiyyatdan üzr istəyirəm”

Heyf o kişiyə ki, oğlu Kəramətdir

rauf qeribDeyirlər, yeni nəslin ədəbiyyata gəlişi çox şeyi dəyişəcək. Yaxşıya ya pisə, onu görmək üçün zaman lazımdı. Amma bu “zaman” bizi nə dərəcədə sevindirəcək, nə dərəcədə məyus edəcək, onu demək bir az çətindir. Sərbəst şeirin “ağuşunda yatanlar” həddindən çox olsa da, ənənəvi şeirlərdə özünü tapan gənc yazarlar da az deyil. Bu gün həmsöhbət olduğumuz  gənc yazarlardan biri  Rauf Qərib də ənənəvi şeirin təmsilçisidir. Sinəsi sözlə dolu gənc şairi oxucuları ilə tanış edək;

-Qəribin ədəbiyyatda mövqeyi və yeri…

-Ədəbiyyatda Qərib elə ədəbiyyatda da qəribdi

-Oxucu üçün yazırsınız, yoxsa özünüz üçün?

-Mənə elə gəlir heç kim oxucu üçün yazmır. Lakin oxunanda qürurverici olur. Oxucu üçün yazmaq sifarişlə yazmaqdır elə bil.

-Niyə həmişə sərbəst şeirə aşkar şəkildə etiraz səsiniz ucaldırsınız?

-Şeirin sərbəsti olmur. Şeir elə çərçivə deməkdir. Sərbəst şeir belə olsa, öz ritmi, çərçivəsi olmalıdır mütləq. Onu bir az qəbul etmək olar. Amma İndiki dövrdə hekayə yazıb adını şeir qoyurlar və deyirlər Posmodernizmdir. Posmodernist şeir deyə bir şey heç yoxdur. O artıq "ÖZÜNÜ BURAXMIŞ ŞEİR OLUR". Sərbəstliyin artığı da ziyandı.

-Sizcə, ədəbiyyatda çərçivələri aşan şair istedadsız şairdi, yoxsa ümumuiyyətlə, şair deyil?

-Mən, ümumiyyətlə, kökünə bağlı olmayan kiminsə çərçivəni aşacağına inanmıram. Füzuli öz dövrünün çərçivəsini aşan olub, elə Ələsgər, Vurğun, Bəxtiyar da. Amma kökə sadiq qalaraq aşıblar o çərçivələri. Kiminsə çərçivəsindən aşmaq istəyəncə oğurluğa girən təcrübəsiz oğruya bənzəyir insan. Avropaya, ona bənzəyən və ya özünü ona bənzətməyə çalışan lazım deyil. Onlarda ondan “N” qədərdi. Onları biz özümüzünkü ilə təəccübləndirə bilərik. Öz çərçivə aşanlarımız kimi. Füzuli və s. yuxarıda sadaladıqlarım...

-O dediyiniz "kökə bağlılıq" sizcə çox çərçivəni aşıb?

-Ümumiyyətlə, şeirlə dünyada tanınmaq qəliz məsələdi. Söz öz mənasını tərcümələrdə itirir şeirdə. Amma mənə elə gəlir biz öncə özümüzün çərçivəmizi doldurub sonra ondan o tərəfə aşmağı düşünməliyik.

-Sizin baxış prizmanızdan yanaşsaq, istedadlı şair kimi kimləri misal çəkmək olar?

-Zəlimxan və Ramiz Rövşən ayrı dünyalardı. Musa Yaqub, N.Həsənzadə və s. isə öz sözlərini deyə biliblər. S.Sarvan güclü şairdi. Amma zəif adamdı. Öz zəifliyi şeirinin gücünə əngəl oldu. Qəşəm müəllim yaxşı şairdi, amma yerini tuta bilməyib. Şəhriyar nə yazdığını özü bilmir. Bəlkə nə vaxtsa özünü tapar. Çünki yaxşı fikirləri var. Bizim dostlarımızdan da istedadlılar xeylidi. Biri elə sənin özün. Nuranə Nur, Ruslan Dostəli , Vasif Zöhraboğlu və s. adlarını unutduqlarım. Yaxşı ədəbi mühit var indi. Və ələkdən keçə bilmək üçün çox çalışmalıyıq hamımız.

-Salam Sarvana "məhkum" demək necə bəs, düzgün olar?

-Bəli. Salam zəifliyinin məhkumudur.

-Şəhriyar Del Gəranini "özü də bilmir nə yazır" bu şəkildə ittiham etmək sizcə haqsızlıq deyilmi?

-İttiham etmirəm. Subyektiv fikrimi deyirəm. O hələ Şəhriyardı. Del və Gerani olmasına çox var.

-Siz onun ədəbi böyüklüyünü qəbul edə bilmirsiniz, yoxsa çərçivəni aşıb deyə xoş deyil onun yaradıcılığı?

-Hansı çərçivə? Onun-bunun?(kinayə ilə) Amma öz çərçivəsi boşdu hələ də.

-Bəs Kəramət Böyükçöl haqqında düşüncələriniz...

-Kəramət bədbəxtdir. Sadəcə, bunu deyə bilərəm. Kəramətdi də. Heyf o kişidən ki, oğlu Kəramətdi.

-İnsani keyfiyyətləri bir kənara, bəs yazıları?

-Yazılarının bircəciyini oxumuşdum. Adi yazı idi.

Hamı yaza bilər.

-Esmira Məhiqızı sizin düşüncənizdə necə şairdi?

-Esmira xanım şairdi. Əsl şair! Adını çəkməyi unutduğumçün Ədəbiyyatdan üzr istəyirəm. Yəqin ki, onun kimi unutduqlarım yenə də var...

-Şairləri bildik... Bəs müasir nasirlərdən kimləri istedadlı sayırsınız?

-Nasirlərdən oxumağa vaxtım yoxdu təəssüf ki, amma onlar da həddi aşır bəzən. Pis mənada!

Məsələn?

-Bir gün bir dostum dedi romanımı al oxu. Alıb oxudum. Söyüşdən başqa heç nə yoxdu. Düşündüm ki, görəsən, bunların ana-bacısı bunu oxuyur? Amma son zamanlar Vüsal Nurunun “Prezidentin qızı” romanını oxumuşdum. Çox xoşuma gəlmişdi.

-Ədəbiyyatda vulqarizmdən istifadə sizcə ana-bacıya hörmətsizlikdi?

-“Yazıçı” öz ana-bacısından gizlətdiyi yazını heç kimin ana-bacısına sırımalı deyil!

-Azərbaycan Yazıçılar Birliyinə üzvsünüz?

- Bəli. 2013-cü ildən.

-Gənc yazar kimi AYB-in prinsiplərin qəbul etməyən, haqqında kəsgin qərəzli fikirlər söyləyən bir gənc yazarın həmin ədəbi quruma üzv olması necə qəbul edilə bilər?

-AYB ədəbiyyatımıza dəstək olan yeganə rəsmi qurumdur. Təbii ki, nöqsanları var. Lakin olanımız budur. Qəbul etməsək də, etsək də, budur. Sahib çıxmalıyıq. Yəqin ki, zamanla düzələcək.

-Son vaxtlar Azərbaycan Jurnalistlər Birliyinə də üzv olmusnuz (yeri gəlmişkən təbrik edirəm). Sizi jurnalistikaya bu cür nə bağladı ki?

-Çox təşəkkür edirəm. Ədəbiyyatda jurnalistika paraleldi məncə. Mən hələ Türkiyədəykən jurnalist fəaliyyəti ilə məşğul idim. Hətta radiolardan birində aparıcı da çalışmışam illərlə. İndi də saytım var. Üzv olmaq üçün təklif gəldi. Qəbul etdim, layiq bilənlərə təşəkkür edirəm

-Qəribdən bir bənd qoşma istəsək əgər...

-Həyat məni yaman yorub,

 Qalmayıbdır dözüm, Ana.

 Hərdən baxıb öz-özümü,

 Tanımıram özüm, Ana.

-Ədəbiyyata laqeydlik çoxdur?

-Çox deyil. Lap çoxdu. Onun da ki, bəzən haqlı səbəbləri olur. İnsanların gecə gündüz işləməkdən oxumağa vaxtı var?!

-Bəs siz özünüz kimləri oxuyursunuz?

-İndi Mövlana oxuyuram və facebookda qarşıma çıxan bütün şeirləri..

-Facebookda ədəbiyyat yaratmaq olar?

-Facebook gözəl vasitədi. Qəzet, jurnal alan çox azdı indi. Ədəbiyyat elə sosial şəbəkələrdə inkişaf edir

-Qərib, qəribçilik sənə nə verdi, nəyi aldı?

-Bax, bu yaralı yerimdi. Qəribçilik hey aldı, hələ də alır. Amma alsa da xoşbəxtəm. Dünyada ən xoşbəxt mənəm

-Bəs nəyi verdi? Yaxşı ailə verdi desək düzgün olarmı?

-Əlbəttə. Qəribçilik mənə peşə də verdi. Bu gün çoxundan yaxşı dolanıramsa, ordan öyrəndiklərimdəndir.

-Həyatda nədən qorxursunuz?

-Sevdiklərimi itirməkdən.

-Muasir tənqidçilərə münasibətiniz...

-Tehran müəllim əla tənqidçidi. Ondan başqasını tanımıram zatən.

-Məsələn, desək Vaqif və Cavanşir Yusiflilər, Əsəd Cahangir və başqaları var...

-Əsəd Cahangirin yaxşı tənqidçi olduğunu eşitmişəm. Amma təəssüf ki, oxumaq nəsib olmayıb.

Cavanşir müəllim məncə, dara düşüb. Söhbətin ətrafında dönüb durur. Ortaya bir şey çıxmır.

-Bəs Vaqif Yusifli?

-Tanımıram.

-Tanımırsınız, yoxsa tanımaq istəmirsiniz?

-Tanımıram sadəcə. Niyə istəməməliyəm ki. Şad olaram tanımağıma.

-Klassik ədəbiyyatda satirikləri necə qəbul edirsiniz?

-ŞA(k)İR və ŞA(d)İRƏ ilə çox demək istədiyimi deyirəm. Satiranı isə sevirəm.

-Kimləri qəbul edirsiniz?

-Satira deyəndə yadıma Sabir və Baba Pünhan gəlir. İndi də var yazanlar. Amma bəzən satira ilə təhqiri qarışdırırlar.

-Qərib ədəbiyyatda nəyi görmək istəyir..?

-Saysam bitməz... Amma paxıllıq olmasa, gerisi düzələcək...

Əntiqə Səməndər





Həftənin ən çox oxunanları