Yuxarı

"Bir neçə şeiri məcbur yazmışam"

[caption id="attachment_3258" align="alignleft" width="299"]vuqar ehmed Vüqar Əhməd: "Kimin şeirini görürəmsə, oxuyuram"[/caption]

İnsanlar dünya adlı fani bir evdə qonaqdılar. Onun təbirincə,  biz bu dünyada ona görə darıxırıq ki, o dünyamıza tələsirik. Deyir ki, bu dünyada hamımız qonağıq. Bugünkü həmsöhbətimiz neçə-neçə bəstələrə şeir yazan nəğməkar şair Vüqar Əhməddir .

-Vüqar Əhməd poeziyasında ən çox yer verilən mövzu hansı mövzudur?

-Əlbəttə ki, bü günümüz, dünənimiz və sabahımız üçün lazım və vacib olan mövzular mənim poeziyamda daha çox yer alır...

Bir sözlə, Vətənə, anaya və başqa sevdiklərimizə olan məhəbbət. Allaha olan eşq.

-Şairlər üçün dəniz ümmandır, yoxsa sığınacaq yeri?

-Dəniz, dənizi sevənlər üçün həmdərd, həmsöhbətdir, dəniz həm də ilham mənbəyidir.

-Sizcə, şair ilham olmadan şeir yaza bilər? Yeni "istədiyim vaxt yazaram" ifadəsi nə dərəcədə doğrudur?

-Mən yaza bilmirəm. Neçə aydır ilhamım gəlmir, şeir yazmıram. Məcbur, söz ustası kimi (qeyri-təvazökarlıq olsa da) yaza bilərəm, amma ruhuma zor etmiş olaram. Bu, qələmə, ilhama, ruha xəyanətdir əslində...

-Vüqar Əhməd belə bir "xəyanət" edibmi?

-Bəli, arabir olub belə “xəyanətlər”. Bəstəkarlar təcili şeir istəyəndən çox bu halda yazmışam. Onda da çox vaxt tələsməmişəm, ruhumu kökləmişəm.

-Payız tənhalıq rəmzidir. Şairlər də payızda mənən tənhalaşır?

-Məncə, bütün insanlar tənhadır, təkcə şairlər yox. Nə payız, nə qış. İnsanı duyan qeyrisi nadir halda olur. Sadəcə, ruhən yaxın insanlar var. İnsan bir yerə qonaq gedir, darıxır evi üçün. Biz də bu dünyada qonağıq, ona görə sıxılırıq. O biri dünyamız üçün darıxırıq.

-Mahnı mətnləri yazmaq və bəstəkarlarla işləmək sizi mükəmməl, fəlsəfi şeirlərdən qoparmır ki?

-Xeyr,daha da məni püxtələşdirdi, daha da kamilləşdim.

-Qəzəbdən şeir yazdığınız vaxtlar olubmu?

-Bəli, olub. Dünyadan narazılıq dolu, kədər və pərişanlıq motivli şeirlər olub. Qəzəbli olanda kamançada ifa edirəm. Çalğım da qəmli olur. Sanki muğam yox-nalə səslənir.

-Bu, sizə mənən sakitlik verir?

-Bəli, əlbəttə, bəzən elə düşünürəm ki, bu Kaman səsindən yaxşı məni başa düşən olmaz. Sakitləşirəm,rahatlıq tapıram.

-Adətən, xatirələr şeirlərə büküləndə şairin əhvalı necə olur?

-Xatirələr çözələndi

Mənim dünyam təzələndi...

-Təzələnmiş dünyada köhnə xatirələr,şair?

-Xatirələrimi "Qarabağ yuxusu” yaxud “Yuxuda qələbə" adlı avtobioqrafik romanımda oxucularla bölüşmüşəm. Valideynlərimlə bağlı xatirələrdən qaçıram. Mən həmin xatirələrdə hələ də uşaq kimi kövrəlirəm.

-"Arzular sizdən uzaq" olanda əhvalınızı şeirə kökləmək asan olurmu?

-Bizi yaşadan xoş arzulardır.

Ruhdan da salan boş arzulardır

-Həyat həmişə şeirlərdə gülüb, yoxsa ağlayan vaxtları da olub?

-Daha çox ağlayan vaxt olub. Bəlkə də nalə çəkən…

-Yazığınız gələn şeiriniz olub?

-Olub. Bir neçə şeirim var, məcbur yazmışam. İndi həmin şeirə yazığım gəlir. Talesiz insan kimidir…

-Onlar da taleyindən gileylənirmi qələminizdə?

-Bəli. Hələ məcbur vərəqlərə süzüldüklərinə görə məni qınayırlar. Mən də ürəyimi…

-Kaman səsi Vüqar Əhməddən nələri "alır"?

-Kaman səsi gözəl səs tembri olan

insan səsinə bənzəyir. Ana laylasıdır, Vətənin qədim dünyadan gələn səsidir. Kaman səsi qəlbimə, kədərimə həmdərd olur. Heç nəyi alımır, əksinə, nələr verir, nələr...

-Şeir hansı sərhədləri aşıb?

-Şeir işğalçı deyil, sərhədləri aşsın. Gözəl şeir insanların ruhlarını ovsunlayır.

-Ürəkdən gülməməyin gileyin şeirə də etmsiniz, deyirlər...

-Bəli,olub

-Ədəbi müstəvidən baxanda gənc yazarlar sizə yaxşı qələm sahibi kimi görünür?

-İçində yaxşı yazanlar var. Amma bəziləri əndrabadi şeirlər yazır, gündəmdə qalmaq üçün, dahilik iddiasındadırlar. Bəziləri Allahı, dinimizi təhqir edirlər, bəziləri millətimizi aşağılayırlar ki, Avropaya xoş gəlib-mükafat alsınlar.

-Gənclərdən kimləri oxuyursunuz?

-Sosial şbəklərdədn ən çox izləyirəm gəncləri. Kimin şeirini görürəmsə, oxuyuram.

-Ümumi kitabdan oxumursunuz?

-Xeyr, saytlardan oxuyuram. Yaxşı şeir olanda oxuyuram, ruhum dincəlir..

-Kitab təqdimatlarinda iştirak edirisniz?

-Ara-sıra vaxtım olanda, bəli.

-Şeiri formasına görə fərqləndirmək və qiymətləndirmək nə drrəcədə doğrudur?

-Bu düzgün fikir deyil. Forma gözəldirsə, lap yaxşı. Seyid Əzim demişkən; “südün içinə bal töksən, əliyül-əla”. Amma əsas məzmun- ideya, məna çalarlığı, poetizimdir.

-Biz adətən, Vüqar Əhmədi heca şairi kimi tanıyırıq. Bu sual ona görə yarandı. Sərbəst şeir oxuyursunuz, ümumiyyətlə?

-Mən də sərbəst şeir yazmışam. Amma çox az. Əlbəttə, oxuyuram, əgər o ədəbi nümunə ruha mənəvi qida verirsə, nədən onu oxumayaq? Özü də, biz söz əhliyiksə... Çox gözəl şərbəst yazan şairlər var. Biz necə Nazim Hikməti, Ramiz Rövşəni bir neçə belə dəyərli şərbəst şeir yazan şairləri oxumaya bilərik? Bir sözlə, əsas şeirin mənası və poetikasıdır. Şeirdə bu varsa, demək o şeiri oxumağa dəyər.

Əntiqə Səməndər





Həftənin ən çox oxunanları