Yuxarı

Emin Piri: “Nə yazıq ki, ədəbiyyatımız bu vəziyyətdədir”

Emin Piri: “Nə yazıq ki, ədəbiyyatımız bu vəziyyətdədir”

emin piri"Tənqidin inkişafı olduğunu desək, gülməli olar"

Müasir ədəbi mühitə nəzər salsaq, gəncliyin yaradıcılıq sferasına sürətlə axınını görməzdən gəlmək günah olar. Amma bu axının içində nə qədər istedad var? - Bu suala cavab vermək üçün ədəbi mühiti sezmək gərəkdir. Sezmək üçün isə ədəbi gəncliyin ayr-ayrı nümayəndələrilə həmsöhbət olmaq gərəkdir. Onlardan biri, gənc şair Emin Piri ilə həmsöhbət olduq. Müsahibimiz ədəbiyyatda qarşısına çıxan yaxşılı-pisli məqamlardan danışır...

-Müasir ədəbi mühitə Emin Pirinin baxışı…

-Müasir ədəbi mühitə hər hansı baxış formaşlardırmaqla məşğulam desəm, yalan olar. Bu məni, ümumiyyətlə, maraqlandırmır. Sadəcə, yazıram və vaxtım olduqca mütaliə edirəm. Bəyəndiyim əsərlərdən zövq alıram. Bundan ayrı bir şeyə enerji tükətmək istəməzdim. O qədər bekar deyiləm ki, ədəbi mübarizə metodları düşünəm, vaxt itirəm... Yalnız bir şey deyə bilərəm, mən Emin Piriyəm - bu imzanın özü mənimcun ədəbi baxışdır.

-Əsasən, orta nəsil tərəfindən ədəbiyyatda gənclərə niyə az yer verilir?

-Bunu orta nəsil edir, deməzdim. Bu, gənclər arasında da bir çox hallarda yaşanır. Paxıllıq, qısqanclıq və s . Amma bu, daha çox yaşlı nəsildə də muşahidə olunur. Bəzilərində istedadlı gənclik qorxu yaradır. Yaratdıqlarının dağılacağından qorxurlar. Amma istedadlı gənc bunlardan narahat olmalı deyil. Çünki mane olan yalnız məğlub olar və ədəbiyyat tarixində özünə şərəfsiz ad yazdıra bilər.

-Özünüz bu cur hallarla rastlaşmısınız?

-Yəqin ki, kimlərsə təsir edir. Amma mən gülüb keçirəm. Kimlərinsə mənim istedadımdan narahat olması məndə özünəinam və rahatlıq yaradır. Həm daha ədəbi baxımdan mane olmaq üçün geciklər. 2-3 il öncə nəsə eləyə bilərdilər, amma indi çox gecdir. Əksinə, indi çalışsınlar ki, mən mane olmayım (gülür).

-Deyəsən, təkəbbür öz işini görür…

-İnsanların şəxsi həyatına, ədəbi mühitdə nə etmək istədiklərinə qarışmıramsa, ədəbi aləmdəki uğurlarına paxıllıq etmirəmsə, elə bu hərəkətim qoy, təkəbbür olsun. Mən yenə qeyd edirəm, məni ən çox ədəbi aləmdə nə yazmağım maraqlandırır. Daha çox marağım bunadır, nəinki kiməsə paxıllıq etməyə.

-Bizim yazarlara əsərlərinə görə yox, şəxsiyyətlərinə görə qiymət verirlər. Sizcə, bu, nə qədər düzgün yanaşmadır?

-Sırf ədəbi konteksdən yanaşırıqsa, əlbəttə ki, bu, birmənalı şəkildə qəbuledilməz haldır. Nə yazıq ki, amma ədəbiyyatımız bu vəziyyətdədir. İnsanlığı dostluqda, vətəndaş olmaqla dəyərləndirmək olar. Bunun isə istedadla və ədəbiyyatla əlaqəsi yoxdur. Azərbaycan ədəbiyyatında (indiki dövr üçün) istedaddan çox iş yoldaşlığına, eyni yerdən qonorar almağa, “dostluğa” dəyərt (əgər buna dəyər demək olarsa) və önəm verilir.

-Yaradıcılığınızın ilkin mərhələsi hansı mövzularla başlayıb?

-Mövzu baxımından düzü tam olaraq xatırlamıram. Heç vaxt mövzular haqda düşünməmişəm. Amma müharibə mövzuları diqqətimi çəkib desəm, yanılmaram.

-Tənqidin inkişafı sizi nə dərəcədə qane edir?

-Tənqidin inkişafı olduğunu desək, gülməli olar. Yalnız bir neçə tənqidçi var ki, onlar ədəbiyyatda bacardıqlarını edirlər və obyektiv olmağa çalışırlar. Bu da tənqidi tamadalıqdan ayırd edir.

-Müasir tənqidçilərin bu qədər çalışmağı sizcə, heç nədir?

-Bir neçə nəfərin çalışmağı sizcə, hər şeyi həll edə bilərmi? Təbii ki, yox. Üç-dörd nəfərin işgüzarlığını ümumi vəziyyətlə ölçməsək, daha yaxşı olar.

-Ədəbi gəncliyin qələmi ürəkaçandır?

-Kimin nə deməyindən asılı olmayaraq, bu barədə gileylənməyəcəm. Ürəkaçandır. Hətta poeziyada çox inkişaf olub. İnkişaf etmiş ədəbi nəslin meydana gəlməyi göz önündədir.

-Kimləri oxumaq vaxt itkisidir?

-Kütlənin oxuduğu kitabların əksəriyyətini oxumaq vaxt itkisidir. Hətta intihardır deyərdim.

-Siz kimləri oxuyursunuz?

-Həm hamını, həm də heç kimi… Düzü, indi oxumağa vaxtım az olur. Çünki osmanlı türkçəsindən nağıllar tərcümə etməklə məşğulam.

-Nağıllarla kimi “aldadırsınız”?

-Heç vaxt heç kimi aldatmıram. Amma aldanmaq istəyənlər üçün nağıl uydurmaq elə asandır ki… Yazar öz əsərində aldatmağı bacarmalıdır. Bu, istedaddan irəli gəlir və profesionallıqdan xəbər verir. Amma bu ədəbi yalan şər-böhtana xidmət etməməlidir.

-Bəzən poeziyada nağıl uydurmağa məcbur olursunuzmu?

-Poeziya ən gözəl nağıldır…

-Aldananlar üçün?

-Əsas mənadan sapınmayaq məncə.. Xeyr, duyanlar üçün.

-Məgər ədəbiyyatda aldananlar azdır?

-Siz nəyə və kimə eyham vurursun

uz bilmirəm. Mövqeyinizi desəniz, bəlkə sualınıza cavab verərədim. Məsələn, belə deyək də, siz Əsədə Canahgiri bəzən tərifləyirsiniz, bəzən də onun pul əsiri olduğunu deyirsiniz. Bunu anlamaq bir az çətin olur.

-Bugünkü müsahibim Əsəd Cahangir yox, sizsiniz! Sual sizə ünvanlanıb.

HAŞİYƏ: Bunun Əsəd bəylə nə əlaqəsi olduğu isə ( sizin bu mövqeyiniz) mənə qətiyyən aydın deyil. O ki qaldı Əsəd Cahangirə münasibətimə, onu da izah edərəm. Bəli, mən Əsəd bəyi tənqidçi kimi yüksək dəyərləndirirəm, amma ümumi şəxsiyyət kimi onun dünyagir olduğunu heç də danmıram.

Keçək digər suala:

-Xarici ədəbiyyatın bizim ədəbiyyata girişi nə dərəcədə müsbət haldır?

-Bu təsir hələ ki, bizdə uğursuz gedir. Ya da bu təsirə uğursuz formada düşürlər. Bu, təkcə ədəbiyyatda belə deyil. Bütün sahələrdə belədir.

-Kitab satışından razısınız?

-Nə qədər desələr də, kitab satışı yoxdur, buna inanmıram və bunu ağ yalan qəbul edirəm. Sadəcə, bu qazanılan məbləğ yazıçını maliyyə cəhətdən təmin edəcək qədər yüksək deyil.

 Əntiqə SƏMƏNDƏR





Həftənin ən çox oxunanları