Yuxarı

Erməni ordusunda "təmizləmə əməliyyatı” - Paşinyan hərbçilərə niyə etibar etmir?

Erməni ordusunda

Erməni ordusunda

Ermənistanın Baş naziri Nikol Paşinyanın göstərişi əsasında Müdafiə Nazirliyi orduda ixtisarlara başlayıb.

İxtisarlar əsasən ordunun şəxsi heyəti ilə bağlıdır. Silahlı Qüvvələrdə müqavilə əsasında xidmət edən hərbçilərin tam əksəriyyəti Ermənistan Müdafiə Nazirliyi ilə bağlanmış əmək müqaviləsinin müddətinin başa çatması ilə bağlı xəbərdarlıq alıblar. Müqavilələr yanvarın 8-də ləğv ediləcək və onların müddəti uzadılmayacaq. Müharibədən sonra Ermənistan ordusunda aparılan bu islahat iki istiqamətdən maraqlıdır.

Birincisi, 44 günlük müharibədə Ermənistan ordusunun yenilməzliyi haqqında mif darmadağın oldu və ordunun 80 faizi sıradan çıxdı. İkincisi isə orduda Nikol Paşinyana qarşı əks cəbhədə mövqe tutanların sayı artdı. Hətta müharibədən sonra Rusiyanın Ermənistanda hərbi çevriliş də edəcəyi düşünülürdü. Amma 10 Noyabr bəyanatının tələblərinin yerinə yetirilməsi öhdəliyi bu versiyanı arxa plana keçirdi.

Ermənistan hökuməti ordunun kadr bazasını niyə yeniləyir? Rusiyaya bağlı hərbçilər ordudan kənarlaşdırılacaqmı?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, Ermənistan ordusunda aparılan bu islahat daxili siyasi mübarizənin bir elementi kimi qəbul edilə bilər:

"Ermənilər ll Qarabağ müharibəsinə qədər hər gün "peşəkar ordu yaradılsın” deyib dururdular. Peşəkar ordu elə müqavilə əsasında muzdla işləyən ordu deməkdir. Peşəkar ordunu elə nümunəvi ordunun forması kimi qəbul edirdilər. Əgər indi Ermənistan rəhbərliyi orduda müqavilə ilə çalışanları uzaqlaşdırmaq istəyir və onların müqavilələrini yeniləmək niyyətində deyil, bu daxili siyasi mübarizənin bir elementi kimi qəbul edilə bilər. Çünki orduda Paşinyanın əleyhdarları çoxdur. Üstəlik də orduya Qarabağ klanının, eləcə də digər Paşinyan əleyhdarlarının əli çatır. Bu baxımdan görünür, Paşinyan ordunu təmizləmək fikrinə düşüb və bir müddət müqavilələri yeniləməyəcək. Sonradan isə yenidən müqavilə ilə özünün məqbul bildiyi şəxsləri orduya qəbul edəcək. Bu çox mürəkkəb bir prosesdir və prosesin arxasında kimlərin dayandığını, hansı məqsədlər güddüyünü söyləmək müəyyən qədər çətindir”.

Politoloq hesab edir ki, Paşinyan Rusiyaya bağlı yüksək rütbəli hərbçiləri ordudan uzaqlaşdırmaq məqsədi güdə bilər, çünki buna məcburdur:

"Bu addımın məqsədinin ordudan Rusiya meylli qüvvələrin uzaqlaşdırılması olduğunu söyləmək çətindir. Çünki bu o qədər də asan proses deyil. Əksinə son zamanlar Paşinyanın mövqeyində Rusiyaya meyllilik hiss olunur. Amma onu da istisna etmirəm ki, Rusiya kəşfiyyatı ilə əlaqəsi olan zabitləri və daha yüksək rütbəli hərbçiləri ordudan uzaqlaşdıra bilərlər. Çünki onlar çox təhlükəlidirlər və yeri gələndə Rusiyanın bir komandası ilə dərhal hərəkətə gətirilə bilərlər. Bu mənada Paşinyan bu addımı atar və atmağa məcburdur”.

Əli Bədir





Həftənin ən çox oxunanları