Belə ki, 10-a yaxın rusiyalı general "Rosqvardiya"dan istefa barədə ərizə yazıb. "Kommersant"ın yazdığına görə, onların arasında Operativ İdarənin rəisi, general- leytenant Nikolay Kosyanko, general-leytenant Kazimir Botaşev, general-leytenant Pavel Bobkov, Rabitə İdarəsinin rəisi, general-leytenant Aleksey Belyakov, Şəxsi Heyətlə İş İdarəsinin rəisi, general-leytenant Nikolay Ryabçenkov, general-leytenant Aleksandr Şkolnikov, Dövlət Proqramlarının Reallaşdırılması Departamentinin rəhbəri, polkovnik Aleksandr Savkin, Hərbi Orkestr Xidmətinin rəhbəri polkovnik Vladimir Vasyakın da adı var. Yüksək çinli hərbçilərin eyni vaxtda istefa ərizəsi yazması sual doğurmaya bilməz.
Digər maraqlı məqam isə ondan ibarətdir ki, "Rosqvardiya" bu barədə xəbərə şərh verməkdən imtina edib.
Bildirilib ki, bu şəxslərin təyinatı və işdən azad edilməsi dövlət başçısının səlahiyyətindədir. Bəzi raportlar artıq təsdiqlənib, digərləri baxılma ərəfəsindədir.
Maraqlıdır, Rusiya Prezidenti Vladimir Putinin generalları ordudan uzaqlaşdırmasının arxasında hansı məqsədlər gizlənir?
"Orduda vəzifə tutan generallar azad ediliblərsə, deməli...”
Politoloq Elşən Manafov "Cümhuriyət”ə açıqlamasında deyib ki, generalların tutduqları vəzifələrdən uzaqlaşdırılmasını bir neçə məsələ ilə əlaqələndirmək olar:
"Məsələyə birmənalı mövqe sərgiləmək mümkün deyil. Ordu bütün hallarda siyasi proseslərdən kənarda olmalıdır. Əgər generallar Putinin növbəti seçkilərə hazırlaşması ilə əlaqədar belə bir mövqe sərgiləyirlərsə, bu təəssüf doğurmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Vladimir Putin Rusiyada hərbi- sənaye kompleksinin təmsilçisi kimi tanınıb. Ümumiyyətlə, Rusiya silahlı qüvvələri Putinin hakimiyyət başına gəlməsindən sonra ondan ciddi dəstək alıblar.
Putinə qədər Rusiya Silahlı Qüvvələrinin ümumi durumu bəlli idi. Boris Yeltsinin iqtidarı dönəmində Rusiyanın dövlət büdcəsindən silahlı qüvvələr kifayət qədər vəsait ayrılmırdı və bu silahlı qüvvələr NATO ilə, Birləşmiş Ştatlarla müqayisədə kifayət qədər geridə qalmışdılar. Bu fikirləri xüsusən Rusiyanın raket sənaye kompleksinə nəzərən demək olar. Putin hakimiyyətə gələndən sonra Rusiyanın enerji imkanlarından istifadə edərək ordunun hərbi qüdrətinin artırılması istiqamətində addımlar atdı. Bu mənada generalların Putindən narazı olduğunu düşünmürəm. Ordu bütün hallarda dövlət başçısının bütün göstərişlərini yerinə yetirməlidir.
Təbii ki, Rusiyada baş verənlər fonunda generalların istefasına da siyasi don geyindirmək istəyənlər də olacaq. Amma bütün hallarda orduda vəzifə tutan generallar azad ediliblərsə, demək Putinin həmin generallarla bağlı məmnun olmadığı hansısa məqamlar var. Həmin sahədə mövcud olan boşluqlara görə, generallar tutduqları vəzifədən dövlət başçısı tərəfindən azad ediliblər. Bu məsələyə məhz hüquqi konteksdə qiymət vermək lazımdır.
Güman etmək olar ki, Rusiya ordusunda Qərbin sifarişini yerinə yetirəcək qüvvələr də ola bilərdi. Bunu istisna etmirəm. Əgər həmən generallar ordunun siyasi proseslərə müdaxiləsi üçün müəyyən qərarlar qəbul edib, addımlar atacaqdılarsa, Putinin onları tutduqları vəzifədən uzaqlaşdırması tamamən anlaşılandır. Bu onun hüququdur”.
Rəqiblərə əzəzlə nümayişi?
Politoloq hesab edir ki, "Rosqvardiya"dan generalların uzaqlaşdırılması Putinin NATO-ya demarşı kimi dəyərləndirilməlidir:
"Xüsusən NATO Baş katibinin 16 fevral tarixində "Əgər Rusiya qarşıdurma istəyirsə, NATO buna hazırdır”- deməsi ciddi bir bəyanatdır. Bu bəyanat göstərir ki, NATO əvvəllər Rusiya ilə razılığa gəldiyi məsələlərdə üzərinə götürdüyü öhtəlikləri yerinə yetirmək fikrində deyil və Şərqə doğru genişlənmək istiqamətində öz planlarını həyata keçirmək fikrindədir. Digət tərəfdən görünür ki, NATO bundan sonra da anakonda əməliyyatını davam etdirib, Rusiyanın təsir dairəsini daha da daraltmaq fikrindədir. NATO-nun hərbi- siyasi təşkilat olduğunu nəzərə alsaq, xüsusən Baydenin hakimiyyət başına gəlməsindən sonra sözügedən təşkilatın belə bir mövqe sərgiləyəcəyi gözlənilən idi. NATO-nun mövqeyi ondan ibarətdir ki, Rusiya Krımı ilhaq edib, MDB dövlətlərinin suveren hüquqlarına beynəlxalq hüquq normaları kontekstindən mövqe sərgiləmir və ayrı- ayrı dövlətləri təhdid edir.
NATO da perspektivdə bu dövlətlərin Rusiyanın təsir dairəsinə daxil edilməsinə göz yummaq fikrində deyil. Ona görə də NATO bu səpkili bəyanatlarla çıxış edir. NATO-nun 16 fevralda xüsusi bəyanatla çıxış etməsinin ardından Rusiya dövlət başçısının belə bir qərar qəbul etməsinin özü də Putinin NATO-ya və Birləşmiş Ştatlara qarşı olan demarşı kimi dəyərləndirilməlidir. Digər tərəfdən Bayden hakimiyyətə gəldikdən sonra ABŞ-la Rusiya "Strateji hücum silahlarının məhdudlaşdırlması” müqaviləsinin müddətinin uzadılması barədə razılıq əldə edilməsi onu göstərir ki, qlobalistlər də, NATO da hər halda Rusiyanın gücü ilə hesablaşırlar və onunla real hərbi qarşıdurmaya getmək fikrində deyillər.
Bir daha xatırladım ki, Rusiyanın raket sənaye kompleksi, nüvə silahının kontingenti bütövlükdə götürüldükdə NATO-nun eyni silah gücünə bərabərdir. Ona görə də NATO Baş katibin bəyanatına baxmayaraq, Rusiyaya qarşı savaş açacağı gözlənilmir. Putinin hərbçiləri uzaqlaşdırılması NATO-ya demarş kimi qiymətləndirilməlidir.
Hesab edirəm ki, generalların ordudan uzaqlaşdırılmasının hələ ki, Putinin varis planı ilə əlaqəsi yoxdur, o planın vaxtına xeyli var. NATO-nun məlum bəyanatından sonra Rusiya demarş anlamında əzələ nümayiş etdirməli idi. Putinin də bu addımı həmin əzələ nümayişi hesab olunmalıdır”.
Əli Bədir