Belə ki, NATO ölkəsi olan Kanada Rus millətçi təşkilatı olan "Russkoe imperskoe dvijenie”nı ("Rus İmperiya Hərəkatı”) terrorçu elan edib. Kanadanın İctimai Təhlükəsizlik Nazirliyi açıqlamasında bildirilib ki, "Rus İmperiya Hərəkatı” terrorçu təşkilatın göstərişi ilə və ya onun maraqları naminə hərəkət edib. Bu qərarın Birləşmiş Ştatların göstərişi ilə də alındığı istisna edilmir.
Göründüyü kimi, artıq, Rusiyaya məxsus olan təşkilatlara qarşı sərt qərarlar alınmağa başlanılıb. Siyasi ekspertlər hesab edirlər ki, Rusiyaya məxsus olan başqa təşkilatların da terrorçu elan ediləcəyi gözlənilir. Xatırladaq ki, ABŞ 2019-cu ildə İran İnqilabı Keşikçiləri Qvardiyasını (SEPAH) terrorçu elan edib.
Maraqlıdır, ABŞ qeyri-rəsmi olsa da, Rusiya tərəfindən maliyyələşdirildiyi və rəsmi Moskvanın maraqlarına xidmət edən, hətta birbaşa Prezident Putinə bağlılığı bildirilən "Vaqner" muzdlu birləşməsini də terrorçu elan edə bilərmi?
Politoloq Elşən Manafov "Cümhuriyət"ə açıqlamasında bildirib ki, ABŞ tərəfindən "Vaqner"in terrorçu elan ediləcəyi istisna edilmir:
"Kanadanın "Rus İmperiya Hərəkatı”nı terrorçu təşkilat elan etməsi Kremlə qarşı ABŞ-ın tətbiq etdiyi böyük ssenarinin tərkib hissəsidir. Ona görə də ABŞ-ın "Vaqner"i terrorçu təşkilat elan edəcəyi də gözləniləndir. Rusiya bu təşkilatın vasitəsi ilə müxtəlif ölkələrdə öz maraqlarını qoruması üçün birbaşa olmasa da, dolayısı ilə hərbi əməliyyatlar keçirib. "Vaqner"in başında dayanan şəxsin Putinlə yaxın əlaqəsi olduğu və hətta onun Putinə aşbazlıq etdiyi də bilinməkdədir. Kanadanın da son bir neçə ildə sərgilədiyi mövqe və son illərdə bu dövlətin rus vaksinlərinə qarşı apardığı təbliğat göstərir ki, Kanada Birləşmiş Ştatların Kremlə qarşı siyasətinə dəstək verir. Kanada əslində anqlo-saks dünyasının ayrılmaz tərkib hissəsi kimi bilinir. Kanadanın Britaniyanın dominionu olduğunu unutmaq olmaz. Kanadanın general qubernatoru Britaniya Kraliçasına tabe olması məsələsi var. Bu gün Navalnı məsələsində Britaniyanın Rusiyanın üzərinə getməsi də göstərir ki, bütün bunlar vahid mərkəzdən idarə edilən ssenaridi və Kanada da bu planda yer alan bir tərəfdir. Rusiyaya qarşı artan sanksiyalar fonunda "Vaqner" qruplaşmasının da yaxında terrorçu təşkilat elan ediləcəyini istisna etmirəm".
Ekspert hesab edir ki, əgər proseslər belə davam edərsə, Rusiya da cavab addımları atacaq:
"Əgər Rusiyanın "Vaqner" və bu kimi, digər qeyri-rəsmi təşkilatları terrorçu elan ediləcəksə, o zaman rəsmi Moskva da alternativ addımlar atacaq və Amerikanın himayəsində olan, lakin rəsmi olaraq Vaşinqtona məxsus olmayan təşkilatlar da Rusiya tərəfindən terrorçu elan ediləcək. Rusiya bu təşkilatların adlarını da açıqlayacaq və dərhal terrorçu elan edəcək".
E.Manafov qeyd edib ki, ABŞ-ın bu siyasətinə Şərqi Avropa ölkələri də qoşula bilər:
"Nəzərə alsaq ki, Baydenin Avropa ölkələrini Amerika ilə ortaq maraqlar müstəvisinə gətirəcək və NATO-ya da münasibəti Trampdan yaxşıdır, o zaman Rusiya təşkilatlarının Qərb dövlətləri tərəfindən "domino effekti” ilə terrorçu kimi tanınması da istisna edilmir. Bayden ən azından Avropa ölkələrinə Marşal planında olduğu kimi yardım göstərəcək. Avropa İttifaqında aparıcı dövlətlərinin Amerikanın bu siyasətini dəstəkləyəcəyini istisna etmirəm. Nəzərə alsaq ki, ABŞ NATO-nun Şərqə doğru genişlənmə siyasətindən də daşınmayıb, o zaman perspektivdə Şərqi Avropa ölkələrinin də Birləşmiş Ştatların siyasətinə qoşulacağı izah edilən və anlaşılan olacaq".
Əli Bədir