Seçkilər yaxınlaşdıqca siyasi gərginlik də artır. Seçkidə iştirak edəcək namizədlər müəyyən edilir. İstər islahatçı, istərsə də mühafizəkar qanadın namizədləri ola biləcək şəxslərin ya öz dilindən, ya da onların namizəd olacaqları haqqında mətbuatdan məlumatlar eşidirik. Namizəd ehtimalları içərisində azərbaycanlıların da adları qeyd olunur.
Belə ki, iyun ayının 18-də keçiriləcək seçkilərlə bağlı danışan Təbrizin millət vəkili Məsud Pezeşkiyan namizədliyini irəli sürə biləcəyini bildirib. İslahatçı qanad seçkilərdə namizədlərinin kimliyi ilə bağlı məlumat verməyib. Ancaq bir sıra mətbuat orqanları Məsud Pezeşkiyanın bu qanadın əsas namizədi kimi nəzərə alındığını yazıb.
Maraqlıdır, təbrizli millət vəkilinin prezident seçilmək imkanı varmı? Ümumiyyətlə, İranda azərbaycanlı namizəd prezident seçilə bilərmi?
"Onlar İran mərkəzli fars düşüncə sisteminə qulluq edirlər”
"Cümhuriyət”ə açıqlamasında "Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, İranda rejimin istəyindən kənarda kimsənin prezident seçilməsi mümkün deyil:
"Xomeyninin dövründə Seyid Əli Xamneyi İranın prezidenti olub. İndi də ölkənin Ali rəhbəridir. Amma Xamneyi Azərbaycan türkü olsa da, türklərin hüquqlarının qorunması istiqamətində heç bir iş görməyib. Yəni məsələ İranda kimin prezident seçilməsi deyil. Bütün yüksək vəzifədə olanlar İran hakimiyyətinin təmsilçisidir və İran mərkəzli fars düşüncə sisteminə qulluq edirlər. Yəni istər islahatçı olsun, istərsə də mühafizəkar, fərq etməz. Bunlar hamısı panfarsizm ideologiyasının qullarıdır. O ki qaldı, azərbaycanlıların ayrı- ayrı vəzifələrdə təmsilçiliyinə, prezident, Baş nazir, deputat, icra başçısı olmalarına, bu gələcəyin işidir. 2021-ci ilin may ayında İranda prezident seçkiləri üçün qeydiyyat başlayacaq. O qeydiyyat üçün süzgəcdən kimlər keçəcəksə, onlar namizəd olaraq səsverməyə buraxılacaqlar. Odur ki, Məsud Pezeşkiyanın və ya başqasının fikirləri sadəcə sözdür. Bu gələcəyin işi ola bilər. Çox adam prezident olmaq istəyir. Məsələn, Həsən Ruhani prezidentliyə namizədliyini irəli sürəndə də Mahmud Əhmədinejad da prezident olmaq istəmişdi. İndi də namizəd olmaq istəyir və ola bilsin gələcəkdə də istəyəcək.
Amma Mahmud Əhmədinejad o süzgəcdən buraxan kimdir? Heç kim. "Yaşıllar” hərəkatının lideri Mirhüseyn Musəvi Təbrizi vardı. O da islahatçı sayılırdı. Lakin Azərbaycan türkünün milli haqqının təmin olunması ilə bağlı heç nə demədi. İranın mövcud konstitusiyasında nə vardısa, o da eyni şeyləri dedi. Sadəcə olaraq, islahatçı Mirhüseyn Musəvi Təbrizi Xamneyidən xeyir- dua ala bilmədiyi və mühafizəkarlar tərəfindən də dəstəklənmədiyi üçün siyasi səhnədən sıxışdırıldı, ev dustağı oldu. Yəni İran rejiminin tələblərinə cavab verməyən şəxs seçilə bilməz. İranda keçirilən seçki demokratik cəmiyyətdə keçirilən seçki deyil, psevdoseçkidir. İrandakı seçkilər və təyinatlar hamısı hakimiyyətin diktəsi ilə həyata keçirilir. Bu tip ölkələrdəki seçkilər xalqın iradəsini əks etdirmir. Belə hakimiyyət forması olan dövlətlərdə xalqın əvəzinə seçirlər də, qərar da verirlər”.
"Hakimiyyət kimi istəsə, o da prezident olacaq”
Politoloq qeyd edib ki, İranda ədalətli seçkinin baş tutması üçün ölkə konstitusiyası təməlli dəyişməlidir:
"İranda İnqilab Keşikçiləri Qvardiyasının bəsicilərlə birgə sayı təxminən 20 milyona yaxındır. İran əhalisinin sayı isə 84 milyona çatıb. Ölkədə seçicilərin sayı isə 60 milyondan bir az çoxdur. Bu da o deməkdir ki, seçicilərin 30 faizi elə İnqilab Keşikçiləri Qvardiyası və bəsicilərdən ibarətdir. Yəni hakimiyyət təmsilçiləridirlər. Üstəgəl, parlament üzvlərini, hakimiyyətin digər qollarında çalışanları da bura əlavə etsək, hakimiyyətin real sosial bazası 50 faizdən çox edir. Bu da o deməkdir ki, hakimiyyət kimi istəsə, o da prezident olacaq. Yəni burada seçkilər xalqın iradəsi ilə keçirilmir. Digər tərəfdən İranda president aparıcı fiqur deyil. Bir ölkədə ki, dövlətin başında dayanan şəxs aparıcı fiqur deyil, onun uğrunda mübarizə də əbəsdir. İranda seçkilərin yalnız təbliğatı əhəmiyyəti var. Yəni mövcud şərtlər daxilində rəqiblər İrandakı vəziyyəti cəmiyyətə və dünyaya çatdıra bilərlər. Buna da necə gəldi yol verilməyəcək. Seçkiqabağı senzuralardan keçən namizədlərə təbliğat aparmağa icazə veriləcək. Təbii ki, ona hansı məsələləri səsləndirməli olduğu haqqında göstəriş veriləcək. O da bundan kənara çıxa bilməz. Xüsusən pandemiya dövründən istifadə edib sərbəst toplaşmaq azadlığını da mümkün qədər məhdudlaşdıracaqlar. Nəticə olaraq, rejimin apardığı eybəcər dəyişikliklər ona qarşı daha da ikrah yaradır. İran rejimi guya dəyişdiyi göstərməklə daha da eybəcərləşir. Bu tip eybəcərlik bəzən cəmiyyətə də sirayət edir. Yəni eybəcərliklərlə dolu idarəçilik sisteminin təsirində formalaşan xalqda da yalanlar artır. Nəticə olaraq, onu deyim ki, İranda Azərbaycan türkünün və ya digər millətin nümayəndəsinin şəffaf şəkildə seçilməsi üçün ölkə konstitusiyasında inqilabi dəyişiklik olmalıdır. Yəni ölkə konstitusiyası kökündən dəyişməlidir. İrandakı rejim isə hələlik bunda maraqlı görünmür”.
Əli Bədir