Müxalif lider Aleksey Navalnının həbsi ilə proseslər daha da qızışıb. Artıq etirazçılardan bir nəfər özünü yandırıb. Əslində,
Belarusdan sonra kəskin etiraz dalğasının Rusiyaya keçəcəyi proqnozlaşdırılırdı.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko da çıxışlarında qeyd etmişdi.
Maraqlıdır, etiraz dalğası Rusiyadan Mərkəzi Asiya ölkələrinə keçə bilərmi?
Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, "Elçibəy İnstitutu” İctimai Birliyinin rəhbəri, politoloq Oqtay Qasımov "Cümhuriyət”ə açıqlamasında Rusiyadakı etirazların səbəbini sadalayıb və onun Belarusdan fərqini izah edib:
"2020-ci ildə Belarusda keçirilən prezident seçkilərindən sonra orada vəziyyət gərginləşdi. Belarus müxalifətinin çağırışı ilə ölkə vətəndaşları seçkinin nəticəsinin saxtalaşdırılmasına etiraz olaraq uzunmüddətli aksiyalar keçirdilər. Bu hadisələr vaxtı Lukaşenkoya birmənalı dəstək verən Rusiyada isə etirazların başlanmasının səbəbləri fərqlidir. Rusiyada proses müxalifət liderlərindən olan Aleksey Navalının zəhərlənməsi ilə yeni mərhələyə qədəm qoydu və Almaniyada müalicə olunub ölkəyə qayıdandan sonra həbs olunması ilə daha da şiddətləndi. Yəni Rusiyadakı etirazların üzdə görünən səbəblərindən biri budur. Aksiyaların görünməyən tərəfi isə odur ki, Rusiya cəmiyyəti artıq ölkədəki 21 illik Putin hakimiyyətindən yorulub və mövcud hakimiyyətin, idarəçilik sistemindən, korrupsiya və ağır sosial- iqtisadi vəziyyətdən ciddi şəkildə narazıdır. Ona görə əhali etirazlarını açıq formada nümayiş etdirməyə başlayıb. Bu etirazlar nə qədər geniş olub Rusiyanın müxtəlif bölgələrini əhatə etsə də onu inqilab kimi dəyərləndirmək hələ tezdir. Çünki hazırda Rusiyadakı narazı kəsimə rəhbərlik edəcək müxalifətin siyasi birliyi hələ ki, formalaşmayıb. Digər tərəfdən 2011-ci ilin yanvar ayında da Rusiyanın müxtəlif şəhərlərində böyük etiraz aksiyaları keçirilmişdi. O zamankı müxalifət lideri Boris Nemtsovun qətlindən sonra bu etiraz aksiyalarında bir durğunluq müşahidə olundu. Amma bu gün vəziyyət nisbətən fərqlidir. Əvvəla Navalnının qayıdışından sonra ölkədə hökumətə qarşı olan narazı elektoratın fəallığı xeyli artıb, hakimiyyətə müxalifətdə olan bir sıra partiyalar və liberal demokratik qüvvələr onunla əməkdaşlığa meyllənirlər. Digər tərəfdən 2020-ci ildə meydana gələn koronavirus pandemiyası ilə bağlı bütün dövlətlərdə olduğu kimi, Rusiyada da iqtisadi durum ağırlaşıb. Bundan başqa Rusiya Amerikanın və Avropa İttifaqının sanksiyaları ilə üzbəüz qalıb və bir müddət əvvəl ABŞ Rusiyanın "Şimal Axını 2” layihəsinə də sanksiya tətbiq edib. Bu da Rusiya qazının Avropa bazarlarına çıxarılmasının əngəllənməsi anlamına gəlir. Rusiyaya qarşı tətbiq olunan bu sanksiyalar onun vəziyyətinə təsirsiz ötüşmür. Rusiyanın aqressiv xarici siyasəti, xüsusən də region ölkələrini təhdid altında saxlaması, Suriya və Liviyadakı fəaliyyəti də beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Eyni zamanda Rusiyanın Gürcüstanda, Moldovada, Ukraynada faktiki olaraq hərbi təcavüzü ona qarşı münasibətlərin daha da sərtləşməsini şərtləndirir. Bundan əlavə 10 noyabr bəyanatına görə, Rusiyanın sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsi də dünyada birmənalı qarşılanmır və bir sıra dövlətlər tərəfindən Rusiyanın Qafqazda möhkəmlənib bölgəni nəzarətdə saxlamaq cəhdi kimi qiymətləndirilir. Bu da Rusiyaya qarşı təzyiqlər üçün əlavə imkanlar yaradır. Rusiya hazırda ikitərəfli- daxili və xarici təzyiqlə üz-üzədir. Rusiya hakimiyyətinin buna qarşılıq olaraq hansı addımlar atacağını isə yaxın zamanda müşahidə edəcəyik”.
"Bu ölkələrdə durum Rusiyadan fərqlidir”
Politoloq hesab edir ki, Mərkəzi Asiya ölkələrinə xaricdən təsir olmazsa, yaxın zamanda daxili vəziyyətə görə hansısa genişmiqyaslı etirazlar gözlənilmir:
"O ki qaldı, bu etiraz dalğasının Mərkəzi Asiya və digər region dövlətlərinə keçməsinə, belə fikirlər səsləndirilir. Rusiya post-sovet məkanında əsas ölkə olduğu üçün orada baş verən proseslər istər-istəməz ətraf ölkələrə də bu və ya digər formalarda təsir edir. Hər halda Qırğızıstan istisna olmaqla, uzun zamandır Mərkəzi Asiyada iri miqyaslı etiraz aksiyaları qeydə alınmayıb. Qırğızıstanda vaxtaşırı xalqın etirazı nəticəsində hakimiyyət dəyişiklikləri baş verir. Amma bölgənin əsas ölkələri Qazaxıstan və Özbəkistana xarici təsir faktorları olmasa hələlik hansısa etirazın olacağı gözlənilmir. Çünki bu ölkələrdə durum Rusiyadan fərqlidir. Rusiya ilə ən uzun sərhəddə malik və çoxsaylı rusdilli əhalinin yaşadığı ölkə Qazaxıstan sabiq prezident Nursultan Nazarbayevin dövründə və ondan sonra da praqmatik addımlar ataraq gərginliklərdən yayına bilir. Bu ölkədə etirazların baş verməməsi üçün önləyici tədbirləri alınır, problemlərin böyük hissəsi həll edilir. O baxımdan Qazaxıstanda, xüsusən də Nazarbayevin dövründə böyük etirazlar müşahidə olunmayıb. Nəzərə alsaq ki, Nazarbayevin indi də idarəçiliyə təsiri var, onda ölkə daxilindəki vəziyyətə görə ciddi etirazlar gözlənilmir. Yenə qeyd edirəm ki, bu etirazlar yalnız xarici təsirin və ya təsir planının işə düşməsi ilə mümkün ola bilər. Bu xarici təsirlərdən biri də Rusiyanın Qazaxıstana qarşı ərazi iddiaları ilə bağlı çıxışlardır. Hansı ki, buna Qazaxıstan prezidenti tutarlı cavab verdi.
Özbəkistanda isə bu etirazlar prezident İslam Kərimovun vaxtında baş verib və sərt şəkildə yatırılıb. Yeni prezident Şövkət Mirziyoyevin vaxtında ölkədə bəzi islahatlar aparılıb, rejim yumşaldılıb və iqtisadi vəziyyət nisbətən yaxşılaşıb. Ona görə də hesab edirəm ki, yaxın zamanda Mərkəzi Asiya ölkələrində daxili vəziyyətdən qaynaqlanan hansısa etirazlar gözlənilmir. Bu yalnız xarici təsir faktoru ilə mümkün ola bilər”.
Əli Bədir