Yuxarı

Səsvermə üçün 132 müvəqqəti məntəqə yaradılıb

Səsvermə üçün 132 müvəqqəti məntəqə yaradılıb

mskParlament seçkisinə iki həftədən az vaxt qalıb. Hərbi hissələrdə və qapalı rejimli müəssisələrdə yaradılan müvəqqəti seçki məntəqələri məsələsi hər seçkidə gündəmə gəlir. Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli Cebhe.info-ya bildirib ki, seçkilərlə bağlı 132 ümumi müvəqqəti məntəqə yaradılıb: “Hansı ki, bunlar seçkiyə 5 gün qalmış müvəqqəti yaradılmış seçki məntəqələridir. Bu məntəqələrin yaradılması Seçki Məcəlləsinin 35-ci və 46-cı maddələri ilə tənzimlənir.

Yaradılmış 132 müvəqqəti seçi məntəqəsinə hərbi hissələr, cəzaçəkmə müəssisələri və digər müvafiq yerlərdə müstəsna hallarda yaradılan məntəqələrdir. Bütün müvəqqəti seçki məntəqələri digər seçki məntəqələri kimi seçkiyə tam hazır vəziyyətə gətirilib. Müxtəlif avadanlıqlar və ləvəzimatlarla təhciz olunub, seçkilərin keçirilməsi üçün tam hazırdır”. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyətlə əlaqələr şöbəsindən isə Cebhe.info-ya bildirilib ki, hər bir cəzaçəkmə müəssisəsi, istintaq təcridxanalarında yerləşdiyi ərazi üzrə dairə seçki komisiyası tərəfindən müvəqqəti seçki məntəqəsi təşkil edilir: “Seçkiyə 5 gün qalmış dairə seçki komissiyaları tərəfindən cəzaçəkmə müəssisələrində seçki məntəqələri təşkil olunur. Həmin məntəqələrin qurulmasına cəzanı icra edən orqanın rəhbərliyi tam şərait yaradır. Seçki məntəqələri dairə seçki komisiyası tərəfindən Seçki Məcəlləsinə uyğun olaraq formalaşdırılır. Qnunvericiliyə uyğun olaraq cəzanı icra edən orqanın nümayəndələri məntəqə seçki komisiyasının formalaşmasında iştirak etmirlər”. Səsvermədə məhbusların iştirakına gəlincə, qurumdan bildiriblər ki, hər dəfə iştirak nisbəti 80-90 faiz təşkil edir: “Seçki məntəqəsi üçün müvafiq yerin ayrılması, rabitə əlaqəsi, nəqliyyat vasitələri ilə təmin olunma və digər lazımi texniki məsələlər cəzanı icra edən orqan tərəfindən tam şərait yaradır. Cəzanı icra edən orqanın üzrə düşən əsas vəzifə təhlükəsizliyin təmin olunmasıdır. Seçkidə məntəqə seçki komissiyasının üzvləri, müşahidəçilər eləcə də KİV nümayəndələri iştirak edir. Onların təhlükəsizliyini Penitensiar Xidmətin Baş İdarəsi ilə birgə cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları, qapalı müəssisələr yüksək səviyyədə təmin edir”.

Seçki Məcəlləsinin 35-ci maddəsinə görə, hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Müddətli hərbi qulluqda olan Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getməsi) qaydalarını Mərkəzi Seçki Komissiyası müəyyən edir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri 50 gün müddətində, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir. Bu maddəyə uyğun yaradılan seçki məntəqələrində seçki komissiyasının işlədiyi otağa və səsvermə otağına məntəqə və yuxarı seçki komissiyalarının bütün üzvlərinin, qeydə alınmış namizədlərin və onların nümayəndələrinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır. Seçki Məcəlləsinin 46-cı maddəsinə görə, hərbi hissədə seçki məntəqəsi yaradılmayıbsa, hərbi hissənin komandiri istintaq təcridxanalarının və müvafiq cəzaçəkmə müəssisələrinin rəhbərləri Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir və bu Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları