Yuxarı

MTN dövlət çevrilişi etmək istəyib?

MTN dövlət çevrilişi etmək istəyib?

[caption id="attachment_1845" align="alignleft" width="375"]eli omerov Əli Ömərov: “Görünür, dövlətçilik əleyhinə çox böyük addım atılıb”[/caption]

“Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunması, MTN zabitlərinə cinayət işinin açılması, həyata keçirilən həbslər, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılması, xüsusən də nazirliyin qoçu dəstələrinin ləğvi dövlət çevrilişinə hazırlıq prosesinin içində olanların ifşası və zərərsizləşdirilməsi prosesinin tərkib hissəsidir”.

Bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, iddia edir ki, Azərbaycan hakimiyyətinin daxilində çevrilişə hazırlaşan qüvvələr ifşa olunub: “2005-ci ildəkindən fərqli cəhət isə odur ki, o dövrdə Azərbaycan müxalifətinin güclü olması və fəallığı nəticəsində iqtidar daxilində bəzi qüvvələr içəridən çevriliş eləməyə çalışırdılar. İndi isə Azərbaycanda ciddi iqtisadi, sosial böhran yaranmağa başladığı üçün hakimiyyətin zəiflədiyini düşünən iqtidardaxili qruplar gözlənilən hadisələrdən bəhrələnmək istəyinə düşüb çevrilişə hazırlıq görürmüşlər. Bir aksiomdur ki, ağır sosial-iqtisadi böhran olan ölkələrdə birinci siyasi böhran başlayır, siyasi böhranın əlaməti dövlət çevrilişləridir...”

S.Cəlaloğlu qeyd edib ki, çevrilişə hazırlıq görən qüvvələr təkcə MT naziri və bu strukturda işləyənlər deyil, bu şəbəkənin digər strukturlarda da güclü üzvləri var: “Çox güman ki, digər bəzi nazirlər və bəzi komitə sədrləri də bu işin içindədirlər. Onların sıradan çıxarılması növbəsi çatacaq. Yeni həbs olunan MNT-çilər çox güman ki, əlavə ip ucları verəcəklər və həmin iplərin bir ucu gedib başqa nazirlərin, komitə sədrlərinin, məmurların, deputatların boğazına ilişəcək. Böyük ehtimalla proses Eldar Mahmudovun və digər iri fiqurların  həbsinə gətirib çıxaracaq. Hansı dövlətlərin dövlət çevrilişi hazırlığına xeyir-dua verdiyi də məlum olacaq”.

Bu iddialar həqiqətə nə qədər yaxındır?

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə Modern.az-a açıqlamasında çevriliş etmək fikrinə düşən adamı ağılsız adlandırıb: “Çünki Azərbaycan dövlətçiliyi çox möhkəmdir. Prezidentə sadiq olan qüvvələr kifayət qədər çoxdur. Əvvəla, belə bir fikrə düşməyin özü dövlətə xəyanətdir. Ermənistanla ağır müharibə vəziyyətində olan bir ölkədə belə eşqə düşmək dövlətə və xalqa xəyanətdir. Azərbaycanda çevrilişlər,  qanunsuz  silahlı qruplaşmalar və müxtəlif vasitələrlə hakimiyyətə təzyiq etmək dövrü çoxdan keçib. Hakimiyyət indi oturuşub. Komanda əsasən monolitdir. Burada başqa fikrə düşən adamlar, sadəcə, intihar yolunu tutub”.

Milli təhlükəsizlik nazirinin keçmiş müavini (AXC hakimiyyətində), Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər isə çevriliş cəhdi ilə bağlı əlində konkret fakt olmadığını bildirib:

“Mənim bu barədə heç bir faktım yoxdur. Sadəcə, ümumi nəzəri baxımdan deyirəm. Eyni zamanda, hər bir insanın hərəkəti qanunla müəyyən edilir və qanunla da qiymətləndirilir. Konkret əməlində hansısa cinayət varsa, bu, hüquqi qaydada müəyyən edilir və tədbir görülür. Əgər bir dövlətin ərazi bütövlüyü bərpa olunmayıbsa,  ölkədə maliyyə-iqtisadi gərginliyi yaranıbsa, belə hallar gözləniləndir”. Sabiq baş prokuror Əli Ömərov isə bildirib ki, görünür, dövlətçilik əleyhinə çox böyük addım atılıb: “Yoxsa dövlət başçısı MTN rəhbərini vəzifəsindən xarici səfərdən qayıdan kimi azad etməzdi".

Sabiq baş prokuror deyib ki, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən ətraflı məlumat verilməyənədək müxtəlif ehtimallar irəli sürmək doğru deyil.  Əli Ömərov deyib ki, prezidentin bu addımını alqışlamaq lazımdır: "Prezident bir daha göstərdi ki, dövlətçilik əleyhinə, xalqın mənafeyinə zidd addım atan şəxslər kimliyindən asılı olmayaraq ciddi şəkildə cəzalandırılacaq. Təbii ki, bu addımları alqışlamaq lazımdır. Bunlar xalqın mənafeyini qoruyan, xalqın özünə qayıdışına ciddi təsir göstərən addımlardır".

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə “Cumhuriyət”ə deyib ki, MTN-dəki həbslərin Azərbaycanda planlaşdırılmış dövlət çevrilişi ilə bağlı olduğunu güman etmir: “Birincisi, dövlət rəhbərliyi nə qədər etimad göstərib, inanıb sərbəstlik versə də, MTN-nə kifayət qədər silahlı qüvvələr saxlamaq imkanı tanınmamışdı. Həm də MTN-nə sovetlər dönəmində olduğu kimi digər güc strukturları üzərində nəzarət və hökm etmək səlahiyyətləri verilməmişdi. Bu baxımdan, MTN hətta, çevrilişə cəhd etsəydi belə, DİN və hətta, Xüsusi Dövlət Mühafizə Xidməti kimi, potensiallı strukturlar səddini aşıb bunu edə bilməzdi. MTN-ə ancaq xəfiyyə səlahiyyətləri verilmişdi ki, bunu da təəssüf ki, təyinati üzrə istifadə etmədi”.

Cavad





Həftənin ən çox oxunanları