Yuxarı

“İdarəetmə fəlsəfəsi dəyişilməlidir”

“İdarəetmə fəlsəfəsi dəyişilməlidir”

[caption id="attachment_1871" align="alignleft" width="282"]Ebulhessen Abbasov Əbülhəsən Abbasov: “Dialoqda alimlər, filosoflar da iştirak etməlidir”[/caption]

Azərbaycanda mövcud ictimai-siyasi durum getdikcə dərinləşən problemlərlə müşahidə olunur. Parlament seçkiləri öncəsi narazı elektoratın siyasi passivliyi, hakimiyyət daxilində dərinləşən qarşıdurmalar, cəmiyyətdə yeniləşmə və siyasi varislik prinsipinin işləməməsi, iqtidar-müxalifət münsibətlərində düşmənçilik həddinə çatmış qütbləşmə və ölkədə dini təmayüllərin artmaqda olan təhlükəyə çevrilməsi. Bütün bu problemlərlə bağlı suallarımızı fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov cavablandırır.

-Azərbaycan parlament seçkiləri ərəfəsindədir.  Mövcud proseslərin, siyasi passivliyin və ümidsizliyin fonunda qarşıdan gələn seçkilərdən nəsə gözləmək olar?

-Mənim fikrimcə, belə məsələlərdə bütün ixtiyar toplumun öhdəsinə  buraxılsa,  dövlət üçün faydalı olmayan adamlar parlamentə düşə bilər. Ona görə də hesab edirəm ki, seçkilərdə bir nəzarət mexanizmi olmalıdır. Böyük alman filosofu, hüquqşünası, siyasət nəzəriyyəçisi Karl Şmitt parlamentarizmi tənqid edənlərdən biri olub. Bu tənqidin özündə də bir məna var. Tam hazırlıqsız coğrafiyada azad seçkiləri toplumun ümidinə buraxanda oxlokratiya və mafiyalar ortaya çıxır. Hər cür psixopatlar, şarlatan və populistlər parlamentə gəlir, oliqarxlar, varlı maqnatlar,  məzhəb sahibləri, pul-para amili və s. seçkilərdə təsiredici rol oynayır. Bu baxımdan, hələ ki, seçkilərə elə dövlət nəzarəti olsa yaxşıdır.

-Hökumət seçkilərə müdaxilə edirsə, o azad seçki ola bilməz axı...

-Söhbət ondan gedir ki, milli maraqlar rəhbər tutulsun, qabiliyyətli, peşəkar, yüksək zəkalı, pak insanlara yol açılsın; yerlibazlıq, qohumbazlıq, şəxsi maraq, rüşvət və təmənna hesabına parlamentə yararsız adamlar düşməsin. Vacibdir ki, həqiqətən yararlı şəxslər xalqın səsini qazansın. Bizə demokratiya oyunu yox, keyfiyyət, mahiyyətə sədaqət lazımdır. Parlament eqoistlərin təminat yeri olmamalıdır, o, ağır zəhmətə, elmi idraka, bacarığa qadir məsuliyyətli və vicdanlı adamların orqanıdır! Mənə mahiyyət maraqlıdır. Hazırda dünya get-gedə dərinləşən ağır böhran yaşamaqdadır. Mən istəmirəm ki, Azərbaycan, bəzi ölkələr kimi, hay-küylü şüarlarla alovlanan sobaya düşüb məhv olsun.

-Dediyiniz böhran gərgin siyasi qarşıdurmalarla, müharibələrlə müşahidə olunur. Azərbaycan sabit və demokratik situasiya yolunu tuta biləcək?

-Mən bu barədə təkliflərimi çoxdan vermişəm. O xalqlar və ölkələr bu formatlaşmada salamat qalıb gələcəkdə dünya dövlətləri arasında özünə layiqli yer tutacaqlar ki, ilk növbədə, müasir elmə, biliyə, zəmanənin tələblərinə cavab verən idarəetmə fəlsəfəsinə əsaslanacaqlar. Acgözlük, talançılıq, qarşılıqlı düşmənçilik hissləri ilə yaşayan, tənbəl və məsuliyyətsiz xalqlar bu vurhavurdan salamat çıxmayacaq. Bunu həyat da sübut edir. Dövlət və cəmiyyətdə intellektə dəyər verilməlidir. Cəmiyyət elmi əsaslarla, ümumi mənafe öndə tutulmaqla  idarə olunmalıdır. Yəni, Azərbaycanda ictimai həyatın bütün sahələri  üzrə islahatlar getməlidir. Bu islahatlar gözdən pərdə asmaq xatirinə edilməməlidir. Bura əsaslı kadr siyasəti də daxildir. Kadrlar yerliçiliyə, qohumbazlığa, şəxsi simpatiyaya görə seçilməməlidir.  Onların bilik səviyyəsi, peşəkarlığı, psixoloji durumu, keçdiyi yol nəzərə alınmalıdır. Necə olur ki, cəmiyyətin taleyi həvalə edilən kadrlar vəzifəyə təyin olunanda onların psuxoloji durumu yoxlanılmır? Adam var ki, patoloji cinayətkarlığa meyllidir, adam var ki, patoloji yalançılığa, adam var ki, oğurluğa meyllidir.

- Sizcə, bu islahatların reallaşmamasına mane olan nədir?

-Mən deməzdim ki, islahatlar aparılmır. Bizi qane etməsə də, müəyyən işlər gedir. Bir tədqiqatçı kimi deyə bilərəm ki, Azərbaycan yeni idarəetmə fəlsəfəsinə ehtiyaclıdır. İdarəetmə fəlsəfəsi köhnədirsə, nə qədər islahat keçirsən də faydası olmayacaq.  Bu səpkidə təkliflərimi İlham Əliyev prezident seçildikdən bir il sonra hazırlayıb irəli sürmüşəm. Gözləntilərimiz idarəetmənin adekvatlığından çox asılıdır. Əfsuslar ki, fikirlərimə ögey münasibətlə qarşılaşıram. Görünür, təkliflərim kimlərinsə subyektiv istəklərinə ziddir, üstəlik, ayrı-ayrı oliqarxik qrupların maraqları, onların güclü təsiri, məmur özbaşınalıqları, vəzifədən sui-istifadə öz təsirini göstərir. Bir sözlə, həm dövrün, həm də cəmiyyətin tələblərinə cavab verən, mütərəqqi perspektivə hədəflənmiş yeni idarəetmə fəlsəfəsi yoxdur.

- Bəlkə bu təklifləriniz kimlərinsə maraqlarına cavab vermir?

-Əlbəttə, subyektiv maraqlar var. Belə ki, təklif etdiyim adekvat idarəetmə fəlsəfəsi ortaya qoyulanda bir sıra adamlar ona uyğun gəlmir. Həmin adamlar mühüm postlarda oturan adamlardır. Cəmiyyəti uzun müddət artıq effektini itirmiş, ehkamlar toplusuna çevrilmiş ideoloji sistem əsasında idarə etmək olmaz. İndi XXI əsrdir, bu cəmiyyət, bu dövlət inkişaf etməlidir. Hamının baş ideoloq adlandırdığı Ramiz Mehdiyev bacardığı çərçivədə gücünü ortaya qoyub. Halbuki, müxalifət bunu da edə bilmədi. Ancaq, onun etdyi də mənim nəzərdə tutduğum yeni idarəetmə fəlsəfəsi deyil. Onun ideoloji mülahizələr sisteminin epistemoloji bazası artıq köhnəlib. Yeni idareəetmə fəlsəfəsini ortaya qoymaq üçün gərək müvafiq epistemoloji sistem ortaya qoysun. O yaşda belə işi aparmaq çətindir.

-Bu sistemin yeni əsaslarla qurula bilməməsi kadr siyasətinin nöqsanlarından irəli gəlmirmi? Son günlər baş verən hadisələr də göstərir ki, əvvəl bir nəfəri vəzifəyə təyin edirlər, onu tərifləyirlər, mükafatlandırırlar, amma sonra işdən çıxarıb korrupsioner, rüşvətxor elan edirlər və ya bunu etiraf edirlər...

-İndiki İdarəetmə fəlsəfəsi çərçivəsində etibarlı hüquqi dövlət, həqiqi təminatlı demokratiya ola bilməz. Məsələn, milli təhlükəsizlik nazirini vəzifədən kənarlaşdırıblar. Vaxtilə, o, həmin vəzifəyə təyin olunanda mən çox təəccüb etdim. Çünki həmin vəzifəyə tamamilə uyğun deyildi. Təklif etdiyim idarəetmə fəlsəfəsi öz ideya və prinsipləri ilə rəhbər tutulsaydı, elə bir adam heç vaxt o qədər mühüm bir dövlət postuna gedə bilməzdi. MTN-nin təyinatına uyğun pozitiv bir iş də aparılmayıb. Hamı bilir ki, rüşvətxorluqda, korrupsiyada ən öndə gedən nazirlik idi. Əslində bu nazirlik rüşvətxorluqdan, korrupsiyadan uzaq, ən təmiz  və etibarlı bir qurum olmalıdır.

-İstər idarəetmədə, istər siyasətdə, ictimai həyatın digər sahələrində yaşlı nəsil öz yerini gənc nəslə vermək istəmir və sanki bir varislik problemi yaşanmaqdadır. AXCP sədri Razi Nurullayev də cəmiyyətin bütün sahələrində yeniləşmə prinsipini təklif edib. Sizcə, bu yeniləşmə hansı formada baş verməlidir?

-Bəli, ciddi problemlər var. İdarəetməni sırf yaşlı nəslə həvalə etmək düzgün deyil. Eyni zamanda, yaşlı kadrları, bütövlükdə, kənara atıb, 28-30 yaşında cavanları da kütləvi surətdə idarəetməyə cəlb etmək olmaz. Gəncliyə prioritet, üstünlük vermək şərti ilə peşəkar kadrlara sayğı ilə yanaşmaq lazımdır. Onların məsləhəti də ola bilər, əməli köməyi də. Burada həssas hərəkət etmək vacibdir. Həm də insanların özündə istefa etikası olmalıdır. XVII əsrdə məhşur riyaziyyatçı Barrou 50 yaşında kafedra müdiri vəzifəsindən imtina edib ki, burada İsaak Nyuton kimi 28 yaşlı gənc, nəhəng  alim var və öz yerini ona verib. Yaxud, Nobel mükafatı laureatı, fizik Pol Dirak 60 yaşında istefa verib ki, qoy yerimdə yetirmələrimdən biri işləsin. Mühüm vəzifələrdə oturanlarda bir daxili vicdan səsi oyanmalıdır, onlar özlərini saf-çürük etməlidirlər, çalışmalıdırlar ki, gənc nəslin irəli getməsinə şərait yaratsınlar. Elə yaşlı adamlar var ki, belə fikirləşirlər: mən o dünyaya bu vəzifədən getməliyəm. Bu, dəyərlər məsələsi ilə bağlıdır ki, təklif etdiyim yeni idarəetmə fəlsəfəsində öz əksini tapıb.

-Son illər Azərbaycanda dinə meylin artması müşahidə olunur. İnsanlar öz hüquqları uğrunda apardığı dinc mübarizənin nəticə vermədiyini görüb çıxış yolunu radikal dindarlıqda axtarır. Milli-demokratik dəyərlərin sıradan çıxması dini kəsimin siyasi  səhnəyə çıxmasına səbəb ola bilərmi?

-Bu problem məni çox düşündürür. Hər hansı cəmiyyətdə və ya ölkədə elmi idrak inkişafdan qalırsa, yaxud onun qarşısında tıxac yaranırsa, mütləq əfsanələr və ehkamlar ortaya çıxır. Azərbaycanda da eyni vəziyyət yaranıb. Cəmiyyəti irəli apara biləcək intellektual potensial qayğısızlıqdan, diqqətsizlikdən sıradan çıxmaq üzrədir. Belə olan halda müəyyən miflərə, dini doqmalara söykənən elementlər önə çıxır. Dörd cür suverenlik var. Dövlət suverenliyi, xalq suverenliyi, milli suverenlik və şəxsi suverenlik. Həmin gənclər də şəxsi suverenliyi əldə edə bilmədiklərinə görə çıxış yolunu dində tapırlar, bəzən sektalara və yaxud terror təşkilatlarına da qoşulurlar. Əlbəttə, burada sosial institutların - ailənin, məktəbin, məhəllənin, kollektivin və s. öz yeri var.

-Bəzilərinə görə, siyasi situasiyanın dəyişməsi insanların ədaləti dində axtarmaq istəyi kimi təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu təhlükə bizdə nə dərəcədə realdır?

-Mən belə bir təhlükəni görmürəm. İnanmıram ki, Azərbaycanda dini zəmində radikal hadisələr baş versin. Ancaq ölkə uzun müddət belə də getməməlidir. İndi gənclərin böyük bir hissəsi dini müstəvidə hərəkət edir, bir qisim isə narkotikaya aludə olub, digər bir qismi də şou-əyləncə müstəvisində həyat tərzini seçib. Sanki, cəmiyyəti irəli aparan elm, zəka, tərəqqi yolu yiyəsiz qalıb.

-Sizcə, elmi potensialın, o cümlədən təhsilin səviyyəsinin belə geriləməsi bu sahələrə dövlət büdcəsindən az maliyyə vəsaitnin ayrılmasından irəli gəlir, yoxsa başqa səbəblər də var? 

-Maaşları ölçüb-biçməmiş artırmaqla problemi həll etmək mümkün deyil. Bu sahədə də idarəetmə fəlsəfəsi yenilənməlidir. Bacarıqlı, uyğun insanlar rəhbər təyin edilməlidir, struktur, funksional dəyişikliklər aparılmalıdır. Maliyyə, maddi-texniki təminat bazası yenidən baxılmalıdır. Bunlar hamısı uzlaşdırılmış kompleks halda həyata keçirilməlidir. Təhsildə, elmdə oliqarxlaşmış insanlar vəzifələrdən uzaqlaşdırılmalıdır.

-Bu gün Azərbaycanın siyasi mühitində dərin bir qütbləşmə mövcuddur və dialoq təklif olunub konsensus əldə olunsa, dediyiniz kompleks dəyişikliklər baş verəcək?

-Mən bu məqsədlə “müxtəliflik vasitəsilə vahidliyə nail olmaq” prinsipini önə çəkirəm. Bunun mənbəyi Qədim Çindən, Konfutsidən gəlir. Sadəcə olaraq, götürüb istifadə etmirlər. Həmin o plüralizm, fikir müxtəlifliyi orada öz əksini tapır. Eyni zamanda o da göstərilir ki, bu fikir mübadiləsi sayəsində konkret vahid mövqeyə də gəlmək lazımdır. Ancaq, fikrimcə, bu dialoqun başında alimlər oturmasa, onun heç bir effekti olmayayacaq. Dialoq başqasını dərk etmək, demokratiya əlamətidir. Dialoqda iştirak edənlər, YAP, ADP, AXCP və digəriləri özləri tərəfdir. Yəni burada tərəfsizlik vacibdir. Ona görə də orada siyasi mənsubiyyəti olmayan alimlər iştirak etməlidir ki, tərəfləri ortaq məxrəcə gətirə bilsinlər. Bu yoxdursa, deməli, dialoqda iştirak edən siyasi qüvvələrin özlərində avtoritarizm güclüdür. Əgər liderlər alimləri, mütəfəkkirləri əvəz edirlərsə, o halda dialoqa ehtiyac yoxdur. Dialoq - başqasını anlamaq, dərk etmək deməkdir, demokratiya tələbidir.

-Sizi bir filosof kimi dialoqa dəvət etsələr, konkret onlara təqdim edəcək təklifləriniz varmı?

-Bəli, kifayət qədər  var. Neçə illərdir bu epistemologiya, idarəetmə  məsələlərini işləmişəm. Bir sıra partiyaların məramnamələrinin yazılmasına kömək etmişəm. Çalışmışam ki, verdiyim ideyalar cəmiyyətə transfer olunsun.

-İdeyalarınızdan istifadə edirlərmi?

-Edirlər, amma daha çox öz subyektiv maraqları üçün. Mən bu ideyalar sistemini konkret şəxslər üçün deyil, Azərbaycanın inkişafı və yeniləşən dünyada layiqli yerini tutması üçün işləmişəm.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları