Yuxarı

BTRİB-in “MTN işi”ndə rolu nə olub?

BTRİB-in “MTN işi”ndə rolu nə olub?

BTRIBOktyabrın 20-də vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri  Beytulla Hüseynov da hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı.  Məlumatlara görə, Hüseynovun bu quruma rəhbər olmasına Eldar Mahmudov yardım edib. Buna səbəb isə ölkədə telefon danışıqlarına daha rahat şəkildə nəzarət etmək olub.

Bəs adıçəkilən qurumun Milli Təhlükəsizlik Nazirliyi və bilavasitə Eldar Mahmudovla əlaqəsi, işbirliyi nə olub? Musavat.com-a açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin sabiq  polkovniki İlham İsmayıl cavab verib. O bildirib:

“Respublikanın əməliyyat-axtarış fəaliyyəti  haqqında qanunu var. Bu qanuna əsasən, Azərbaycan Respublikasının müvafiq orqanı,  konkret olaraq Milli Təhlükəsizlik Nazirliyi bütün rabitə vasitələrindən əməliyyat məqsədi ilə  dinləmə həyata keçirə bilər. Yəni təkcə Bakı Telefon Rabitə İstehsalat Birliyi ilə yox, bütün rabitə qovşaqları ilə dinləmə apara bilər. Bu qanunla tənzimlənir.  Sadəcə olaraq, 24 saat ərzində məhkəmənin qərarı olmalıdır ki, məhz bu adamın  telefon danışıqlarına filan səbəbə görə qulaq asılır.  Lakin son zamanlar Milli Təhlükəsizlik Nazirliyində telefonların dinlənilməsi tamam başqa məqsədlərə görədir. Bununla yuxarıda söylədiyim məsələnin əlaqəsi yoxdur”.

Onu da  qeyd edək ki, BTRİB paytaxt  ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radio rabitəsi, digər müasir  telekommunikasiya və multiservis xidmətləri göstərir.  Yəni qurumun sahib olduğu imkanlar ölkədə istənilən şəxsin danışığını dinləməyə imkan verir. Məhz bu səbəbdən də Eldar Mahmudov vəzifəyə gəldikdən sonra dərhal öz qohumu olan B. Hüseynovu həmin idarəyə rəhbər kimi təyin edib. Məlumatlara görə, 2004-cü ildən etibarən quruma rəhbərlik edən Beytulla Hüseynov son zamanlar o qədər arxayınlaşıbmış ki, heç kimi saya salmırmış.

Eyni zamanda  məlumatlara görə, “Aztelekom” İstehsalat Birliyinin sədri  Məhəmməd Məmmədovla da Beytulla Hüseynovun arasında problemlər yaşanıb. Onlar arasında gərginlik adını qeyd etdiyimiz iki qurumun birləşəcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra başlayıb. Belə ki, hər iki şəxs yaradılacaq yeni quruma rəhbər olmaq istəyib.  Hazırda isə Beytulla Hüseynovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad ediləcəyi gözlənilir. Bu halda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “Aztelekom” İstehsalat Birliyinin birləşdirilməsi zamanı yaranan yeni quruma da rəhbər kimi Məhəmməd Məmmədovun təyin olunacağı istisna deyil. Əldə etdiyimiz son məlumatlara görə, artıq Beytulla Hüseynovun yaxın əlaqədə olduğu rabitəçilərin də işi hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır.

Cebhe.info





Həftənin ən çox oxunanları