Yuxarı

AXCP üzvü: “İş adamları xərclərini “çoxaltmaq” yolunu tutacaq”

AXCP üzvü: “İş adamları xərclərini “çoxaltmaq” yolunu tutacaq”

mehman muradli(1)

“İnkişaf etmiş ölkələr arasında yalnız Fransada təsərrüfat dövriyyəsinin həcmindən asılı olaraq kiçik biznes strukturları üçün xüsusi sadələşdirilmiş vergi rejimi tətbiq edilir. Çox da iri olmayan (orta) təsərrüfat dövriyyəsi olan kiçik müəssisələr yalnız vergi bəyannaməsini təqdim edir və vergi ödənişləri sadələşdirilmiş sxem üzrə həyata keçirilir. Xüsusi vergi rejimi tətbiq edilən fiziki şəxs olan kiçik müəssisələr qanunvericiliklə nəzərdə tutulmuş hədd çərçivəsində sahibkarlıq fəaliyyətlərinin illik dövriyyəsindən asılı olaraq gəlir vergisini ödəyirlər”.

Bunu AXCP üzvü, hüquqşünas Mehman Muradlı Cebhe.info-ya Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdən sonra yarana biləcək vəziyyəti şərh edənkən bildirib.

Onun sözlərinə görə, sadələşdirilmiş vergi də vergitutmanın xüsusi formasıdır və Azərbaycanda 1 yanvar 2001-ci ildən etibarən tətbiq edilir: “Bu vergi tətbiq ediləndən ona bir sıra əlavə və dəyişikliklər edilib, bəzi müddəaları dəqiqləşdirilib. Sadələşdirilmiş verginin məqsədi vergi yükünün azaldılmasından, vergi, mühasibat uçotu və hesabatının kiçik müəssisələr və fərdi sahibkarlar üçün sadələşdirilməsindən ibarət olub. Bu məqsədlərə nail olunması kiçik biznesin inkişafına və bütövlükdə ölkə iqtisadiyyatının səmərəliliyinin artırılmasına imkan verib. Sadələşdirilmiş vergi sistemi tətbiq edildikdən sonra kiçik müəssisələr və fərdi sahibkarlar qarşısında belə bir sual dururdu: sadələşdirilmiş vergi sistemini tətbiq etməyə dəyərmi? Sadələşdirilmiş vergi alternativ vergi növüdür, müəssisələr və fərdi sahibkarlar tərəfindən ümumi vergitutma sistemi (ümumi rejim) ilə yanaşı, tətbiq edilən xüsusi vergi rejimidir. Kiçik biznes fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş vergini malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən ödəyirlər. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 150000 manat və ondan az olan hüquqi şəxslər, həmçinin 90000 manat və ondan az olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər".

Hüquqşünas sadələşdirilmiş vergi sisteminin müsbət cəhətlərini belə xarakterizə edib:

  1. 4% dövriyyə vergisi nəzərdə tutulduğuna görə, fiziki şəxslər üçün bu, daha əlverişli sxemdir. Bölüşdürülən mənfəətdən vergi tutmaq öhdəliyi mövcud deyil. Hüquqi şəxslər isə 4%-lik dövriyyə vergisindən əlavə, həm də xalis mənfəətin bölüşdürülməsi zamanı 10%-lik dividend vergisi ödəməlidirlər.
  2. Biznesi Bakıdan çıxarıb paytaxt ərazisindən kənarda rəsmiləşdirdikdə, vergi dərəcəsini 2%-dək azaltmaq mümkündür. Bu, vergi ödənişlərinin optimallaşdırılması üçün son dərəcə əlverişli, qanuni üsuldur.
  3. Mühasibatın aparılmasına və işə mühasib cəlb etməyə ehtiyac yoxdur. Bu xidmətlərin heç də ucuz başa gəlmədiyini nəzərə alsaq, burada əhəmiyyətli dərəcədə qənaət etmiş oluruq. Sadələşdirilmiş vergi sisteminin mənfi cəhətlərinə gəlincə, bunlar aşağıdakılardır:

"1. Biznesin səciyyəsi nəzərə alınmır, kommersiya xərclərini çıxmaq qadağandır, vergi dövriyyədən ödənilir.

  1. ƏDV göstərilən qaimə təqdim etməyin mümkünsüzlüyü iri şirkətlərlə işi çətinləşdirir.
  2. Fiziki və hüquqi şəxslər üçün limit məbləği nisbətən kiçikdir (90 000 və 150 000 manat). Bu məbləğ aşdıqda, ƏDV ödəyicisi qismində uçota alınmaq tələb olunur.
  3. Heç də bütün vergi ödəyiciləri sadələşdirilmiş vergi sistemi ilə ödəniş apara bilmir. Vergi Məcəlləsinə əsasən, aksizləşdirilmiş malların istehsalçıları, kredit və sığorta təşkilatları, əmlakının icarəsindən gəlir əldə edən şəxslər bu növ vergi ödəyicisi ola bilməzlər. Bu qadağa, həmçinin, ilin əvvəlinə öz mülkiyyətində, qalıq dəyəri 1 milyon manat təşkil edən əsas fondlara malik şəxslərə də şamil edilir.
  4. Sərnişin və yükdaşıma ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi başqa bir düstur əsasında hesablanır. 4%-lik dövriyyə vergisi onlara şamil edilmir, onların vergi öhdəlikləri sərnişinlərin oturacaq yerlərinin sayından, yaxud yükdaşıma zamanı yükqaldırma qabiliyyətindən asılı olaraq hesablanır”.

Milli Məclisin Vergi Məcəlləsinə təklif etdiyi dəyişikliklərə diqqəti çəkən Mehman Muradlı “Dəyişikliklərə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan  şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir və bu vergi ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə isə 8%  müəyyənləşdirilir”,- deyə vurğulayıb.

 “Əslində bu dəyişiklik nə deməkdir?” sualına cavabında AXCP üzvü “Bu dəyişikliyə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi olmağa məcbur edilir. Vergi Məcəlləsinin 219.2-ci maddəsinə görə sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin, əmlak vergisinin, fərdi sahibkarlar isə həyata keçirdikləri sahibkarlıq fəaliyyətləri üzrə gəlir vergisinin və ƏDV-nin ödəyiciləri deyillər. Əsasən kiçik sahibkarlığın dəstəklənməsi məqsədini güdən sadələşdirilmiş verginin tətbiqi zamanı xüsusilə mühasibat uçotunun təşkili daha az məsrəflərlə mümkün olur.

Digər tərəfdən bu rejimin tətbiqi ölkənin vergi ödəyicilərinin böyük əksəriyyətini təşkil edən sadələşdirilmiş vergi ödəyicilərinin fəaliyyəti üzərində vergi nəzarətinin təşkili və həyata keçirilməsi işini də xeyli asanlaşdırır”,- deyə qeyd edib.

Lakin hüquqşünas son dəyişiklik layihəsindən sonra iş adamlarının sadələşdirilmiş vergi ödəyicisi olacağını hesab etmir: “Mənfəəti çoxaltmaq üçün iş adamları xərclərini “çoxaltmaq” yolunu tutacaqlar və bunun nəticəsində ziyan çəkən dövlət büdcəsi olacaq”.





Həftənin ən çox oxunanları