Yuxarı

“İdarəetmə strukturları korrupsiya içərisindədir”

“İdarəetmə strukturları korrupsiya içərisindədir”

[caption id="attachment_2008" align="alignleft" width="367"]Ehmed Oruc Əhməd Oruc: “Hakimiyyət bu komanda ilə islahat apara bilməz”[/caption]

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının 22 oktyabr tarixində keçirilmiş iclasında “ATƏT/DTİHB-nin mandatının pozulması” haqqında bəyanat yayıb. Bəyanatda ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərdə iştirakdan imtina etməsinin təəssüf doğurduğu bildirilir: “Əməkdaşlıqdan imtina edən Azərbaycan deyil.  ATƏT PA seçkiləri müşahidədən imtina edən tərəfdir. Ona görə də yenidən əməkdaşlığa başlamaq barədə çağırış bizə deyil, assambleyanın əməkdaşlıqdan imtina edən nümayəndələrinə ünvanlanmalıdır”.

Amma Azərbaycan Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin bu bəyanatı cəmiyyətdə və siyasi arenada birmənalı qarşılanmayıb. Problemin hansı tərəfdə olduğu, həmçinin seçkidən sonra Azərbaycanın siyasi səhnəsində nələrin baş verə bilmə ehtimalı, eləcə də ölkədəki son durumla bağlı Azadlıq Partiyasının sədri Əhməd Orucla söhbətləşdik. Partiya sədri “Cümhuriyət”ə müsahibəsində baş verən prosesləri dəyərləndirdi.

- Bilirsiz ki, Azərbaycan hakimiyyəti uzun müddət idi ki, ATƏT-in Azərbaycandakı statusunu azaltmışdı. Bu seçkilərdə də onun istədiyi qədər nümayəndə heyətinin Azərbaycana gəlməyinə qarşı çıxdı. Amma hakimiyyət bundan əvvəl bəyan etmişdi ki, hansı təşkilat nə qədər nümayəndə ilə istəsə seçkiləri müşahidə edə bilər. Faktiki olaraq ATƏT-in müşahidəçiliyi altında son 20 ildə keçirilən seçkilər ATƏT olmadan öncə keçirilən seçkilərdən də daha antidemokratik bir mahiyyət almışdı. Faktiki olaraq ATƏT-in Azərbaycana verdiyi tövsiyyələr, seçkilərlə bağlı iradlar, onların seçki komissiyalarına, seçki qanunlarına dəyişikliklərin, əsas tələblərin  heç biri faktiki olaraq nəzərə alınmamışdı. Gözlənilirdi ki, Qərb bu məsələlərdə sona qədər göz yummayacaq. Azərbaycana qarşı hansəsa sanksiya tətbiq edəcək və ya ölkəni hansısa qurumlardan kənarlaşdıracaq. Bu, gözlənilən idi və baş verdi.

- Seçkidən sonrakı prosesləri necə dəyərləndirirsiniz, proseslər hansı məcrada davam edə bilər?

- Azərbaycan son zamanlar açıq formada Rusiyameylli bir siyasət yürüdür. Hesab edirəm ki, Qərblə münasibətlər kəskinləşdikcə, Azərbaycanın Rusiyadan asılılığı artacaq, buna görə  təbii olaraq Rusiyameylli siyasət güclənəcək. Bu proseslər qətiyyən Azərbaycanın maraqlarına uyğun deyil. Prosesin bu cür davam etməməsi üçün Azərbaycanda demokratiya yönümlü, milli xəttə olan qüvvələr fəaliyyətini koordinasiya etməlidir. Ona görə ki, ən azı Azərbaycan hakimiyyəti o istiqamətdə addım ata bilməsin və ya cəmiyyətdə buna qarşı bir müqavimət olsun. Qərbin də bu yöndə Azərbaycan hakimiyyətinin üzərinə daha kəskin formada getməsi göstərir ki, Azərbaycan seçkilərdən sonra daha da özünə uyğun bir cəmiyyətin qurulması istiqamətində fəaliyyətini davam etdirəcək.

- MTN ətrafında baş verən olaylara münasibətiniz necədir, proseslərin islahat kimi qələmə verilməsi nə dərəcədə həqiqətə yaxındır?

-İctimai rəyə ötürülən informasiyalara görə,  nazir və onun ətrafı kimlərdənsə rüşvət alması, saxta tələblər irəli sürməsinə görə cəzalandırılıblar. Bu belə deyil. Birincisi, digər dövlət strukturları da korrupsiya və rüşvətin içindədirsə, Milli Təhlükəsizlik Nazirliyinin ayrılıqda təmiz bir orqan kimi fəaliyyət göstərməsi mümkünsüzdür. Yəni ola bilməz ki, hər şeydən xəbərdar olan bir orqan korrupsiya faktlarını bilir və görür, özləri də heç bir mənfi işlə məşğul olmur və təmiz bir qurum kimi qalır. Bu, mümkünsüzdür və hamı bunu yaxşı başa düşür. Mən hesab edirəm ki, burada məsələ hansısa başqa problemlərlə bağlıdır. Amma bu məsələ hələ konkret olaraq aydınlaşmayıb. Guya Azərbaycanda hansı nazir korrupsiya ilə məşğul deyil və ya bu yeni bir məsələdirmi?  Mənim fikrimcə, bu, hakimiyyətin mahiyyətindən gələn bir məsələdir. Bu da ölkədə dövlətin əsas strukturlarından biri hesab olunan milli təhlükəsizlik sisteminin korrupsiya burulğanında necə acınacaqlı duruma gəldiyinin göstəricisidir.

- Seçkidən sonra hakimiyyət köklü islahatlara gedəcəkmi?

- Bu gözlənilən deyil. Birincisi, demokratik islahatlar üçün bir hazırlıq mərhələsi olmalıdır. Ölkədəki idarəetmə strukturları korrupsiya və rüşvət içərisindədir. İslahatları aparmaq üçün güclü və milli siyasi komandaya ehtiyac var. İndiki hakimiyyət nümayəndələri isə islahata hazır deyillər. Ona görə də islahatlar mümkünsüzdür. Eyni zamanda Azərbaycanın üzərində olan şərtlər, bu ölkədə Qərblə Rusiyanın maraqlarınını kəskin toqquşması Azərbaycanda islahatların aparılmasını çətinləşdirir. Atılan hər hansı bir addım hansısa qüvvənin marağına uyğun deyilsə, adekvat olaraq kəskin reaksiya verir və müvafiq addımlar atır. Ona görə də indiki halimiyyətin demokratik islahatlara gedəcəyi mümkünsüzdür.

Cavad





Həftənin ən çox oxunanları