Yuxarı

“Əli Kərimli qədər nüfuzdan düşmüş siyasətçi yoxdur”

“Əli Kərimli qədər nüfuzdan düşmüş siyasətçi yoxdur”

Serdar Celaloglu

Azərbaycan parlamentinə keçiriləcək seçkilərə az müddət  qalıb. Müxalifəti təmsil edən bir sıra partiyalar seçkilərə qatılmaqdan imtina etsə də, müəyyən qism iştirakı məqbul gördü. Boykot qərarı verən siyasi partiyaların verdikləri qərarlara haqq qazandırmaq üçün gətirdikləri əsas səbəb – hakimiyyətin növbəti dəfə seçkilərin nəticələrinə müdaxilə ehtimalıdır. Lakin, bu ehtimalın əksinə olaraq, Azərbaycan müxalifətinin yenə də hakimiyyətə qarşı vahid güc mərkəzi olmaq ehtimalı sıfırın altındadır.

Yaxın Şərqdə baş verən müharibə Azərbaycana da təsirsiz ötüşmür. Regionda baş verən proseslərin dini müstəviyə keçməsi ölkədə gənclər arasında radikal dini təriqət və cərəyanlara meyli artırır. Paralel olaraq, müəyyən sferada İranın islama baxışını dəstəkləyənlər də çoxalır. Demək olar ki, bu fonda dünyəvi və milli dəyərlər böhran vəziyyətindədir.

Bu və ya digər məsələlər barədə yaranmış sualları Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırdı.

- Sərdar bəy, əvvəlcə seçkilərdən başlayaq. Nə gözləyirsiz?

- Ölkədə demokratik seçkilərin  əlamətləri görünmür. Seçkilərin nəticələrindən də bu baxımdan heç nə gözləmirəm. Çox təəssüf ki, indiki sosial-iqtisadi böhran vəziyyətində iqtidar özünün monopoliya siyasətini həyata keçirir. Beləliklə, bununla iqtidar çox ciddi tarixi şansı – qarşıdan gələn böhran vəziyyətindən xalqı və dövləti çıxarmaq üçün mütərəqqi qüvvələrin hakimiyyətin və dövlətin iştirakına cəlb etmək şansını əldən buraxdı.

- Seçkilərdən imtina etməyiniz bununla bağlı idi?

- Seçkiləri boykot etməyinizin əsas səbəbi seçkilərin formal keçirilməsi fövqündə iqtidar – müxalifət qarşıdurmasının gərginləşməsi, ölkədə ağır iqtisadi-sosial böhranın iqtidar – müxalifətin problemlərinin həllində dilə gətirilməsinin vacibliyi idi. Buna görə də biz partiya olaraq seçkilərdə iştirak etməliyik ki, ən azından iqtidarla qarşıdurma vəziyyətində olmayaq və qarşıdan gələn böhran vəziyyətində iqtidarla müxalifətin müəyyən problemlərin həllində həmrəyliyini təmin edək ki, xalq və dövlət çox şey itirməsin.

- Bəs müxalifət niyə, iqtidara qarşı vahid güc mərkəzinə çevrilə bilmir?

- Ona görə ki, ölkədə seçkilər keçirilmir. Seçkilər keçirilsə,  müxalifət güc mərkəzinə çevriləcək.

- Müxalifət partiyalarının yenilənməsi yönündə cəhdlər edilir. AXCP, Müsavat kimi partiyalarda gənclərin fəaliyyətləri qabardılması təklifləri var. Bu məsələyə münasibətiniz necədir?

- Siyasətdə yaşlı, gənc və ortabab anlayışı yoxdur. Siyasətdə siyasətçi var. Siyasətdə siyasətçi yaşlı da ola bilər, gənc də.

Bir də siyasətdə naşılıq var, o qoca da, gənc də ola bilər. Gənclərlə işləyən və Əli Kərimli qədər nüfuzdan düşən ikinci bir şəxs yoxdur. Əgər gənclərlə işləmək böyük bir siyasi nəticədirsə, hanı o nəticə? Eləcə də Müsavat. Gənclər təşəbbüsü ələ aldığı vaxtdan Müsavat batmağa başladı. Çünki siyasətdə gənclik faktoru siyasətin əleyhinə işləyir.

- Sərdar bəy, tamam başqa bir problemə toxunmaq istərdik. Son zamanlarda gənclər arasında İranmeylli qüvvələrin və radikal dini cərəyanlara qarşı meyl artması milli və dünyəvi Qərb dəyərlərinin böhranlı vəziyyətdə olmasının məntiqi nəticəsidir?

- Qərbin özündə həddən artıq ciddi formada dinə qayıdış var. Xüsusilə Avropada İslama qarşı meyl artır. Bu, sadəcə hakimiyyətin yanlış dini siyasətilə bağlıdır. Azərbaycanlıların ateist Sovet rejimindən, sovet düşüncəsindən dini cəmiyyətə qaytarılmasında yanlış dini siyasət aparılır. Azərbaycanda yürüdülən dini siyasət Sovet dönəmində ateist dini siyasətin davam etdirilməsidir. Ona görə də, insanlar ən müxtəlif ölkələrdən gələn dini sektaların təsirlərinə düşürlər. Yerli dini strukturlar da vətəndaşların dini tələbatlarını ödəyə bilmirlər.

İşi yenidən qurmaq lazımdır. Dini Qafqaz Müsəlmanları İdarəsi kimi, məscidlərin indiki idarə edilməsi kimi, hər yerdə bir nəzir qutusu qoyulması, hər yerdə nəzir yığılması kimi başa düşmək İslama qayıtmaq mümkün deyil. Bu, Sovet hökumətinin qurduğu bir oyun idi ki, dinin mahiyyəti təhrif olunsun. Təəssüf ki, bu gün Azərbaycanda İslam mahiyyəti tam təhrif olunmuş formada təbliğ olunur. Nəyə görə ağlı başında olan adam mahiyyəti təhrif olunmuş dinə meyl etməlidir?

Mənsur





Həftənin ən çox oxunanları