Yuxarı

Seçkinin nəticələrinə qarşı təhlükə

Seçkinin nəticələrinə qarşı təhlükə

aksiya-polisMüsavat Partiyasının parlament seçkilərində iştirakdan imtina etməsindən sonra müxalifətsiz parlamentin formalaşacağını tam əminliklə söyləmək olar. Müxalifət düşərgəsindəki əsas ciddi siyasi qüvvələr prinsipcə seçkidən imtina edib. AXCP, ADP, Müsavat Partiyası ölkədə demokratik seçki mühitinin olmaması səbəbindən ssenarisi öncədən yazılmış bir prosesdə iştirak etmək istəmədiklərini bildiriblər.

AMİP-in namizədlərinin əksəriyyəti hakimiyyətin müdaxiləsinə etiraz olaraq seçki marafonundan geri çəkilib. Gələcək Azərbaycan Partiyası da seçkilərdə iştirakını dayandırdığını bəyan edib. Əslində, hadisələrin bu istiqamətdə cərəyan edəcəyi gözlənilən idi. Çünki iqtidar hələ seçkinin başlanğıc mərhələsində demokratik seçki mühitinin yaradılması üçün siyasi və hüquqi islahatlara getməkdə maraqlı görünmürdü.

Bu da adekvat olaraq qısa müddətdə  beynəlxalq demokratik təşkilatlarla rəsmi Bakı arasıında münasibətlərin pozulmasına gətirib çıxardı. Öncə Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıq doğuran qətnamə qəbul etdi. Həmin qətnamədə irəli sürülən şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycana sanksiyaların tətbiqi təklif olundu. Bundan sonra isə  ATƏT-in Parlament Assambleyası və Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda seçkiləri müşahidə etməmək barədə qərar çıxardı. Beynəlxalq təşkilatların bu addımı artıq seçkilərin nəticələrini bəri başdan şübhə altına almaq üçün kifayət qədər əsas yaradırdı.  Bu şübhənin əsassız olduğunu təsdiq etməyin ən optimal yolu mövcud problemləri Avropa təşkilatları ilə müzakirə etmək idi. Ancaq rəsmi Bakı Qərblə demokratik islahatlar sahəsində əlaqələri kəsmək yolunu seçdi və Azərbaycanın  Avronestdən çıxmaq qərarı bu ziddiyyətləri pik həddə çatdırdı. Artıq seçkilərin nəticələrinin beynəlxalq demokratik institutlar tərəfindən tanınmayacağına şübhə qalmır  və Qərb də bunu öncədən elan edib. Belə vəziyyətdə seçkidə iştirak etmək müxalifətə deyil, yalnız  hakimiyyətə  siyasi dividend gətirə bilər. Seçkiyə qatılmış müxalifət partiyalarının da boykot tərəfdarlarının qınaq hədəfinə çevrilməsi  buradan qaynaqlanır. Bəzi müxalifət partiyalarının seçkiyə qatılması  ilkin mərhələdə hakimiyyətin xeyrinə işləsə də, sonda geri çəkilməsi nəticə baxımından problem yarada bilər.

İlk növbədə, əsas müxalifət partiyalarının seçkidən kənarda qalması seçki prosesinin qeyri-şəffaf olmasına dair mənfi rəylərin verilməsinə əsas yaradır.

İkincisi, seçkiyə qatılan müxalifət partiyaları prosesdə son mərhələyə qədər iştirak edib və baş vermiş  qanun pozuntuları ilə bağlı kifayət qədər hüquqi dəlillər toplaya bilib - İmza vərəqələrinin gecikdirilməsi, imzatoplama  kampaniyası zamanı namizədlərə və imza sahiblərinə inzibati təzyiqlərin baş verməsi, icra hakimiyyəti orqanlarının seçkiyə müdaxiləsi, seçki komissiyalarının hakim partiyanın nəzarətində qalması, siyasi məhbusların azadlığa buraxılmaması və s. Bu da seçkilərin anti-demokratik şəraitdə keçməsi fikrinə və səsvermənin nəticələrinin tam şübhə altına alınması üçün beynəlxalq qurumlara əsas verə bilər.

Müxalifət  son 25 ildə indiki qədər qanun pozuntusu ilə müşayiət olunan seçkilərin baş vermədiyi bildirilir. Ən problemli məqamlardan biri isə ölkədə yüksək seçici passivliyinin müşahidə olunmasıdır. Sözügedən situasiya cəmiyyətdə hakimiyyətin seçkilər yolu ilə formalaşmasına inamın qalmadığını əks etdirir. Elektoratın  seçkiyə inamının itməsi isə dövlət üçün daha böyük təhlükənin meydana çıxmasına səbəb ola bilər. Bu inamsızlıq ilk baxışda siyasi passivlik təsiri bağışlasa da, mövcud vəziyyətin daha dərindən təhlili seçici kütləsinin radikal siyasi metodlarla dəyişikliklərə meylləndiyi ehtimalını yaradır.  Yəni qeyd edilən təhlükənin ilk qığılcımları görünməkdədir. Söhbət Azərbaycanda seçkiqabağı seçici aktivliyinin zəifləməsi fonunda müxtəlif dini-ideloji cərəyanların  artmasından və fəallaşmasından gedir. Hakimiyyət isə dünyəvi, demokratik müxalifəti, vətəndaş cəmiyyəti qurumlarını zorakı üsullarla gücdən salmaqla öz mövqelərini bir qədər də möhkəmlədəcəyinə ümid edir.  Əgər əvvəllər beynəlxalq demokratik təşkilatar  Azərbaycanı Belarusla müqayisə edirdisə, indi bu iki ölkə eyni siyasi tərəziyə qoyulmur. Buna da səbəb Belarusda bütün siyasi məhbusların azadlığa buraxılması, mühacirətdə olan müxalifət liderinin ölkəyə qayıtmasına şərait yaradılmasıdır. Belarus sanksiyalardan azad olmaq ərəfəsindədir, Azərbaycanı isə sanksiyalar gözləyir. Hüquq-müdafiəçiləri və siyasi ekspertlər seçkidən sonra Azərbaycana qarşı sanksiyaları ehtimal edir. Əgər seçkilərin nəticəsi Avropa Şurası, ATƏT-in DTİHB, Avropa Parlamenti kimi qurumlar tərəfindən qeyri-demokratik elan edilsə, bu  halda Avropa Parlamentinin Azərbaycanda insan  haqlarının vəziyyətinə dair  qətnaməsinin tələbləri pozulmuş olacaq. Bu da  Azərbaycana qarşı sanksiyaların reallaşması üçün rəsmi Bakıya xeyli vaxtdır təzyiq imkanları axtaran Qərb üçün tutarlı arqument ola bilər.  Hüquq-müdafiəçiləri sanksiyaların əsasən bir sıra vəzifəli şəxslərə, məhkəmə hakimlərinə, hüquq-mühafizə orqanları işçilərinə tətbiq olunacağını deyirlər.

İqtidar isə beynəlxalq təzyiqdən xilas olmaq üçün hər hansı siyasi güzəştə getməkdə maraqlı görünmür. Güzəşt deyərkən, Azərbaycanın ATƏT, AŞ, AB kimi təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulur. Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı və Yaxın Qonşuluq Siyasəti Proqramı çərçivəsində qoşulduğu öhdəliklərə uyğun olaraq siyasi məhbusları azadlığa buraxmalı, demokratik seçki mühitinin formalaşması üçün dərhal islahatlara başlamalı və bu problemlərin həlli iqtidar-müxalifət dialoqu müstəvisində təmin edilməlidir. Əks halda, demokratik qüvvələri sıradan çıxarmış və beynəlxalq qınaq obyektinə çevrilmiş hakimiyyət radikal dindar kəsimlə üzbəüz qala bilər. İqtidar özünün siyasi rəqiblərinə qarşı mübarizədə müxalifətsiz parlamenti güc mərkəzinə çevirmək texnologiyasına əl atsa da, son günlər baş verən hadisələr hakim düşərgədə monolitliyin olmadığını ortaya qoydu.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları