Yuxarı

İranda türkləri barbar kimi təqdim edirlər

İranda türkləri barbar kimi təqdim edirlər

iranda aksiya“Molla rejimi bizdən ölkəni min ildən çox idarə etmiş atalarımızın qisasını almağa çalışır”

İranın dövlət televiziyası “Kanal 2”də yayımlanan “Fitilə” adlı verilişdə Azəbaycan türkləri təhqir edilib. Təhqir Güney Azərbaycanda yaşayan soydaşlarımızın etirazlarına səbəb olub. Urmiya, Təbriz və digər şəhərlərdə tələbələr, iş adamları, milli fəallar, müxtəlif təbəqədən olan insanların iştirakıyla İran hakimiyyətinə qarşı etiraz aksiyalarına start verilib. Xatırladaq ki, noyabrın 6-da “Kanal 2”-də yayımlanan “Fitilə” adlı verilişdə diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Veriliş fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.

İran Konstitusiyası: “Türklər ana dilində təhsil ala bilməzlər”

İran hakimiyyətini təmsil edən müxtəlif media qurumları tərəfindən Güney Azərbaycan türklərinin tez-tez təhqir edilməsi təsadüfi deyil. Çünki İran əhalisinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türklərinə molla rejimi tərəfindən heç bir konstitusion hüquq tanınmır. İran Konstitusiyasının 15 və 19-cu maddələrinə görə, bu ölkədə yaşayan türklərə öz dillərində danışmağa, ünsiyyət qurmağa qadağa qoyulur. 1925-ci ildə Rza şah Pəhləvinin İranda dövlət çevrilişi etməsindən bu günədək fars rejimi türklərə qarşı sistemli assimilyasiya siyasəti izləyib. Bu müstəvidə Güney Azərbaycan İran hakimiyyətinin etniklərə qarşı ən böyük assimiliyasiya siyasəti sahəsi sayılır. Türklərin öz dillərində təhsil almaq, mətbuat və telekanal açmaq haqlarına sahib olmamaları, bu siyasətin tərkib hissəsinə daxildir. Molla rejiminin assimilyasiya siyasətinin mahiyyəti böyük bir millətə qarşı aparılan soyqırım aksiyasına oxşayır. Fars millətçiliyinin hakim olduğu İran hakimiyyəti tətbiq etdiyi siyasətlə milli kimliyi türk olanları farsların toplum halında yaşadığı bölgələrə köç etməyə və onların içinə qarışıb əriməyə məcbur edir. Azərbaycan türklərinin üstün olduğu bölgələrə rəhbərliyi də farslar edirlər.

Sonuncu Qacar xanədanın devrilməsindən sonra hakimiyyəti ələ keçirən Rza şah və başda fars millətçiləri türkləri “farslar üçün ən böyük təhlükə” kimi qabağa çıxardılar. Güney Azərbaycan türklərinə tətbiq edilən assimiliyasiya siyasəti molla rejiminin hakimiyyətə gəlməsilə geniş vüsət qazandı. Beləliklə, bu gün İranda türklərin ləyaqətini alçaldan ifadələr, hərəkətlər rejimə məxsus media qurumlarının gündəlik informasiya mübadiləsinin manşetlərini təşkil edir. Çünki fars hakimiyyəti türklərin öz milli gələnəklərini, mədəniyyətini və milli kimliklərini unutdurmağı qarşısına məqsəd qoyub. İrandakı etniklər içərisində Azərbaycan türklərinin üstünlük təşkil etməsi, dövləti idarəetmə mexanizmində çoxluğun səbəblərinə görə assimilyasiya siyasəti hiyləgər şəkildə qurulub. İranda millətçilik rejim tərəfindən “pozğun ideologiya” kimi tələffüz edilir. Lakin türk adının hallandırılmasına qadağa qoyulduğu halda, Tehrandan türk bölgələrinə yayılan panfarsizm inkişaf etdirilir.

Elçin Hatəmi: “Bu, böyük bir millətə qarşı nifrətin ifadəsidir”

Güney Azərbaycandan olan milli fəal, hüquq müdafiəçisi Elçin Hatəmi “Cümhuriyət”ə açıqlamasında, molla rejiminin İranda türklərə qarşı təzyiq siyasətini davam etdirdiyini bildirib. E.Hatəmi hazırda Güney Azərbaycanın müxtəlif şəhərlərində İran hakimiyyətinin irqçilik siyasətinə qarşı türklərin etiraz aksiyalarının davam etdiyini bildirib: “Noyabırın 6-da dövlət telekanalında türklər təhqir edildi. Telekanal türkləri cahil millət kimi təqdim edib. Guya türk adamı ayaqyolu fırçasıyla diş fırçasının fərqini bilmir və dişlərini ayaqyolu fırçasıyla yuyur. Bu, böyük millətə qarşı nifrətin ifadəsidir, bir millətə qarşı işlədilmiş ağır cinayətdir. Bu, beynəlxalq hüquq tərəfindən də ağır cinayət hesab olunur. Təhqirə yol verənlər cəzalandırılmalıdır. Əldə etdiyimiz məlumata görə, İranın hərbi və təhlükəsizlik qüvvələri türklərin etiraz nümayişlərini dağıtmaq üçün gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə edir. Nəticədə bir çox nümayişçi ağır yaralanıb. Həmçinin çoxlu sayda insan həbs edilib”. Elçin Hatəmi Güney Azərbaycan türklərinə təzyiq edən qüvvələri dayanmağa çağırıb.

Molla rejiminin 80 min erməni və 35 milyonluq türkə münasibəti

İranın orta və ali məktəblər üçün nəzərdə tutulmuş “Tarix” dərsliklərində Azərbaycan türklərinin kökləri inkar edilərək farslarla eyni soydan gəldiyi, bu soyun ari irqi olduğu iddiası uydurulub. Mənbələr farsları bütün vasitələrlə şişirib, ariliyi qürur, türklüyü isə vəhşilik, barbarlıq mənbəyi kimi təqdim edir. Hətta Rza şahdan bu günədək İran hakimiyyətində təmsil olunmuş bütün rejimlər bu mövzuda sərt qərarlar qəbul ediblər. Məsələn, bir azərbaycanlı dövlət vəzifəsində çalışırsa, molla rejiminə sədaqətli olmalı və farslardan daha çox irançılıq anlayışına sahib olmalıdır. Beləliklə də, dövlət işlərində vəzifə verilən türklər fars qadınlarla evləndirilərək, öz milli kimliklərindən uzaqlaşdırılırlar. Digər tərəfdən rejim assimiliyasiya siyasətinin tərkibi olaraq, Güney Azərbaycan adına olan bölgələrin sərhədlərini kiçildir, türk toponimlərini, coğrafi adlarını dəyişdirir. SSRİ parçalandıqdan sonra Güney Azərbaycanın Azərbaycan Respublikasına birləşəcəyindən qorxan molla rejimi Azərbaycanın Rusiyanın siyasi təsir dairəsindən qalmasına çalışdı. Hətta I Qarabağ müharibəsində İran Silahlı Qüvvələri və humanitar yardım təşkilatları Ermənistana hər cür köməkliyi etdilər. Xüsusilə müharibə vaxtı İrana üz tutan qaçqın Azərbaycan türklərinin fars hakimiyyətinin qəbul edilməməsi, əksəriyyətinin Araz çayında boğulub ölməsinə göz yumması da təsadüfi deyildi. Çünki rejim türk mədəniyyətini yox etmək, gizlətmək və “kiçik, yerli mədəniyyət” kimi göstərmək üçün hər yola müraciət edir. Molla rejimin türklərə münasibətini açıq formada göstərən fakt odur ki, bu ölkədə yaşayan 35 milyondan çox türkə heç bir konstitusion hüquq tanınmadığı halda, 80 min etnik erməniyə öz dilində təhsil almaq, məktəb açmaq, mətbuat orqanı nəşr etdirmək haqqı verilib. Bu rejimin hakim “Vahid İran milləti” ideologiyasına əks mövqedir. Bu fakt göstərir ki, İranda panfarsist ideologiyanın yönəldiyi yeganə millət Azərbaycan türkləridir.

Hüseyn Türkelli: “Həll yolu Güney Azərbaycanın dövlət olmasından keçir”

Güney Azərbaycan Türklərini Müdafiə Mərkəzinin başqanı, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn Türkelli türklərin “Kanal 2”də təhqir olunması ilə bağlı “Cümhuriyət”ə bildirdi ki, bu olay İran hakimiyyətinin soydaşlarımıza qarşı atdığı ilk belə addım deyil. H.Türkelli Güney Azərbaycan türklərinin bundan sonra da bu cür hallarla rastlaşacaqlarını deyib: “Bu problemin yeganə həll yolunu ziyalılarımız və milli fəallarımız bilirlər. Bu yol Güney Azərbaycanın milli dövlət olmasından keçir. İranı idarə edən molla rejimi farsları 1000 ildən çox idarə etmiş atalarımızın qisasını almağa çalışır. Dünyanın heç bir yerində, tarixin heç bir mərhələsində heç bir millət Güney Azərbaycan türkləri qədər təhqir olunmayıb. “Fitilə” proqramının uşaq verilişi olduğunu nəzərə alsaq görərik ki, bu proqram sadəcə, onu hazırlayanların səhvi deyil.

Rejim bu yolla uşaqlarımızı daha asan formada assimiliyasiyaya uğratmağa çalışır. Təbii ki, xalqımız baş verən haqsızlıqlara qarşı ayaqdadır. Bütün Güney Azərbaycan şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib və nümayişlər simvolik olaraq, Azərbaycanın mədəniyyət paytaxtı olan Urmiyadan başlayıb. Aksiyalar Tehranda da keçirilib və hələ də davam edir. Bir çox yerlərdə rejimin təhlükəsizlik qüvvələri ilə aksiyaçılar arasında toqquşmalar olub. Yaralanan və həbs olunanlar var, onların sayı və kimlikləri müəyyənləşdirilir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları