Yuxarı

Hələ də korrupsioner kimi tanınırıq

Hələ də korrupsioner kimi tanınırıq

pul“Transparency İnternational” təşkilatı 2015-ci ilin Korrupsiya Qavrama İndeksinin (KQİ) ölkələr üzrə göstəricilərini açıqlayıb. Hesabata 168 ölkə daxil edilib. İndeksdə Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu sırada yer alıb. Qonşu ölkələrin KQİ-də göstəricilərinə gəlincə, Gürcüstan 52 balla 49-cu, Türkiyə 42 balla 66-cı, Ermənistan 35 balla 95-cidir. Rusiya 29 balla Azərbaycan kimi 119-cu sırada dayanır. Bu isə o deməkdir ki, Azərbaycanda korrupsiyanın səviyyəsi Gürcüstan və Ermənistandan yüksəkdir.

Digər MDB ölkələrindən Moldova 33 balla 103-cü, Belarus 32 balla 107-ci, Qazaxıstan və Qırğızıstan 28 balla 123-cü, Ukrayna 27 balla 130-cu, Tacikistan 26 balla 136-cı, Özbəkistan 19 balla 153-cü, Türkmənistan 18 balla 154-cü yerdədir. Həmçinin keçmiş SSRİ məkanından Estoniya 70 balla 23-cü sırada qərarlaşıb. Litva 61 balla 32-ci, Latviya 55 balla 40-cıdır.

 2015-ci ilin Korrupsiya Qavrama İndeksində ilk sıranı 91 balla Danimarka tutur. Finlandiya 2-ci (90 bal), İsveç 3-cüdür (89 bal). Sonrakı yerləri Yeni Zelandiya (88 bal), Niderland, Norveç (hər ikisi 87 bal), İsveçrə (86 bal), Sinqapur (85 bal), Kanada (83 bal) tutur. Almaniya, Böyük Britaniya və Lüksemburq 81 balla 10-cu pilləni bölüşürlər. ABŞ 76 balla 16-cı, Yaponiya 75 balla 18-cidir. Siyahıda son üç pilləni isə Əfqanıstan (11 bal), Şimali Koreya və Somali (hər ikisi 8 bal) tutur.

Qeyd edək ki, Korrupsiya Qavrama İndeksi dövlət sektorunda korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ “Transparency İnternational” təşkilatının 1995-ci ildən dərc etdiyi ən başlıca hesabatlardan biridir. 2013-cü ildən hesabatda xallar 100 bal (çox yaxşı) - 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. KQİ-ni təşkilatın Berlində yerləşən katibliyi hazırlayır.

“Obyektiv deyil”

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov “Cümhuriyət”ə açıqlamasında “Transparency İnternational”ın Korrupsiya Qavrama İndekslərinin bir qədər müəmmalı olduğunu bildirib. S.Məmmədovun sözlərinə görə, təşkilatın indikatorları var, onlar ölkələr üzrə bu indeksləri təxmini şəkildə qiymətləndirirlər: “Azərbaycanda son 10 ildə korrupsiya hallarının miqyasında azalmalar gedir. Məsələn, məişət korrupsiyasının qarşısının alınması üçün Azərbaycanda inqilabi dəyişikliklər baş verir. ASAN Xidmətin yaranmasını buna misal çəkə bilərik. 90% məişət müstəvisində olan korrupsiyada azalmalar var. Vətəndaşla məmurun üzləşməsi zamanı bu hallara təsadüfən rast gəlinir. Bu üzləşmələr demək olar ki, əksər sferalarda aradan qaldırılıb. Məsələn, vergi orqanlarında bəyannamələrin qəbulunda belə hallarla rastlaşmır. ASAN xidmət bu yöndə vətəndaşın işlərini yüngülləşdirib. Həmişə faktorları qiymətləndirəndə yəqin ki, siyasi amilləri də nəzərə alırlar. Bəzən ölkəyə qarşı kənar təzyiqlər olanda, hansısa maraqlı qüvvələr ortada olanda bu reytinqlərdə subyektiv amillər də öz əksini tapır. Gürcüstana gəlincə, bu ölkədə vətəndaşla məmur arasında olan korrupsiyanın qarşısının alınmasında böyük uğur əldə olunub. Bu barədə mübahisə etmək olar ki, kim harada dayanır?! Amma Ermənistanla Azərbaycanı müqayisə etmək doğru deyil. Azərbaycan korrupsiya ilə mübarizədə və korrupsiyanın səviyyəsinin az olmasına görə, Ermənistandan çox qabaqdadır”. Sahib Məmmədov hesab edir k, “Transparency İnternational” ölkələr üzrə KQİ-ni açıqlayarkən, məsələlərə öz kriteriyalarından yanaşır. Hüquq müdafiəçisi indekslərin müəyyən məlumatlar əsasında təyin olunduğunu bildirib: “Şübhəsiz burada siyasi amillər mühüm rol oynayır. Azərbaycanda bu təşkilatın bölməsi var. Həmin bölmə bu qiymətləndirmədə iştirak etmir. Prinsiplərinə görə, təşkilatın mənbələri başqadır”.

“Tam obyektivdir”

REAL Hərəkatı idarə heyətinin üzvü, politoloq Azər Qasımlı “Cümhuriyət”ə bildirib ki, “Transparency İnternational” çox mötəbər bir təşkilatdır və ölkələr üzrə korrupsiya hallarını araşdıran ən obyektiv beynəlxalq qurumlardan biridir. A.Qasımlı hesab edir ki, buna görə də qurumun araşdırmalarının nəticəsi heç kəsdə şübhə doğurmamalıdır: “Daha əvvəllər də bildirilirdi ki, korrupsiyanın səviyyəsi Ermənistan və Gürcüstandan da yüksəkdir. Bunun səbəbi odur ki, Azərbaycana son 10 il ərzində neftdən çox böyük pullar gəldi. Bu gün də gördüyümüz kimi,Azərbaycanda total iqtisadi böhran var. Heç bir real iqtisadiyyat yoxdur, qeyri-neft sektoru ümumiyyətlə, inkişaf etməyib. Böhranın səbəbi də ilk növbədə bundan ibarətdir. Digər tərəfdən də bildiyimiz kimi, Azərbaycanda normal olmayan bir dövlət idarəetmə sistemi var. Məhz bunun nəticəsində Azərbaycana gələn böyük pullar korrupsiya yoluyla mənimsənilib. Buna görə də “Transparency İnternational” təşkilatının yaydığı hesabatı tam obyektiv hesab edirəm”.               Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları