Yuxarı

AXCP-dən Türkiyədə törədilən terrorla bağlı bəyanat: "Lənətləyirik"

AXCP-dən Türkiyədə törədilən terrorla bağlı bəyanat:

axcp (1)“Ötən gün qardaş ölkə Türkiyənin paytaxtı Ankarada terror aktı törədilib. Nəticədə 29 türk şəhid olub, 60-dan çox yaralı var. Qanı, dili, dini bir qardaşımızdan gələn bu acı xəbər bizi sarsıtdı. Azərbaycan Xalq Cəbhəsi Partiyası böyük türk ulusuna dərin hüznlə başsağlığı verir, sonsuz kədər və dərin hüzn duyduğumuzu bildirir”. Cebhe.info xəbər verir ki, bu barədə AXCP-nin bəyanatında bildirilir.

“Türkiyənin güclənməsindən qorxanlar dəfələrlə ona qarşı bəşər tarixinin ən ləyaqətsiz, ən alçaq yoluna- terrora əl atıblar. Lakin bu şərəfsizliyi edənlər anlamırlar, yaxud anlamaq istəmirlər ki, Osmanlı İmperiyasının varisini, dünyanın üç qitəsində hökmranlıq etmiş bir ulusu məhv etmək mümkün olmaz. Türkiyə əyilməyəcək və sınmayacaq.

Biz də xalq olaraq Türkiyənin yanındayıq. Partiya olaraq hər zaman türk qardaşlarımızın, Türkiyənin yanında olduğumuzu və terroru lənətlədiyimizi bildiririk. Əminik ki, bu alçaqlığı edənlər tezliklə cəzalarına çatacaq, “Osmanlı tokatı”nın acısını dadacaqlar. Şəhid olan hər bir türkü Tanrı cənnətilə müjdələsin”.

AXCP sədri Razi Nurullayev də törədilən terrorla bağlı sərt danışıb: "Terror həll yolu deyil. O, böyük cinayət və cəhənnəmlik bir hərəkətdir. Allahın yaratdığı günahsız bəndələri partlayışla öldürmək yaramazlıq və şeytan əməlidir. Bu terroru ən şiddətli şəkildə pisləyir və bu dəhşətli terroru törədənləri və onların havadarlarını lənətləyirik. Terrorla ayrı-ayrılıqda mübarizə aparılmaz. Ona görə ki, terrordan qisasçılıq üçün istifadə edən dövlətlər də var. Nə qədər ki, terror siyasi məqsədlər üçün istifadə ediləcək, onun kökünü kəsmək mümkün olmayacaq. Çünki terror artıq dini məqsədlər üçün yox, həm də siyasi təzyiq və məqsədlər naminə həyata keçirilir. Dünya isə hələ də terrora qarşı birlik nümayiş etdirə bilmir. Bu gün Türkiyənin başına gələn terrora sevinənlər, sabah özlərini bu quyunun içində tapacaqlar.

Türk xalqına dərin hüznlə başsağlığı verir və şəhid olanlara rəhmət diləyirəm".





Həftənin ən çox oxunanları