Yuxarı

Cəmil Həsənli niyə “vuruldu”?

Cəmil Həsənli niyə “vuruldu”?

Professor Milli Şuranı özü üçün partiyaya çevirmək istəyib

Ehtiram Mehtiyev: “Maliyyənin kəsilməsi qurumda gərginliyə səbəb olub”

Elçin Mirzəbəyli: “Əli Kərimlidə sədaqət anlayışı yoxdur”

“Yurd” sədri Əli Kərimli Cəmil Həsənlini Milli Şuradan uzaqlaşdırmağa çalışır. Gələn məlumatlara görə, Ə.Kərimli bunun üçün professora istefa ərizəsini də yazdırıb. Yaxın günlərdə istefa qərarının mediaya açıqlanacağı bildirilir.

Professorun “qələm”ini niyə sındırdılar?

Əli Kərimlinin Cəmil Həsənlini istefaya məcbur etməsi müxtəlif cür şərh olunur. İlkin məlumatlara görə, AXCP-ni itirmiş Əli Kərimli Cəmil Həsənlinin istefasından sonra Milli Şuraya sədr keçərək bu qurumu siyasi partiyaya çevirməyi hədəfləyir. Digər bir xəbərə görə isə, Əli Kərimli Milli Şuranın fəaliyyətinə son qoymaqla ölkədən getməyi planlaşdırır. Gələn məlumatlara görə, “Yurd” sədri müxtəlif kanallar vasitəsilə hakimiyyətin yuxarı dairələri ilə pasport məsələsinin həll olunması yönündə danışıqlara başlayıb. Pasport aldıqdan sonra ölkədən gedən Əli Kərimli özündən sonra adının hallandığı qurumların qalmasını istəmir. Başqa bir iddiaya görə isə, Cəmil Həsənli və Əli Kərimli arasında narazılıq yaranıb. Narazılığı yaradan faktor Milli Şura sədrinin Maqsud İbrahimbəyovun dəfn mərasimində iştirakına bağlanılsa da, məsələnin başqa tərəfi var. Həmin məlumata görə, Cəmil Həsənli Əli Kərimlidən xəbərsiz Milli Şuranı özü üçün siyasi partiyaya çevirmək niyyətində olub. Bununla bağlı Koordinasiya Şurasının üzvlərindən bir neçəsi ilə də məsləhətləşib. Hətta Rüstəm İbrahimbəyova da məlumat verib. Koordinasiya Şurasının üzvlərindən kimsə bunu Əli Kərimliyə çatdırıb və “kəşfiyyat” məlumatını aldıqdan sonra da Əli Kərimli Cəmil Həsənlinin “qələmini sındırmaq” qərarı verib. Çünki Milli Şura da əlindən çıxarsa, heç bir iddiasını təmin etməyəcək qədər imkanlarını qiymətləndirən Kərimli bunu özünün faciəsi kimi qəbul edir. “Milli Şura Cəmil Həsənlini hörmətdən saldı”

AXCP sədrinin müavini Ehtiram Mehtiyev “Cümhuriyət”ə bildirib ki, Milli Şura yarananda Əli Kərimlinin sədrliyi dönəmində AXCP Rəyasət Heyətinin üzvlərindən birinə, “sizcə, sədr kim olacaq” sualını verib. Həmin şəxs E.Mehtiyev “darıxma, sədr bizim adamlardan olacaq” deyib:

“Elə o gün bu birliyin ölkəyə, xalqa deyil, kimlərinsə şəxsi mənafelərinə xidmət edəcəyini demişdim. Zaman yanılmadığımı göstərdi.

Bu gün milli olmayan şuraya “Əli Kərimlinin şurası” adının verilməsi daha düzgün olardı. Bu şurada hansısa milli ideyadan söhbət belə gedə bilməz, orda yalnız Əli Kərimlinin mütəşəkkil komandası və onların çıxardıqları oyunlar var. Çünki heç bir zaman Milli Şura adında birlik olmayıb. Həmişə birlikdə təmsil olunanları Əli Kərimli şəxsən özü seçirdi. Ona görə də zamanla bura qoşulan təşkilat, partiyalar və ictimai fəallar başa düşürdülər ki, qurumda heç bir perspektiv yoxdur. Verilən hər qərarın şəxsi ambisiyaya xidmət edən çirkin oyun olduğunu anlayanlar istefa verirdilər. Bu gün ölkəni mövcud iqtisadi böhrandan çıxarmaq üçün Milli Şuranın hansısa təklifini görmədik. Bu da onu göstərir ki, onların fəaliyyəti sıfırın altındadır. Səbəb də sadədir, bu layihə xaricdən maliyyələşirdi. Maliyyənin kəsilməsi isə şurada gərginliyə səbəb oldu. İstər seçkilərdə, istərsə də seçkilərdən sonra Milli Şurada intriqaların pik həddə çatdığını gördük. Seçkilərdə ən zəif nəticə qazanan Əli Kərimli isə özü nüfuzdan düşdüyü üçün, çalışırdı ki, Cəmil Həsənlini də cəmiyyətdə hörmətdən salsın. Düşünürəm ki, Əli Kərimli buna nail oldu. Artıq Cəmil Həsənlinin Əli Kərimli şurasından istefa verməsi heç nəyi dəyişmir. Çünki Cəmil Həsənlinin bu çirkin oyunda rol alması onun siyasi imicindən daha çox ziyalılığına, cəmiyyətdə olan hörmətinə zərbə oldu. Xatırladım ki, bu, Cəmi Həsənlinin ilk istefası deyil. Hətta o, vaxtilə AXCP-dən də Əli Kərimliyə görə istefa vermişdi”.

“Cəmil Həsənli Əli Kərimli üçün missiyasını başa vurub”

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət”ə bildirib ki, Milli Şura rəsmi qurum olmadığı üçün bu təşkilat haqqında rəsmi münasibətlər də ola bilməz. E.Mirzəbəylinin sözlərinə görə, Cəmil Həsənli Əli Kərimli üçün öz missiyasını başa vurub:

“Əli Kərimli özünün cəsarət edə bilmədiyi işlərin hamısını Cəmil Həsənliyə gördürdü. Bütün oyunlarında ondan istifadə edib. Bunun üçün də xarici bir ölkənin layihəsi olan bir qurumda Cəmil Həsənlinin iştirakını təmin etdi. Görünür ki, indi Cəmil Həsənli Əli Kərimlini qane etmir. Cəmil Həsənli emossionaldır və siyasətçi deyil. Gözlənilmədən həqiqətləri deyə bilər ki, bu da heç bir halda Əli Kərimlinin maraqlarına uyğun gəlmir. İkincisi, Cəmil Həsənlinin özü də görə bilər ki, Əli Kərimli və Milli Şura kimlərinsə əlində bir oyuncaqdır və burada nüfuzunu itirib. İndi də bunu bərpa etmək üçün özü addım atmaq istəyir. Cəmil Həsənli üçün bu istefa ilk deyil, vaxtilə o bir dəfə də Əli Kərimlidən imtina etmişdi. Yenə də istefa verib geri qayıda, təzədən gedib qayıda bilər. Prinsipcə, Cəmil Həsənli də öz maraqlarına xidmət edən adamdır. Əli Kərimlinin özünün də bu ambisiya var və ondan sədaqət anlayışı yoxdur. O, istənilən vaxt istədiyi şəxsi ətrafından uzaqlaşdıra, başqa bir partiyaya göndərə bilər”.

Mənsur





Həftənin ən çox oxunanları