Yuxarı

“Mehriban düşmənlər”in birlik oyunu

“Mehriban düşmənlər”in birlik oyunu

Göstəriş gələn kimi, “Yurd”la Müsavat yenidən cırmaqlaşacaq

Son günlər Müsavatla “Yurd” arasında inteqrasiya və əməkdaşlıq məsələsi yenidən gündəmə gəlib. Köhnə müxalifətə yanaşmanın dəyişdiyini prosesə verilən reaksiyalar da sübut edir. Əgər “Yurd”la Müsavatın əməkdaşlığı məsələsi bir neçə il bundan əvvələ qədər cəmiyyətdə hansısa bir dinamizmə təkan verirdisə, artıq belə bir fikrin ortaya atılması cəmiyyətdə yalnız ikrah doğurur. İndi nə baş verir? Nə cəmiyyət, nə siyasilər, nə də ekspertlər artıq nəzəri cəhətdən belə bu iki qurumun nə zamansa hansısa siyasi bir formatda sonadək uğurlu əməkdaşlıq edəcəklərini düşünmürlər.

Bunun səbəbi isə bu iki təşkilatın rəhbərlərinin bir-birinə olan münasibətdən irəli gəlir. Çünki Arif Hacılı ilə Əli Kərimlinin bir-birinə olan münasibətləri elə səviyyədədir ki, müxalifətin nəinki ortamüddətli hədəflərə hesablanmış birliyində, heç qısa hədəflərə hesablanan fəaliyyətində birgə əməkdaşlığını mümkün etmir. Azdan-çoxdan siyasi proseslərdən xəbəri olan insanlara bunu heç izah etməyə ehtiyac da yoxdur.

Çünki uzun illərdir Müsavatla “Yurd” arasındakı birlik uğursuzluğa düçar olub . Və hər dəfə də birlik dağılan kimi tərəflər bir-birinə qarşı ağır ittihamlar sürür və xəyanətdə ittiham edirlər. Hətta bir neçə il bundan öncə bu iki təşkilatın birləşməsi ideyası ortaya atıldı və bu istiqamətdə birgə işçi qrup da yaradıldı. Bu istiqamətdə bir neçə ay mütəmadi olaraq danışıqlar getdi, birləşmənin mexanizmi, şərtləri və digər məsələlər müzakirə edildi. Ancaq o zaman bu birləşməyə və ya sıx inteqrasiyaya ən çox mane olanlardan biri məhz Müsavatın bugünkü sədri Arif Hacılı idi.

Çünki o özü Müsavat başqanlığına can atırdı və bunun üçün ciddi-cəhdlə çalışırdı. Hətta bu məsələdə o hakimiyyətdəki müəyyən dairələrdən də “dobro” almışdı. Ona bu məsələdə dəstək veriləcəkdi. Necə ki, yekunda o məhz həmin dostlarının dəstəyi nəticəsində nail oldu. Təbii ki, Əli Kərimlinin də niyyəti bəlli idi. O həm bu məsələdən manipulyasiya edib öz mövqeyini müxalifət düşərgəsində möhkəmləndirməyə çalışırdı. O, bu hərəkəti ilə özünü müxalifət düşərgəsində birlik tərəfdarı kimi təqdim etməyə çalışırdı.

Düzdür, qısa zamanda bu onun xeyrinə işlədi və tarix ona belə bir şansı yaratdı. Ancaq o bu şansdan yararlana bilmədi. Çünki o, niyyətində səmimi olmadığından prosesi başa çatdıra bilmədi. Nəfsinin itiliyi və hərisliyi buna imkan vermədi. İndi də Müsavat başqanının müavini Tofiq Yaqublunun təşəbbüsü ilə belə bir prosesə can atılır və artıq hamı da bunun nə ilə sonuclanacağını gözəl bilir. Odur ki, bu fikirlərə qeyri-ciddi və müxalifət düşərgəsini gözdənsalma hərəkəti kimi dəyərləndirir. Sadəcə, tərəflər bundan imitasiya və manipulyasiya edərək cəmiyyətdə varlıqlarını göstərməyə çalışır və bu yolla gündəmi zəbt etməyə çalışırlar. Onsuz da proses bundan uzağa getməyəcək. Lazımi məqamda Arif Hacılı ilə Əli Kərimli göstəriş verən kimi növbəti qarşılıqlı ittihamların şahidi olacağıq. Və tərəflər bir-birini ən azından qeyri-səmimilikdə və xəyanətdə ittiham edəcəklər. Bunun isə bir sadə səbəbi var. Adıçəkilən şəxslərin şəxsi marağı milli maraqdan üstündür.

Və onlar milli maraqlar naminə güzəştin nə olduğunu anlamırlar. Və bu fikri yaxınlarına belə buraxmırlar. Ancaq anlamırlar ki, milli maraqlar naminə geri çəkilmək və ya güzəştə getmək elə şəxsi maraqlar zəminindən məqbuldur. Sadəcə, başlanan proses çox güman ki, ideya təşəbbüskarı olan Tofiq Yaqublunun başında çatlayacaq və onun “başını yeyəcək”. Və o da sonda bu şəxslərin kim olduğu bir daha tanımaqla yanaşı, iç üzlərini cəmiyyətə açacaq. Cəmiyyətə bir daha şahidi olacaq ki, bu oyunun əsas hədəfi elə müxalifəti bir daha gözdən salmaq, onsuz da zəif olan müxalif düşərgəni daha da zəiflətməyə hesablanan hərəkət olub. Müsavat “Yurd” əməkdaşlığı nəinki müxalifət düşərgəsinə, ümumiyyətlə, cəmiyyətdəki proseslərə xeyrindən çox ziyan gətirəcək.

Ərtoğrul





Həftənin ən çox oxunanları