Yuxarı

AXCP funksionerindən Nəsimi Məmmədliyə: “Şeytanınız bol olsun, bəylər”

AXCP funksionerindən Nəsimi Məmmədliyə: “Şeytanınız bol olsun, bəylər”

Cebhe.info xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Səbuhi Aslanbəyli STP üzvü Nəsimi Məmmədlinin “Köhnə iqtidarın “yeni müxalifət” arzusu dəyişməyib…” məqaləsinə cavab verib.

“Əli Kərimlinin şəxsi bloqundakı (“Azadlıq” qəzetindəki) “Köhnə iqtidarın “yeni müxalifət” arzusu dəyişməyib…” məqaləsinə cavab verməyi gərəkli bildim. Bu cavab məqaləsini yazmaya da bilərdim, sadəcə Nəsimi Məmmədlinin ənənəvi müxalifəti dəstəkləməyən (və ya dəstəkləməkdən usanmış) gəncləri yanlışlığa yol verməkdə ittiham etməsi faktı olmasaydı...

“Dəyişiklik arzusunda olan insanların, xüsusilə də gənclərin müəyyən bir qismi yanlış olaraq belə düşünür ki, ənənəvi müxalifətin meydandan çəkilməsi ilə bəlkə də köklü dəyişikliklərə nail olmaq mümkün olacaq.” Bu kəlmənin müəllifi Nəsimi Məmmədli deyəsən, Azərbaycanda son 10-15 ildə gedən siyasi proseslər dönəmində başqa işlərlə məşğul olub, gündəmdən məlumatlı deyil. Azərbaycanda bütün siyasi proseslərin dalana dirənməsinin əsas səbəbkarlarından biri elə “köhnə müxalifət” deyilən toplumdur. Obrazlı desək, mövcud hakimiyyət (Nəsimi Məmmədlinin təbirincə desək “köhnə iqtidar”) siyasi prosesləri və proses iştirakçılarını sıxışdırıb bir qəfəsə salıb, bu qəfəsin də hava gələn pəncərəsini başda 15 ildən çoxdur müxalifətçi donu geyinən qruplar (Nəsimi Məmmədlinin dediyi “köhnə müxalifət”) qapadıb. İndi bu siyasi mühitin həmin pəncərədən yeni nəfəs almasına havanın qarşısını kəsənləri qovmaqla başlamaq lazımdır. Məhz yeni siyasi nəfəsin qarşısını kəsən köhnə müxalifət siyasi səhnədən silindikdən sonra hakimiyyətin qurduğu qəfəsi sökmək mümkün olacaq. Bunu Nəsimi Məmmədli və onun kimi düşünənlər gec-tez dərk edəcəkdir”,- deyə partiya funksioneri yazıb.

AXCP funksioneri daha sonra məqaləsində hətta iqtidarın da dəyişməyə çalışdığını, ancaq köhnə müxalifətin dəyişmək istəmədiyini bildirib:

“Konfutsi deyirdi ki, “Dünyanı dəyişmək istəyirsənsə, ilk növbədə özün dəyiş”. Azərbaycanda isə hətta köhnə iqtidar belə dəyişməyə başlayıb – nazirlər yenilənir, islahatlar etməyə çalışırlar, mədəni səviyyəni yüksəldirlər. Yəni, pis ya yaxşı, köhnə iqtidar dəyişmək cəhdləri edir və bu göz qabağındadır. Köhnə müxalifət isə dəyişmir. Eyni adamlar eyni vəzifələrdə illərdir oturublar, eyni sözləri tutuquşu kimi illərdir danışırlar. Əli Kərimli AXCP-ni ələ keçirəndə anadan olan uşaqlar artıq universitetlərdə oxuyurlar, o isə hələ də hakimiyyət üzərində heç bir qələbə, nailiyyət (öz ailəsi üçün əldə etdiyi nailiyyətlər istisna olmaqla) əldə etməyib, lakin buna baxmayaraq hələ də müxalifət rolunda çıxış edir. Azərbaycan hakimiyyətinə də belə küt, dəyişməyən müxalifət lazımdır. Çünki Nəsimi Məmmədli və onun düşüncəsində olanlar görməsə də , gənclər və xalq bütün bunları görürlər və buna görə də dərk edirlər ki, ölkədə vəziyyəti düzəltmək üçün köhnə iqtidarın köhnə müxalifəti dəyişməli və ya siyasi səhnədən getməlidir...”

Məqalənin sonunda S.Aslanbəyli “Bu fikirlərin səmimi olmamasının əsas mənbəyi kimi hər bir fərd öz siyasi keçmişinə nəzər yetirsə yaxşıdır. Vaxtı ilə Qüdrət Həsənquluyevin yanına gedərkən məhz Əli Kərimlinin yanından getmişdi pul qazanmağa, yaxşı yadımdadır, Cəbhənin çayxanasında ikilikdə mənə də təklifdə bulunmuşdu. İndi nə dəyişdi? Hər il mövqeyini 360 dərəcə dəyişən insanların fikirləri cəmiyyət üçün önəmli olmamışdır. Şeytanınız bol olsun, bəylər...”-deyə vurğulayıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları