Yuxarı

Azərbaycan Xalq Cəbhəsi - 27

Azərbaycan Xalq Cəbhəsi - 27

Milli Azadlıq Hərəkatında təşkilatlanma

Azərbaycan Xalq Cəbhəsinin yaranmasından 27 il ötür. 1989-cu il iyulun 16-da təsis edilən AXC Azərbaycan milli-azadlıq hərəkatının əsas təşkilati qüvvəsi kimi tarixə düşüb. 1988-ci ildə Sovet imperiyasına qarşı başlanan və 18 gün davam edən və sonra amansızcasına dağıdılan Meydan hərəkatı AXC-nin yaranması ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bununla da xalq hərəkatında təşkilatlanma mərhələsi başlandı. 1989-cu il iyulun 16-da Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ olan 196 nəfərin iştirakı ilə Bakıda AXC-nin təsis konfransı keçirildi. Xalq Cəbhəsinin yaranması haqda dünya xalqlarına 22 dildə müraciət göndərilmişdi. Bakıda yarıgizli təsis olunan konfransda Əbülfəz Elçibəy AXC-nin ilk sədri seçilir. Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümbətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Pənah Hüseyn, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə isə AXC İdarə Heyətinin üzvləri seçilirlər.

Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən cəmiyyətin demokratikləşməsi uğrunda fəal mübarizəyə başlayır. Azərbaycan cəmiyyətimizdə yeni demokratik ənənələrin yaranmasında AXC-nin müstəsna rolu var. 70 il davam edən Sovet əsarətindən sonra Azərbaycanın siyasi sisteminə təşəbbüskarlıq, fikirmüxtəlifliyi, rəqabət, çoxpartiyalılıq kimi demokratik dəyərlərin gətirilməsi AXC-nin adı ilə bağlıdır. Azərbaycan Xalq Cəbhəsinin yaranması ilə milli-azadlıq hərəkatı geniş vüsət aldı. Xalq hərəkatına liderlik edən bu qurum əsas hədəfi olan azadlıq və müstəqillik uğrunda davamlı mübarizə idi. O zamanlar ölkədə kütləvi şüurun həzm edə biləcəyi vətəndaş cəmiyyəti, siyasi fəaliyyət, seçki azadlığı, alternativ mətbuat kimi anlayışlar yox idi. Siyasi partiya qurmaq barədə mülahizələr isə ümumiyyətlə, küfrə bənzər düşüncələr hesab edilirdi. Dağılmaqda olan imperiyanın mərkəzi hökuməti çox nadir hallarda hökumət saydığı yerli hökumətləri daha artıq sıxmaqda, yerli hökumət isə bu təzyiqləri bəhanə edib daha artıq quduzlaşmaqda idi. Sovet rejimi güc və repressiv üsullar hesabına Xalq Cəbhəsinin fəaliyyətinin qarşısını almağa çalışırdı. Buna baxmayaraq, xalq arasında AXC-nin yüksək nüfuz qazanması və sıralarının sürətlə genişlənməsi milli-azadlıq mübarizəsini qarşısıalınmaz prosesə çevirdi. Qısa müddətdə Xalq Cəbhəsinin sıralarına yüz minlərlə insan qoşuldu. AXC-nin genişlənməsi hakim Kommunist Partiyasının üzvlərinin sayının azalması və cəmiyyətdəki siyasi dayaqlarının zəifləməsi ilə müşahidə olunurdu. AXC-nin gücü və tələbi ilə, xalq hərəkatı fonunda 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, “Azərbaycan SSR-nin suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir” və “Azərbaycan SSR-nin digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər”. Bununla da Azərbaycanın istiqlaliyyəti yolunda mühüm hüquqi addımlardan biri atılmış oldu. 1989-cu ilin sonlarında Azərbaycan xalqı 200 illik imperialist parçalanmaya etiraz edərək SSRİ-nin İranla sərhədində tikanlı məftilləri sökdü. Həmin il Azərbaycan xalqı bütün dünya üzrə ilin mübariz xalqı kimi tanındı.

Xalq Cəbhəsi müstəqilliyin banisidir

Bunun ardınca AXC 1990-cı ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinə hazırlaşdı. Ölkədə böyük nüfuza malik AXC-nin xalqdan səs alacağı mütləq idi və bunu gözəl anlayan imperiya başbilənləri zorakılığa əl atdı. 1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu hərəkat iştirakçılarına qarşı qətliam törətdi. AXC 1990-cı ildə rus tanklarının qarşısına əliyalın çıxaraq sıralarından onlarla şəhid verdi və mücadilə tarixinin ən şərəfli, ləyaqətli dövrlərindən birini yaşadı. Xalq Cəbhəsinin siyasi iradəsi qarşısında aciz qalan rus ordusu geri çəkildi. Bu mənəvi qələbə imperiyanın çöküşündə həlledici rol oynadı. Məhz bu məğlubiyyətdən sonra SSRİ-nin müdafiə naziri Dmitri Yazov “Biz Xalq Cəbhəsinin strukturlarını dağıtmağa gəlmişdik, təəssüf ki, özümüz dağıldıq” demişdi. AXC elə həmin il Azərbaycanda demokratik siyasi mübarizə yolunun əsasını qoydu və parlament seçkilərində iştirak edərək uğur əldə etdi. Məhz parlamentdə yer alan AXC-nin tələbi ilə 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyası «Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı »nı qəbul edildi. Nəticədə, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən bəyan edilmiş dövlət müstəqilliyi bərpa olundu. Azərbaycan ikinci dəfə müstəqil dövlət kimi dünya dövlətlərinin sırasına qoşuldu və BMT-nin üzvü oldu.

Böyük lider və xalqın prezidenti Əbülfəz Elçibəy

AXC 1992-ci ilin mayı ayında hakimiyyətə gəldi. Həmin vaxt Şuşanın işğalını önləyə bilməyən hakimiyyət artıq süqut eləmişdi. Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti oldu. Bununla da Azərbaycanda demokratiyanın 1918-ci ildə yaradılmış AXC-dən bir irs kimi yaşadığını və xalqımızın hər zaman demokratiyaya hazır olduğunu ortaya qoydu. Elçibəyin prezidentlik dönəmi bütün postsovet məkanında demokratiyanın təntənəsi idi. Bir il hakimiyyətdə qalmasına baxmayaraq, AXC Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin formalaşmasında silinməz izlər buraxıb.

Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlişi ilə itirilmiş torpaqların qırx faizindən çoxunu erməni işğalçılarından geri aldı. Gülüstan qəsəbəsi tamamailə azad edildi. Ordu hərbi əməliyyatlarla Laçının və Xankəndinin bir neçə kilometrliyinə kimi yaxınlaşdı. Azərbaycan Ordusunun formalaşmasına başlanıldı. 1992-ci il oktyabr ayının 9-da Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirildi.

Azərbaycanda ilk dəfə milli valyuta vahidi - Manat çap edilib, dövriyyəyə buraxıldı. Bu, çökmüş Sovet İttifaqı ölkələrində çox ciddi hadisə idi. Çünki SSRI dağılandan sonra Kreml pul vahidini dəyişərək, ölkələrdə iqtisadi böhran yaratmaq istəyirdi. Amma bu, Azərbaycanda mümkün olmadı.

Təhsildə islahatlar aparıldı, qəbul imtahanlarında test üsulu tətbiq edildi və on minlərlə kasıb övladı yuxusunda belə görə bilmədiyi fakültələrə rüşvət vermədən qəbul oldular. Test üsulunun tətbiqi qəbul imtahanlarında rüşvəti ləğv etməklə yanaşı, Azərbaycanda bacarıqlı kadrların üzə çıxarılmasında mühüm rol oynadı. Həmin vaxtdan bəri test üsulu Azərbaycan təhsil sisteminin əsaslarından birini təşkil edir.

AXC qısa müddətdə milli müstəqilliy imiz üçün böyük təhdid olan Rus qoşunları və hərbi bazalarının Azərbaycandan çıxarılmasına nail oldu. Şərqi Avropada və bir çox post-Sovet ölkələrində Rusiya hərbi bazaları qaldığı halda AXC hakimiyyətinin siyasi iradəsi ilə Azərbaycanı tərk etməli oldu. Heç kimə sirr deyil ki, Kreml bu olaylardan qəzəb duyurdu və dünyada yüksək imicə malik AXC hakimiyyəti ilə barışa bilmirdi.

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünü pisləyən 4 qətnamə qəbul etdi. Münaqişə tarixində dünya ictimaiyyətindən alınmış ən böyük dəstək bu idi. Dünya işğalçılar geri çəkilməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edirdi.

İlk dəfə özəlləşməyə start verildi və bu zaman dövlət səviyyəsində bütün həssaslıqlar qorundu. Azərbaycanda iş adamları, mülkiyyət sahibləri üçün minbit şərait yaradıldı. Azərbaycan Avroatlantik məkana doğru ən böyük addımını atdı. Qərbyönümlü xarici siyasətin əsasının qoyulması da AXC-nin adı ilə bağlıdır. İlk dəfə Azərbaycan neftinin işlənməsi üçün Qərb şirkətlərilə danışıqlara başlandı. Sonradan bu danışıqları xatırlayan “dəmir ledi” Marqarit Tetçer yazırdı: “Azərbaycan xalqı çətin ki, öz tarixində belə bir rəhbər görsün. O, hər sentin rəsmiləşib büdcəyə getməsi üçün saatlarla danışıq aparırdı, deyirdi ki, bu, bizim körpələrin gələcəyinin puludur”. Bu sözlər mərhum AXC sədri, sabiq prezident Əbülfəz Elçibəy barəsində deyilib.

AXC hakimiyyətinə qarşı qiyam

“Millətləşmə, dövlətləşmə, bütövləşmə” AXC iqtidarının əsas siyasi kursunu təşkil edib. Lakin AXC-nin milli mənafeyə söykənən siyasəti bir sıra xarici və onlara ölkə daxilində havadarlıq edən qüvvələri narahat edirdi. Ona görə də 1993-cü il iyunun 4-də prezident Əbülfəz Elçibəyin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, korpus komandiri Surət Hüseynovun rəhbərliyi ilə Gəncə şəhərində hərbi qiyam qaldırıldı.

Dövlət çevrilişinə qalxanlar həmin dövrdə mövcud olan siyasi fikir ayrılığından da məharətlə istifadə edə bildilər. Hakimiyyət daxilində yaranmış ziddiyyətlər və bunun nəticəsində buraxılan səhvlər, dövlət idarəçiliyində təmsil olunan şəxslərin təcrübəsizliyi və hazırsızlığı, ölkədə, bölgədə və regionda baş verən hadisələrə münasibətdə vahid mövqenin formalaşmaması, rəsmi dövlət qurumlarının tabeçiliyindən kənarda silahlı qruplaşmaların mövcudluğu və onların törətdiyi özbaşınalıqlar, regionda marağı olan qüvvələrin dağıdıcı fəaliyyəti son nəticədə AXC hakimiyyətinin süquta uğramasına səbəb oldu. Ölkə prezidenti Əbülfəz Elçibəy qiyamın qarşısını almaq və vətəndaş qarşıdurmasına yol verməmək üçün həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya dəvət etdi. Özü isə ölkədə sabitliyin təmin olunmasına maneə yaratmaq məqsədilə gerçəkləşdirilməsi ehtimal edilən siyasi oyunların qeyri-ixtiyarı iştirakçısına çevrilməmək üçün paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə yola düşdü.

AXCP dönəmi

1995-ci ildə AXC siyasi partiyaya çevrilərək Azərbaycan Xalq Cəbhəsi Partiyası adlandırıldı. 1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdı və bütün siyasi qüvvələri ölkədə vətəndaş həmrəyliyi və milli birliyi təmin etmək üçün vahid mövqedən çıxış etməyə çağırdı. Təəssüf ki, öz səriştəsizlikləri və aşırı iddiaları ilə AXC hakimiyyəti daxilində ziddiyyətlərin yaranmasına səbəb olan qüvvələr Əbülfəz Elçibəyin tarixi çağırışını düzgün dəyərləndirə bilmədilər, manipulyativ davranışlarla ölkədə sivil, etimadlı siyasi münasibətlər sisteminin formalaşması üçün üzərlərinə düşən vəzifələrdən yayındılar. Bütün bunlara baxmayaraq, AXCP ölkədə siyasi güc mərkəzi kimi ana müxalifət rolunu qoruyub saxlayırdı. Əbülfəz Elçibəy xəstələndikdən və müalicə üçün Türkiyəyə yola düşdükdən sonra isə müxalifət və AXCP daxili ziddiyyətlər daha da dərinləşərək idarəolunmaz hala gəldi. AXCP faktiki olaraq iki siyasi qanada - “islahatçılar”a və “klassiklər”ə parçalandı. 2000-ci il iyul ayının 19-da AXCP-nin “klassiklar” adlanan qanadı partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Bu hadisədən təxminən, bir ay sonra avqustun 22-də Əbülfəz Elçibəy Türkiyədə vəfat etdi.

AXCP-nin parçalanmasında “Yurd” amili

AXCP-nin parçalanmasında və zəifləməsində təşkilatın daxilində gizli fəaliyyət göstərən “Yurd” qrupunun xüsusi rolu olub. 1995-ci ildə Kələkidə olan Elçibəy AXCP sədri seçilsə də, yeni yaranan partiyanın təşkilatlanma, idarə olunma prosesi “Yurd”çuların nəzarətinə keçib. Çünki AXCP-nin yarandığı gündən bəri, belə demək mümkünsə, başına gələnlər “Yurd”un adı ilə çox vaxt birbaşa bağlı olub. İllər ötdükcə AXCP daxilində baş verən qarşıdurmalar, bir qrupun özünü “islahatçılar”, digər qrupun özünü “klassiklər” kimi təqdim etməsi nəticəsində müşayiət olunub. 1997-ci ilin payızında (30 oktyabr) Elçibəyin Bakıya qayıtması partiyada onun tərəfdarlarının fəallaşması və qüvvələr nisbətinin yavaş-yavaş bərabərləşməsi istiqamətində dəyişikliklərə səbəb oldu. Əbülfəz Elçibəy böyük siyasi təmkin göstərərək parçalanmanın qarşısını almaq üçün Bəyçiləri Əli Kərimovun rəhbərlik etdiyi “Yurd”çularla qarşıdurmadan çəkinməyə çağırırdı. Ancaq AXCP liderinin dünyasını dəyişməsi ilə siyasi ziddiyyətlər açıq müstəviyə keçdi və parçalanma qaçılmaz oldu. Bir müddər həm Mirmahmud Mirəlioğlunun, həm də Əli Kərimlinin sədrliyi altında iki AXCP fəaliyyət göstərdi. Sonradan Mirmahmud Mirəlioğlunun rəhbərliyi altında olan təşkilat adını dəyişərək Klassik Xalq Cəbhəsi Partiyasına çevrildi. Parçalanmadan sonra mövqeləri əhəmiyyətli dərəcədə zəifləyən Əli Kərimovu bu dəfə də növbəti 2000-ci ilin saxta parlament seçkiləri xilas etdi. Parçalanma ərəfəsində yenidən o, iqtidarla iş birliyinə gedərək bir çox AXCP Ali Məclisi üzvü olan cəbhəçiyə mandat vəd etdi və bir çox majoritar dairədən onların namizədliklərini qeydə aldıraraq Ali Məclisin yarıdan bir qədər çoxunun səsini almağa nail oldu və bununla da legitimliyin onun tərəfində olduğunu bəyan etdi. Digər tərəfdən «legitim» AXCP-dən 7 nəfəri Milli Məclisin salonuna daşıyaraq saxta parlamentə «legitimlik» qazandırmaqda hakimiyyətə növbəti dəfə yardım əlini uzatdı. Qüdrət Həsənquliyev 2001-ci ildən AXCP-nin parçalanan tərəflərinin birləşdirilməsi kampaniyasına başlayır. Əli Kərimli birləşmə ideyasının onun avtoritarizminə son qoyacağını bilərək bəyan edir ki, birləşmə məsələsində kifayət qədər qapalı və şübhəli məqamlar var. Bundan sonra “islahatçılar” prosesdən kənarlaşırlar. “İslahatçılar”ın dəstəyindən məhrum olan Qüdrət Həsənquliyev “klassiklər”in böyük bir hissəsini birləşmə planına inandıra bilir və “klassiklər”in böyük bir hissəsi onunla “birləşmə” prosesinə qoşulur. Mirmahmud Mirəlioğlunun sərt etirazı vəziyyəti dəyişdirir. Nəticədə 2002-ci ilin iyul ayında bir qrup AXCP üzvü “birləşdirici qurultay” adı ilə toplaşıb partiyanın birləşdiyini bəyan edir. Bir müddət sonra Ədliyyə Nazirliyi Qüdrət Həsənquliyevin rəhbər olduğu birləşən AXCP-ni rəsmən tanıyır. Amma az sonra Ədliyyə Nazirliyi AXCP-nin qeydiyyatını ləğv edərək, Əli Kərimlini yenidən partiyanın sədri kimi tanıyır. Bundan sonra Q.Həsənquliyevin sədrlik etdiyi partiya Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) adlanır.

Əli Kərimlinin siyasi iflası və AXCP-də yenilənmə

Əli Kərimlinin partiya daxilində diktatura hesabına rəhbərliyi qoruyub saxlamaq, fəalları sıxışdırmaq siyasəti uzun çəkmədi və fiaskoya uğradı. Seçkilərdə siyasi uğursuzluq, passiv müxalifətçilik fəaliyyəti onun ətrafındakıların kəskin etirazına səbəb oldu. 2015-ci il avqustun 19-da AXCP-nin sədrinin beynəlxalq məsələlər üzrə sabiq müavini Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsini yaratdığını bəyan etdi. Cəbhəçilər Əli Kərimlinin istefasını və partiyanın təşkilati strukturlarının yenidən formalaşması tələbini irəli sürdülər. Beləliklə, müasir Azərbaycan tarixində müstəsna rolu olan bir təşkilat kəmiyyət və keyfiyyətcə özünün yeni mərhələsinə qədəm qoydu. AXCP-də başlanan yenilənmə prosesi partiyanın oktyabr ayının 18-də keçirilmiş qurultayında özünün siyasi və hüquqi təsdiqini tapdı. AXCP EQTK-nin sədri Razi Nurullayev partiyanın sədri seçildi. AXCP-nin nizamnaməsinə dəyişiklik edilərək sədrin seçilmə müddəti hər biri 4 il olmaqla iki dəfə müəyyən edildi. AXCP qurultayın qərarı ilə Avrointeqrasiya yolunu tutduğunu bəyan etdi.

AXCP yenə xalqın yanında

Etimad Qurultayında çıxış edən AXCP sədri Razi Nurullayev cəbhəçilərə və xalqa ciddi mesajlar verdi: “Əbülfəz Elçibəyin yaratdığı AXC hər bir ailəni əhatə edirdi. Amma bu gün belə deyil. Elçibəy xalqin adami idi, səmimi idi, ürəyi xalqla vururdu. O çox humanist insan idi. Bu gün belə insanlara ehtiyac var. Zaman-zaman AXC partiyaya çevrildi, ancaq öhdəliklərini yerinə yetirə bilmədi, xalqdan ayri düşdü. Bunun birbaşa günahkari kimi Əli Kərimli və digər müxalifət liderlərini görürəm. 10 illiklərlə aparılan bir siyasət müsbət nəticələnmirsə, onlar kənara çəkilməli idilər. Bir lider söz verirsə, nəticə ilə baglı öhdəlik götürürsə, xalqa vəd verirsə, nəticə göstərməlidir. Əks təqdirdə kənara çəkilməlidir. Bu gün 20 ildir nazir postu tutanlar, icra basçısi, nazir müavinləri var. Müxalifətdə də eyni vəziyyətdir. Bu, bizə xoş deyil. Xalqin güzəranı ağırdır. Xalqın yarıdan çoxu işsiz vəziyyətdədir, cibində 1 manatı yoxdur. Budurmu siyasət? Əslində, müxalifət olaraq xalqı arxasınca aparacaq insan olmadi. Kürsüdə oturmağa üstünlük verdilər. Xalq da nəticə olmadiğina görə başsız qalib, lider axtarır, yeni sima görmək istəyir, həyatının yaxşılaşmasını istəyir, bahalı maşınları görüb ürəyi bulanır, istəyir ki, usağı yaxşı təhsil alsın, məmur övladı kimi xaricdə oxusun.

İqtidarda təmsil olunanların yox, həm də müxalifət adina iddialı olan yalançı liderlərin də övladları xaricdə oxuyur, sosial problemləri yoxdur. Amma hər bir cəbhəçi zülm içində yasayır, onlar isə boş vədlər verir. Biz ona görə yarandıq ki, buna “yox” deyək. Xalqın ləyaqətli, savadlı insanları çoxdur. Xalqın adından danışa biləcək kifayət qədər gənclər var və onlar burdadır. O gənclər Etimad Qurultayındadır. Bu insanlar Azərbaycanın yeni tarixini yaradacaqlar. Dəyənək siyasətindən, ancaq fərdi maraqlar üzərində qurulan siyasətdən fərqlənəcək. Bütün idarələrdə, Prezident Administrasiyasında, Milli Məclisdə gəncləşməyə ehtiyac var. O insanlar bu partiyadan çıxacaq. Bunun şahidi olacaqsınız. Bizim siyasətimiz nəticəsi, səviyyəsi, kübarlığı ilə fərqlənəcək”.





Həftənin ən çox oxunanları