Yuxarı

AXCP sədri Razi Nurullayev: “Rəsulzadə ideyalarını yaşatmaq üçün hakimiyyətə gəlməyimiz vacibdir”

AXCP sədri Razi Nurullayev: “Rəsulzadə ideyalarını yaşatmaq üçün hakimiyyətə gəlməyimiz vacibdir”

“Nə yaxşı ki, Azərbaycanın Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy kimi şəxsiyyətləri, liderləri olub. Xalqımızı, millətimizi, demokratik qüvvələri birlikdə tutan o şəxsiyyətlərin ideyalarıdır”.Cebhe.info xəbər verir ki, bu fikirləri AXCP sədri Razi Nurullayev Azərbaycan dövlətinin qurucusu, böyük lider Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edərkən deyib.Razi Nurullayev bildirib ki, məhz Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy ideyalarını həyata keçirmək üçün hakimiyyətə gəlmək lazımdır:“Bu şaxtalı, qarlı gündə insanlar isti sobanın ətrafına yığılan bir vaxtda, biz Məhəmməd Əmin Rəsulzadəni ziyarət etmək üçün onun yeganə abidəsi olan, Novxanıda yerləşən məkana gəlmişik. Məhəmməd Əmin Rəsulzadə elə bir irs qoyub ki, bu gün də onu öyrənirik, öyrədirik. Məhəmməd Əmin Rəsulzadə ideaları bu gün də Azərbaycanda demokratik cəmiyyət qurmaq üçün bizə qüvvət verir, dayaq durur. Azərbaycan çox ağır bir sosial- iqtisadi, siyasi fəlakət içərisindədir. Və xalqımızı bir yerdə tutan, onu ümidlə yaşadan yenə də Məhəmməd Əmin Rəsulzadənin qoyduğu irsdir. Və biz bu gün Məhəmməd Əmin Rəsulzadəni ziyarət etməklə, onu yaşatmaqla Azərbaycanda demokratiyanın bərqərar olacağına inamımızı ifadə edirik. Məhəmməd Əmin Rəsulzadə ideaları yaşayacaq. O, bizim qəlbimizdə, həyatımızdadır. Bu ideyalar gələcək nəsillərin də genlərində daşınacaq, yaddaşında qalacaq. Çünki Məhəmməd Əmin Rəsulzadə Azərbaycanı yaradıb, qurub, müstəqil Azərbaycan onun adıyla bağlıdır”.AXCP sədri vurğulayıb ki, sədrlik etdiyi partiya hakimiyyətə gəldikdən sonra Rəsulzadənin ideyalarını davam etdirəcək:“Məhəmməd Əmin Rəsulzadə irsini yaşadan bir partiya olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası da məhz öz yerini tarixə bu cür yazacaq. Buna görə də partiya olaraq Məhəmməd Əmin Rəsulzadə ideyalarını yerinə yetirmək üçün hakimiyyətə gəlməyimiz vacibdir. Biz bu vacibiyyət üçün çalışır və çalışacağıq. Düşünürəm ki, biz hakimiyyətə gəldiyimiz zaman Məhəmməd Əmin Rəsulzadə ideyalarını da həyata keçirəcəyik. Heç nə kəşf etmək, yenidən heç bir ideya yaratmaq lazım deyil. Məhəmməd Əmin Rəsulzadə irsi Azərbaycanın gələcəyi üçün, perspektivi üçün ən məqbul şəraiti, ideyanı yaradır. Yaşasın Məhəmməd Əmin Rəsulzadənin ideyaları! Məhəmməd Əmin Rəsulzadənin ruhu şad olsun! Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq onun ideyalarını, proqramlarını yaşadacağıq!” 





Həftənin ən çox oxunanları