Yuxarı

İslahatlarda “Avropa küləyi”

İslahatlarda  “Avropa küləyi”

 Oliqarxlara "Siz də hazırlaşın" mesajı verildiNəqliyyat Nazirliyinin ləğv edilməsi media üçün manşet xəbər olsa da əslində gözlənilən bir qərar idi. Sabiq nazir Ziya Məmmədovun tutduğu vəzifədən çıxarılacağı ilə bağlı məlumatlar son illər müzakirə predmetinə çevrilmişdi. Hətta Nəqliyyat Nazirliyinə tabe olan bir sıra qurumların ləğv edilməsi, yaxud Ziya Məmmədovun bəzi səlahiyyətlərindən məhrum edilməsi nazirin “vurulması” kimi dəyərləndilirdi. Ancaq adıçəkilən nazirliyin ləğv edilməsi məsələnin yalnız Ziya Məmmədovun şəxsiyyəti ilə bağlı olmadığını deməyə əsas verir.Əgər məqsəd Ziya Məmmədovun hakimiyyət düşərgəsindən uzaqlaşdırılması olsa idi, bir sərəncamla yeni nəqliyyat nazirinin təyin edilməsi o qədər çətin deyildi. Bundan fərqli olaraq, Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi əsas prioritet seçildi. Yeni yaradılan nazirliyin rəhbərliyinə isə gənc kadr gətirldi. Bu addım uzun illər Azərbaycanın nəqliyyat sistemindən narazı olan vətəndaşlar üçün təbii ki, arzuolunan hadisədir. İdarəetmədə baş verən dəyişiklik hökumətin nəqliyyat sahəsindəki siyasətinə də öz təsirini göstərəcək. Ziya Məmmədovun rəhbərliyi dövründə Nəqliyyat Nazirliyi yolları asfaltlayıb, bir ildən sonra qaşıyıb yenidən təmir edən və ortada milyonlarla manat pulun hesabatının bilinmədiyi dövlət orqanı kimi yadda qalıb. Ziya Məmmədov özü isə Azərbaycan iqtisadiyyatını inhisarda saxlayan bir neçə oliqarxdan biri kimi tanınmışdı. Artıq Ziya Məmmədovla yanaşı, onun komandasına daxil olan xeyli tərəfdarları da yəqin ki, öz postları ilə vidalaşmalı olacaqlar. Ziya Məmmədov siyasi iddiası olmayan məmur kimi tanındığına görə, onun sakitcə yola salınmasını da hər hansı siyasi səbəblə əsaslandırmaq doğru olmazdı.17 il nəqliyyat naziri vəzifəsində çalışan Ziya Məmmədovun təqaüdə göndərilməsi əslində, onun hakim komanda daxilindəki bəzi həmkarlarına "Siz də hazırlaşın" -mesajı kimi başa düşülə bilər. Buna müəyyən qədər struktur islahatları çərçivəsində həyata keçirilən və çoxdan təklif edilən siyasi islahat da demək olar. Nəqliyyat Nazirliyi kimi böyük dövlət orqanının ləğv edilərək başqa nazirliyə birləşdirilməsi hökumətdə çoxdan gözlənilən sistemli struktur islahatlarına başlanıldığından xəbər verir. İkinci devalvasiyadan sonra müxalifətin və vətəndaş cəmiyyəti qurumlarının hökumət qarşısında qaldırdığı əsas təkliflərdən biri də dövlət orqanlarının sayının azaldılması ilə bağlı olub. Ancaq bu dəyişiklik yalnız siyasi islahatlar çərçivəsində həyata keçirildikdə səmərə verə bilər. Növbəti belə islahatların baş verəcəyi gözləniləndir. Yəqin ki, hakimiyyət dəhlizlərində "Növbə kimindir" – sualına cavab axtarılır. 2016-cı ildən başlanan maliyyə-iqtisadi böhranının aradan qaldırılması siyasi islahatların həyata keçirilməsi nəticəsində mümkün ola bilər. Bu mənada Ziya Məmmədovun vəzifədən çıxarılması siyasi islahatların zəruriliyi ilə bağlı hökumətin etirafı kimi də dəyərləndirilə bilər. Artıq Azərbaycana yaxın dövlətlərdə bu yeniləşmə prosesi xeyli müddətdir başlanıb. 1990-cı illərdə hakimiyyətə gələn siyasi nəsli yeni kadrlar əvəz edir. Rusiya prezidenti Vladimir Putin son 6 ayda mərhum sələfi Boris Yeltsin dövründən qalan kadrların bir çoxunu istefaya göndərib. Rusiyanın dövlərt aparatına yeni kadrlar cəlb olunub.Özbəkistanda prezident İslam Kərimovun ölümü mövcud rejimi dəyişir. Özbəkistan 80 ölkə ilə viza rejimini sadələşdirib, yeni prezident seçilib və öz komandasını qurur. Ermənistan parlamentli respublika üsul-idarəsinə keçib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev 40-dan artıq səlahiyyətini baş nazir və spiker arasında bölüb. Özü isə hakimiyyətdən çəkilməyə hazırlaşır. Qazaxıstanın parlamentar sistemə keçməsi ölkədə demokratikləşməyə və ciddi siyasi islahatlara təkan verə bilər. Gürcüstan isə Avrointeqrasiya yolunda ciddi irəliləyiş əldə edib. Demokratik inkişafa qədəm qoyan Gürcüstan Avropa Birliyi ilə viza rejiminin ləğvinə nail olub. Artıq Gürcüstan NATO üzvlüyünə qəbul olunması istiqamətində ciddi addımlar atılır. Parlamentli respublika üsul-idarəsinin mövcud olduğu Gürcüstanın hökumətini gənc kadrlar idarə edir.  Bu baxımdan, Azərbaycanda siyasi islahatların başlandığını söyləmək tez olsa da bu prosesin vaxtı çoxdan yetişib. Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa Birliyi ilə Strateji Əməkdaşlıq haqqında müzakirələr aparmasından sonra hakim elitada dəyişikliyə başlanılması təsadüfi görünmür.Müşfiq Abdulla





Həftənin ən çox oxunanları