Yuxarı

Şimaldan əsən böhran küləyi

Şimaldan  əsən böhran  küləyi

 Natiq Cəfərli: “Neftlə bağlı olan ümidlər özünü doğrultmur”Rusiyada sənaye istehsalı, əmək haqlarının artması və rublun möhkəmlənməsinə baxmayaraq, rusiyalılar ölkədə iqtisadi vəziyyətin pisləşəcəyini gözləyirlər. Bu barədə Rusiyanın məşhur "Levada-sentr" araşdırma şirkətinin yanvar ayı sorğusunun nəticələrində məlumat verilib. Sorğuya görə, rusiyalıların 78 faizi ölkənin iqtisadi böhrana doğru irəlilədiyini bildiriblər.Qeyd edək ki, şirkətin 2016-cı ilin sentyabr sorğusunda bu göstərici 74 faiz təşkil edib. Bu bədbin əhval-ruhiyyə öz əksini makroiqtisadi göstəricilərdə tapıb. Belə ki, ötən il Rusiyada ÜDM-in 50 faizdən çox hissəsini təşkil edən istehlak həcminin göstəricisində azalma qeydə alınıb. Rusiya iqtisadiyyatında 2016-cı ildə 0,2 faiz azalma olsa da, pərakəndə satış və əhalinin real gəlirləri 5 faiz düşüb. "Bank of America"nın eksperti Vladimir Osakovskinin sözlərinə görə, pərakəndə satışda azalma pensiya və sosial transferlərin real dəyərinin düşməsi ilə əlaqədardır. Rusiyada böhran dərinləşərsə, Azərbaycana nə qədər və necə təsir edəcək?İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, fundamental yanaşsaq, Rusiyanın vəziyyəti Azərbaycandan yaxşıdır: “Rusiyanın qiymətli kağızlar bazarının və iqtisadi institutlarının olması, ixracatda enerji daşıyıcılarının Azərbaycandakı qədər yüksək mövqe tutmaması, enerji istehsalının güclü olması, bu ölkənin iqtisadiyyatını bizdən güclü edir. Gözləntilərin neqativ fona çönməsinin müxtəlif səbəbləri var. Azərbaycandan fərqli olaraq Rusiyaya Avropa və Amerika sanksiya tətbiq etmişdi. Artıq ikinci ildir ki, Rusiya sanksiya rejimində fəaliyyət göstərir. Belə ehtimal var idi ki, Tramp hakimiyyətə gəldikdən sonra bu sanksiyaların götürülməsi və zəifləməsilə bağlı dəyişikliklər olacaq. Hələ ki, bu baş verməyib. Bu gözləntilər yenidən Rusiyada neqativ tərəfə çevrilib. Son bir neçə həftədə də həm neftin qiyməti, həm də Rusiya iqtisadiyyatı ilə bağlı neqativ proqnozların artmasını görürük”.Ekspert onu da qeyd edib ki, Rusiyada iqtisadi vəziyyət gərginləşdikcə bütün ətraf ölkələrə, o cümlədən, Azərbaycana da təsiri həmişə olub və bundan sonra da olacaq: “Azərbaycan kənd təsərrüfatı məhsullarının təqribən 90 faizini Rusiyaya ixrac edir. Rusiyada iqtisadi aktivlik, insanların gəlirləri azaldıqca əhalinin alıcılıq qabiliyyətinə də təsir göstərir. Müxtəlif rəqəmlər səsləndirilir, amma hazırda 1. 5 milyon soydaşımız Rusiyada yaşayır. Orda iqtisadi vəziyyət çətinləşdikcə, həmin şəxslər Azərbaycanda yaşayan ailələrinə, yaxınlarına maddi kömək edə bilmirlər. 2013-cü ildə Rusiyadan Azərbaycana 4 milyard dollar pul gəlmişdi. 2016-cı ildə bu rəqəm 700 milyona qədər azalıb. Kifayət qədər böyük həcmdə azalmalar müşahidə olunur. Bu da Azərbaycan iqtisadiyyatına təsir edən amillər sırasındadır. Çünki Rusiyadan gələn pul Azərbaycanda daşınmaz əmlak və iqtisadiyyatın aktivləşməsində, əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayırdı. Bu baxımdan oradakı iqtisadi gərginliyin müxtəlif istiqamətlərdən Azərbaycana da təsirləri var. Hər iki ölkədə əsas ümidlər neftlə bağlıdır. Neftlə bağlı olan ümidlər də tam özünü doğrultmur. Baxmayaraq ki, OPEC hasilatı azaltdı, ciddi müdaxilələr oldu, amma buna rəğmən neftin qiyməti 55 dollardan yuxarı qalxmır. Bu həm Rusiya, həm də Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərən əsas amildir”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları