Yuxarı

Putinin adamı Bakıya mesaj gətirdi

Putinin adamı Bakıya mesaj gətirdi

Kreml Azərbaycana xəbərdarlıq göndərdi


Arzu Nağıyev: "Azərbaycan hərbi əməliyyatlara başlasa, Rusiya müdaxilə edə bilməz”

 

Rusiyalı politoloq, Avrasiya İqtisadi Birliyi layihəsinin müəllifi kimi tanınan Aleksandr Duqin Bakıya səfəri zamanı Azərbaycana sətiraltı təhdid edən açıqlama verib. Ermənilərin qatı müdafiəçisi kimi tanınan A.Duqin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ikibaşlı fikir söyləyib: "Status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyəti Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir”, - deyə o bildirib.


Kremlin ideoloqu Rusiyanın öz sülhməramlılarını Qarabağa daxil etmək planının olmadığını deyib. Lakin əlavə edib ki, "lazım olacaqsa, biz bunu edəcəyik”.


Aleksandr Duqin bir tərəfdən Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu desə də, digər tərəfdən, status-kvonun dəyişməz olduğunu vurğulayır. Bununla Duqin həm Ermənistanın, həm də Rusiyanın mövqeyindən çıxış edir. Çünki status-kvonun saxlanılması yalnız işğalçı tərəfin deyil, həm də onun dəstəkçisi olan Rusiyanın maraqlarına cavab verir. 2016-cı ilin aprel ayında baş verən "Dörd günlük müharibə” zamanı Azərbaycan ordusunun bir sıra əraziləri azad etməsi status-kvonun dəyişməsi üçün əlverişli şərait yaratmışdı. Həmin vaxt münaqişə tərəfləri arasında atəşkəs haqqında sazişin imzalanması Rusiyanın Cənubi Qafqazdakı dayaqlarını qoruyub saxlamağa kömək etdi. Əks təqdirdə, Azərbaycan ordusunun bir qədər də irəliləməsi bölgənin bütün geosiyasi mənzərəsinin dəyişməsi ilə nəticələnə bilərdi. Ona görə də Kremlin qeyri-rəsmi sözçüsü kimi tanınan A.Duqin Rusiyanın müdaxilə edəcəyinə dair xəbərdarlıq etməklə Azərbaycanı hərbi əməliyyatlardan çəkindirməyə çalışır.


Aleksandr Duqinin açıqlaması həm də Rusiyanın münaqişə ətrafında son vaxtlar müşahidə olunan siyasi fəallığının tərkib hissəsi də sayıla bilər. Aprelin 28-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü danışıqlar prosesində Rusiyanın dominantlığını saxlamağa yönəlik növbəti addım idi. Eyni zamanda, müzakirələrdə münaqişənin sülh yolu ilə həllinə dair 2016-cı ildə Vyanada və Sankt-Peterburqda qəbul edilmiş prinsiplərin həyata keçirilməsi barədə razılığın əldə olunması faktiki olaraq, status-kvonun saxlanılmasına xidmət edir. Moskva görüşünün ardınca, A.Duqinin Azərbaycanı Rusiyanın adından təhdid etməsi rəsmi Bakını razılaşmanın şərtlərindən kənara çıxmamağı nəzərdə tutan xəbərdarlıq kimi başa düşülə bilər.


Məsələni təhlil edən politoloq Arzu Nağıyevin sözlərinə görə, Duqinin açıqlaması daha çox subyektiv xarakter daşıyır və Rusiyanın mövqeyini əks etdirmir. Lakin ATƏT-in Minsk Qrupunun üzvü olan bir dövlətin siyasi eksperti tərəfindən belə fikrin səsləndirilməsi münaqişənin həllinə yalnız mənfi təsir göstərə bilər:


"Buna baxmayaraq, Aleksandr Duqin müəyyən detallara əsaslanıb danışır. Əgər onun dediyi kimi olsaydı, Sergey Lavrovun təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil olunmazdı. Çünki həmin görüşlərdə söhbət danışıqların davam etdirilməsindən və status-kvonun ləğvindən gedir. Buna baxmayaraq, Sarkisyan rejimi status-kvonun ləğvini istəmir. Duqinin müharibə anonsu verməsi həm də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması ilə bağlıdır. Duqin bilir ki, Dağlıq Qarabağ BMT tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb. Azərbaycan işğal edilmiş ərazilərdə istənilən vaxt anti-terror əməliyyatları aparmaq hüququna malikdir. Ona görə də Duqin öz mövqeyindən çıxış edir. Azərbaycan öz siyasətini yürüdür və istənilən vaxt hərbi əməliyyatların keçirilməsi ilə bağlı mövqeyini ortaya qoya bilər. Məlumdur ki, 2016-cı ilin aprel ayında Azərbaycan belə bir əməliyyat keçirdi və Rusiya da müdaxilə edə bilmədi. Hətta Rusiyanın vassalı olan Ermənistan ondan müharibənin dayandırılması haqqında xahiş etdi. Azərbaycan indi də öz torpaqlarını azad etmək istiqamətində addımlar ata bilər. Sankt-Peterburq görüşündən sonra Serj Sarkisyanı müəyyən addımlar atmağa sövq etmişdilər. Ermənistan Cənubi Qafqazda öz nüfuzunu bərpa etmək üçün müəyyən addımlar atmalıdır ki, beynəlxalq layihələrə qoşulsun. Rusiya təbii ki, müharibənin başlamasını istəmir. Ermənistanı Rusiyaya yaxınlaşdıran əsas məqam NATO üzvü olan Türkiyə ilə həmsərhəd olmasıdır. Əgər həmin sərhəddə sabitlik tam təmin olunarsa, Ermənistan Rusiyaya lazım olmaz”.


Müşfiq Abdulla





Həftənin ən çox oxunanları