Yuxarı

Sülh yolu Qarabağı Azərbaycana qaytaracaq?

Sülh yolu Qarabağı Azərbaycana qaytaracaq?

Ekspertlər münaqişənin həllinin müharibədən keçdiyini düşünür

Zəlimxan Məmmədli: "Sülh yolu ilə ərazi bütövlüyünün bərpası mümkündür, amma Azərbaycanın milli maraqları pozulacaq”

Məhəmməd Əsədullazadə: "Ermənistana işğal etdiyi əraziləri boşaltması üçün ultimatum verməlidir”

Bölgənin ən böyük və hər an alovlanmaq ehtimalı olan Dağlıq Qarabağ münaqişəsinin həlli 20 ildən artıq müddətdir uzanır.İşğalçı Ermənistanın danışıqlar prosesini uzatması, mütəmadi olaraq cəbhədə təxribatlar törətməsi münaqişənin həllini mümkünsüz edir.Ancaq buna rəğmən, Azərbaycan tərəfi bütün zamanlarda danışıqlar prosesinə sadiqlik nümayiş etdirib.Ermənistan tərəfinin sülh prosesinə qarşı olması atdığı bütün addımlarda özünü göstərir. BMT, ATƏT, Minsk qrupu, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin ancaq sülh yolu ilə həllinin vacib olduğunu vurğulayır. Sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək mümkündürmü?

Siyasi-şərhçi Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə bunun mümkün olmadığını deyib: 

"Çünki bu torpaqda qanlar tökülüb. Azərbaycanın həm də BMT-nin təsdiq etdiyi ərazi bütövlüyü pozulub.Azərbaycanın 1 milyon məcburi köçkünü, minlərlə şəhidi var. Bu gün də düşmən Azərbaycan torpaqlarındadır.Düşmənin Azərbaycan torpaqlarını tərk etməsinin yeganə şərti isə Azərbaycanın ərazi bütövlüyünün təminidir.Bütün bunları nəzərə alsaq, sülh yolu ilə ərazi bütövlüyünün bərpası mümkündür, amma Azərbaycanın milli maraqları pozulacaq.Bu təklifi verənlər isə birbaşa olaraq erməniləri himayə edənlərdir.Hesab edirəm ki, hal-hazırda erməni təəssübkeşləri onların əli ilə Azərbaycandan bir parça da qoparmağa çalışırlar.Bu isə Azərbaycanın milli maraqları üçün təhqirdir.

Dünyada terrorizmə qarşı mübarizə var. Azərbaycan ərazisində çox dəhşətli terrorlar, soyqırım baş verir.Bununla mübarizə aparmaq da Azərbaycanın birbaşa hüququdur.Beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın tərəfindədir.Azərbaycan bu imkanlardan istifadə etməlidir.Amma görünür ki, problemin dinc yolla həllinə inananlar və onu Azərbaycanın milli maraqlarına sırıyanlar var. Bunun özü də Azərbaycanın problemlərindən biridir”.

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Dağlıq Qarabağ çox mürəkkəb münaqişədir. Politoloqun fikrincə, günü-gündən münaqişənin sülh yolu ilə həlli imkanları tükənir:

 "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 20 ildən artıqdır davam edən sülh danışıqları heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi və irəli sürdüyü həll paketləri Ermənistan tərəfindən bu və ya digər şəkildə qəbul edilməyib. Yaxud da Azərbaycanın ərazi bütövlüyü əleyhinə olmuş həll formulları təbii ki,ölkəmiz tərəfindən qəbul edilməyib. Keçən il aprel hərbi eskalasiyasından sonra müəyyən qədər danışıqlar prosesi aparılsa da, nəticədə bir daha münaqişənin sülh yolu imkanları məhdudlaşdı. Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb bir münaqişədir.Burada birinci, ən ciddi güzəşti Ermənistan etməlidir.Beynəlxalq birlik məhz münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.Təbii ki, Ermənistana qarşı beynəlxalq birliklərdən heç bir təzyiqin olmaması sülh və danışıqlar prosesini uzadır.

Hesab edirəm ki, Ermənistanla aparılan danışıqlar sadəcə olaraq vaxt itkisidir.Bu münaqişənin həlli yalnız güc yolu ilə mümkündür.Heç bir münaqişə yaxın tarixdə sülh yolu ilə həll edilməyib.Fakt odur ki, Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır.Ermənistan sülh danışıqları üçün lazım olan fəaliyyəti bir kənara qoyaraq cəbhə xəttində təxribatları intensivləşdirir. Bu il ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona bir neçə səfəri nəticəsiz yekunlaşdı. Göründüyü kimi, bütün danışıqlar heç bir nəticə vermir.Ermənistana ciddi dəstək verən Rusiya isə çalışır ki, status-kvonu qorusun.Bu ilin axırına kimi Ermənistan real danışıqlara gəlməyəcək.Azərbaycan birmənalı şəkildə cəbhədə təzyiqləri ciddi artırmalı, Ermənistana sülh danışıqlarının başlaması üçün ilk növbədə işğal etdiyi əraziləri boşaltması üçün ultimatum verməlidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları