Yuxarı

Meydanı boş görən "siyasətbaz”lar

Meydanı boş görən

Rafiq Daşdəmirli: "Biz AXCP olaraq xalqın müxalifətə inamını bərpa etməyə çalışırıq”

Əli Orucov: "Öz yarıtmaz işlərini başqalarının üzərinə atmağa çalışırlar”

Tural Abbaslı: "Bəzən dəyərli siyasətçilər proseslərdən kənarda qalır”

Cavid Məmmədzadə: "Xaricdən aldıqları qrantlar hesabına kortəbii mitinqlər keçirilir”

Bu gün ən çox müzakirə olunan məsələlərdən biri də müxalifətin mövcud durumudur.Ənənəvi müxalifət cəbhəsində təmsil olunan funksionerlərin qeyri-ciddi fəaliyyəti bu müxalifətə qarşı əvvəlki illərdən çox fərqli münasibət formalaşdırıb.Müxalifətə olan xalq inamsızlığının kökündə də məhz bu amilin dayandığı bildirilir.Başqa sözlə desək, ənənəvi müxalifətin illərdir yürütdüyü siyasət həm ölkə daxilində, həm də beynəlxalq arenada müxalif cameəyə qarşı qeyri-ciddi münasibətin formalaşmasına və inamsızlığa səbəb olub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Rafiq Daşdəmirli "Cümhuriyət” qəzetinə açıqlamasında müxaifətin qeyri-ciddi siyasətçilərdən təmizlənməsinin vacib olduğunu deyib: 
"Bu gün müxalifətdə qeyri-ciddi siyasilərin sayı kifayət qədər çoxdur. Əslində hər kəs onların kim olduqlarını, hansı maraqlara xidmət etdiklərinin bilir. Onların göstərdiyi fəaliyyətin, əslində fəaliyyətsizliyin nəticəsidir ki, bu gün cəmiyyətdə müxalifətə inam çox aşağıdır.Siyasi proseslərə maraq yoxdur.Biz AXCP olaraq xalqın müxalifətə inamını bərpa etməyə çalışırıq.Hesab edirəm ki, artıq 2 illik qısa bir zamanda AXCP olaraq buna müəyyən qədər nail olmuşuq.Ancaq müxalifətin qeyri-ciddi siyasətçilərdən tamamilə təmizlənməsinə ehtiyac var. Əks halda qeyri-ciddi siyasətçilərin fəaliyyəti yenə də siyasi proseslərə öz mənfi təsirini göstərəcək”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) siyasi şurasının üzvü Əli Orucov isə Azərbaycan müxalifətində yarıtmaz, qeyri-səmimi siyasətçi tanımadığını deyib: "Belə bir siyasətçinin olması ilə bağlı təsəvvürüm yoxdur. Sadəcə olaraq daxildə yartımazlıq var və yarıtmaz sistem formalaşdırılıb.Ona görə də öz yarıtmaz işlərini başqalarının üzərinə atmağa çalışırlar.Sistem yarıtmazdır və bunu ayrı-ayrı şəxslərin üzərinə atmaq olmaz.Bütün bunlar məsələlərə yanlış yanaşmadan irəli gəlir.

AĞ Partiyanın sədri Tural Abbaslı isə demokratik sistem işləyərsə, bu cür problemlərin aradan qalxacağı qənaətindədir: 

"Əslində istər müxalifətdə, istərsə də iqtidarda qeyri-ciddi siyasətçilərin olmasının səbəbkarı dolayısı ilə xalqdır. Çünki xalq istəməsə, onlara o statusu verməz.Sadəcə olaraq xalq siyasətdən o qədər uzaqlaşıb ki, siyasi proseslərlə ümumiyyətlə, maraqlanmır.Şəxslərin siyasi fəaliyyətlərini, kimliklərini araşdırmır.Siyasilər isə özlərini daha fərqli, bir qədər pafoslu təqdim etdikləri üçün kimliklərini araşdırmadan nə olduqlarını, nəyə xidmət etdiklərini başa düşmək çətin olur.Amma gərək insanın özündə də abır- həya olsun.Heç kimə demək olmaz ki, siyasətlə məşğul olma.İnsanın özündə olmalıdır və siyasi mədəniyyət nümayiş etdirməlidir.Sadəcə olaraq, qeyri-ciddi, yarıtmaz siyasətçiləri bir-birindən ayırmağın yeganə yolu ədalətli seçki keçirməkdir.Məhz buna görə bəzən dəyərli siyasətçilər proseslərdən kənarda qalır.Məsələn, Araz Əlizadə təfəkkürlü insanlar Milli Məclisdə oturub qanunvericiliklə məşğul olurlar.Bunun özü demokratik sistemin işləməməsinin fəsadıdır.Sistem işləyərsə, bu cür problemlər də aradan qalxacaq”.

AXCP üzvü Cavid Məmmədzadə hesab edir ki, qeyri-ciddi siyasətçilər yalnız maliyyə maraqları baxımından çıxış edir: 

"Qeyri-ciddi siyasətçilərin fəaliyyəti nəticəsində bu gün müxalifətdə münasibətlər maliyyə məsələləri üzərində qurulur. Bu gün ölkədə hökumətdən narazılıq var. Ancaq qeyri-ciddi müxalifətin "səyi” nəticəsində bu gün hökumətdən narazı qüvvələr özlərini bitərəf kimi göstərir.Bunun səbəbi də özünü lider kimi təqdim edən qeyri-ciddi siyasətçilərdir.Onların fəaliyyətinin nəticəsidir ki, bu gün xalq müxalifətdən uzaqdır.Bu gün "liderlər” xalqdan çox maliyyə məsələlərinə önəm verirlər.Xaricdən aldıqları qrantlar hesabına kortəbii mitinqlər keçirilir.Üzvlərinin çoxları həbsdədir, işsizdir, amma özləri bahalı maşınlarda gəzir, villalarda yaşayırlar.Qeyri-ciddi siyasətçilərinin fəaliyyətinin nəticəsidir ki, bu gün bir çox təşkilatlarda xalqın maraqlarına xidmət edən işlər görülmür.Həmin qeyri-ciddi liderlərdir ki, status yazanda da çox gümləli çıxır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları