Yuxarı

AXCP sədri partiyaları xarakterizə etdi

AXCP sədri partiyaları xarakterizə etdi

Azərbaycanda insanlar partiyalara ideologiyaya görə, yoxsa sədrlərə görə qoşulurlar?

Bu məsələ ilə bağlı AXCP sədri Razi Nurullayev "Ölkə.Az"-ın bu sualını geniş şəkildə cavablandırıb:

"Əslində Azərbaycanda siyasi partiyalarda liderlərin olmaması, sədrlərin getməsindən sonra partiyaların zəifləməsi və yoxa çıxması yalnız partiya sədrlərindən asılı məsələ deyil. Bu həm də Azərbaycanda hökm sürən siyasi şəraitdən asılıdır. Azərbaycanda normal seçki keçirilsə, normal bir proses nəticəsində ortada olan partiyalar və siyasətçilər ələnsə yaxşıları qalar, zəiflər güclülərlə birləşər və prosesdə bir qədər demokratik atmosfer yaranar. Əslində cəmiyyətdə demokratik abu-hava və proseslər olmadığına görə ideologiya üstündə qurulan partiyalar yoxdur. İnsanlar ideologiyaya, məqsədə görə yox, bu və digər partiyalarda şəxsə görə partiyalara qoşulurlar. Bu da indiki şəraitdə partiya liderlərinə sərf edir. İlham Əliyev öz iqtidarının ömrünü uzatmaq istəyirsə, müxalifət liderləri, xüsusən də ənənəvi müxalifət liderləri buraya Milli Şura ətrafında birləşən partiyaları, Müsavat partiyasını misal gətirə bilərik, onlar da bu prosesdə öz ömrlərini uzatmaq üçün çalışırlar.

Partiya sədrləri partiyalarının yox, öz ömürlərini, kreslolarının müddətini uzatmağa çalışırlar. Təbii ki, belə bir şəraitdə onların qarşısına yeni bir lider, partiyada yetişdirdikləri kimsə çıxmayacaq. Misal üçün Əli Kərimli ilə bir partiyada olan zaman manqurtlaşmadım, zombiləşmədim, onun təsir dairəsinə düşmədim, özümün siyasi xəttimi apardım. Partiya üçün təmənnasız çox işlər gördüm, deməzdim ki, partiya üçün elə birbaşa Əli Kərimli üçün bunları etdim. Onun nüfuzunun artması, cəmiyyətdə tanınması, cəmiyyət tərəfindən qəbul edilməsi üçün əlimdən gələni etdim. O isə cəmiyətdə parlayan, parlamaq istəyən, insanların ona istinad edilən fikirlərini görəndə qısqanclıq onu boğdu və həmin insanı məhv etmək üçün bütün resuslarını işə saldı. Biz də özümüzü müdafiə etmək və partiyanı qorumaq üçün hərəkətə keçdik. Bu gün mənim üçün və partiyamın üzvləri üçün Əli Kərimli AXCP-dən uzaqlaşdırılmış bir şəxsdir. O, artıq "Yurd" sədridir. AXCP buradadır".

Digər partiyalarda da bu prosesin baş verdiyini deyən AXCP sədri Müsavat partiyasında baş verənləri misal gətirərək Müsavat partiyasından ayrılan qruplardan birinin Ağ partiya, digərinin isə ADR hərəkatını qurduğunu dedi:

"Bu gün Müsavat partiyasının həmin nüfuzu yoxdur. İnsanlar yenə də istəyir ki, "Müsavat"ın daha da böyük görünməsi, böyüməsi üçün İsa Qəmbər yenidən başqan olsun".

İdeologiyalardan danışan Razi Nurullaev daha bir misalı Sosial Demokrat partiyasından çəkdi:

"Azərbaycanda sosial demokrat ideyası demək olar ki, yoxdur. Araz Əlizadənin rəhbərlik etdiyi Sosial Demokrat partiyasının sosial demokratiyadan xəbəri yoxdur. Onun özü də sosial demokratiyadan, siyasətdən xəbəri olmayan bir insandır. İşi gücü onu bunu alçaltmaqdır. Bu gün Sosial Demokrat partiyasının sosial bazası yoxdur. Hərçənd ki, Azərbaycan ağır sosial vəziyyətdə olan bir ölkədir və belə bir ölkədə əslində sosial demokratlar 90%-i aşmalı idi. Bu gün söz sahibi sosial demokrat ideologiyası olmalı idi. Ancaq bu gün Azərbaycan xalqı sosial demokratlara da, onların ideologiyasına da nifrət edir. O nifrəti də Araz Əlizadə qazanıb. Araz Əlizadə sosial demokrat, sosial demokrat da Araz Əlizadə deməkdir. Sosial demokratiyanın özünün də Azərbaycanda bəraət alması üçün 30-40 il lazımdır ki, bu adlar, onun ideologiası, küfürləri unudulsun".

Cebhe.info





Həftənin ən çox oxunanları