Yuxarı

Putindən Qərbə gözdağı

Putindən Qərbə gözdağı

Rusiya Qara dəniz akvatoriyasından məhrum ola bilər

Prezident  Vladimir Putinin avqustun 8-də separatçı Abxaziya respublikasına səfəretməsi Gürcüstanla Rusiyaarasındakı münasibətlər iyenidən gərginləşdirib. 

"Rusiya prezidenti Vladimir Putinin Abxaziyaya rəsmi səfər etməsi Gürcüstanın əleyhinə yönəlmiş siyasətin davamıdır”-belə bəyanatla Gürüstanın Xarici İşlər Nazirliyi çıxış edib.

Gürcüstanın XİN onu da bəyan edib ki, Putinin səfəri  beynəlxalq hüququn əsas  norma  və prinsiplərini kobud şəkildə pozur.  Sənəddə həmçinin,  Rusiya Federasiyasından  Gürcüstanın ərazi bütövlüyü əleyhinə yönəlmiş  təxribatçı fəaliyyətinə son qoymaq, suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmaq tələb olunur.

Bəyanatda  Rusiya Federasiyasının  üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, o cümlədən 2008-ci il 12 avqustda imzalanmış atəşkəs haqqında sazişə  əməl etməsi üçün beynəxalq  ictimaiyyətindən təsirli tədbirlər görülməsinin vacibliyi qeyd edilir.

Vladimir Putinin Rusiya silahlı qüvvələrinin 2008-ci il avqustun 8-də Gürcüstana hərbi müdaxiləsinin ildönümündə Abxaziyaya səfər etməsi rəsmi Tiflisə ünvanlanmış siyasi mesaj hesab edilir. Kreml rəhbəri bununla Abxaziya və Cənubi Osetiya münaqişəsinə münasibətdə Rusiyanın güzəştə getmək istəyində olmadığını nümayiş etdirir.  Abxaz separatçılarının lideri Raul Xacimba prezident Putinə siyasi və maliyyə dəstəyi  göstərdiyinə görə təşəkkür edib.

Abxaziya Rusiya tərəfindən müstəqil dövlət kimi tanınmasına baxmayaraq, beynəlxalq hüquqda Gürcüstana məxsus  ərazi subyekti sayılır. Ona görə də NATO-nun Gürcüstandakı rəsmi nümayəndəliyinin rəhbəri  Dilan Uayt rəsmi Tiflisin icazəsi olmadan V.Putinin Abxaziyaya səfərinin təəssüf hissi doğurduğunu deyib.  Dilan Uayt bildirib ki, Rusiya prezidentinin bu addımı  bölgədə  aparılan danışıqların sülh yolu ilə həllinin tapılması istiqamətində beynəlxalq səyləri pozur.

Raul  Xacimba isə Abxaziyanın müstəqilliyini Rusiyanın  tanımasından sonra tərəflər arasında ticarət dövriyyətinin 3,5  dəfə artaraq, 7 milyard rubldan 24,6 milyard rubla çatdığını deyib. Cari ildə Rusiyanın Abxaziyada həyata keçirdiyi investisiya proqramlarının həcmi  2,5 milyard rubla yüksəlib. 

Bundan başqa, Rusiya  qondarma Abxaziya Respublikası  ilə birlikdə təhlükəsizlik və müdafiə istiqamətində vahid hərbi birləşmələr yaratmaq üzərində iş aparır. Bu baxımdan, Putin Abxaziya ərazisindəki Rusiya hərbi bazasının rolunu xüsusi vurğulayıb.  Prezident  Putin Rusiya və Abxaziya daxili işlər orqanlarının əlaqələndirici  vahid informasiya  mərkəzinin yaradılmasını turistlərin istirahətinin təmin edilməsilə əlaqələndirsə də  bunun  başqa motivlərlə əlaqəli olduğuna dair məlumatlar üstünlük  təşkil edir.  Söhbət  bölgədə Rusiyanın geosiyasi maraqlarının müdafiəsi məqsədilə kəşfiyyat-məlumat bazasının gücləndirilməsindən gedir.  Siyasi müşahidəçilərin fikrincə,  Vladimir Putinin Suxumiyə gəlişi  ABŞ-ın vitse-prezidenti Mayk Pensin avqustun 1-də Gürcüstana səfərinə cavab məqsədi daşıyır.  Krımın işğalından sonra Şəqri Avropada Rusiya ilə NATO  arasında baş verən hərbi-siyasi  qarşıdurma  Qara dəniz regionunda da  geostrateji  gərginliyin artması ilə müşahidə olunur.  Gürcüstanın Avroatlantik məkana inteqrasiyası  NATO-nun Qara dəniz və Cənubi Qafqaz regionunda fəallığının artmasına səbəb olub. Ekspertlərin fikrincə, GUAM-a daxil olan dörd  dövlətdən üçünün-Ukrayna, Gürcüstan və Moldovanın NATO  üzvlüyünə qoşulmaq səyləri Qara dəniz bölgəsində  Rusiyanın  strateji mövqelərinin itirilməsi deməkdir.  Qara dənizin sahilində yerləşən  hər üç post-Sovet  ölkəsinin  NATO-ya daxil olması  Rusiyanın isti sulara yeganə çıxış  imkanının bağlanmasına  səbəb ola bilər.

Əslində, Krımın  ilhaqı da Rusiyanın Sevastopol limanındakı geostrateji mövqeyini  qoruyub saxlamaq  və NATO-nun bölgədə artan təsirinin qarşısını almaq məqsədi daşıyır.  İyul ayında  Gürcüstan və ABŞ  hərbçilərindən ibarət  NATO-nun 2800 nəfərlik təlimlərinin keçirilməsi və bunun ardınca  Mayk Pensin Tiflisə  səfəri  Rusiyanın  Qara dəniz sahillərində Qərblə  Moskva arasında  qarşıdurmanın dərinləşməsi kimi izah olunur.  Bu baxımdan prezident Putinin Abxaziyaya səfəri  Rusiyanın Qara dəniz akvatoriyasındakı  nəzarət zonasını genişləndirmək  cəhdindən xəbər verir.  Əks təqdirdə,  Gürcüstanın  və Ukraynanın NATO sıralarına qəbul olunması  Rusiya donanmasını  Qara dəniz hövzəsinə çıxışdan məhrum edə bilər.  Bu da öz növbəsində, Cənubi Qafqazda hərbi və siyasi balansın dəyişməsinə, yəni  Dağlıq Qarabağ problemi də daxil olmaqla Rusiyanın bölgədəki geosiyasi  təsir imkanlarının əlindən çıxmasına şərait yaratmış olar.   Hazırda Gürcüstanın və Ukraynanın  NATO-ya daxil olmasının qarşısını  alan yeganə vasitə həmin dövlətlərin ərazisində Rusiya tərəfindən yaradılmış  hibrid münaqişlələrin mövcud olmasıdır.   NATO-nun  Gürcüstanda hərbi təlim  mərkəzi açması,  2016 və 2017-ci illərdə "Noble Partner” (Layiqli tərəfdaş) hərbi təlimlərini keçirməsi, həmçinin  ABŞ-ın Ukraynaya tank əleyhinə raket qurğuları və digər müdafiə silahları vermək barədə qərarı  Rusiyanın sərt reaksiyası ilə müşahidə olunur. ABŞ -ın Rusiyaya sanksiyaların sərtləşdirilməsi  barədə ötən həftə qanunun  qəbul olunmasından sonra  dünyanın  müxtəlif  regionlarında  Kremlin əzələ nümayiş etdirəcəyi  gözlənilən idi.  Ona görə də Rusiya Abxaziyada  və Cənubi Osetiyada  separatizmi  gücləndirməklə  Amerikaya  qarşı cavab addımı atmaq, eyni zamanda Gürcüstanın NATO-ya inteqrasiyanın qarşısını almaq niyyətini nümayiş etdirir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları