Yuxarı

2018-ə hazırlıq: Təzyiqlər başlandı

2018-ə hazırlıq: Təzyiqlər başlandı

Rusiyadan sonra Qərb dövlətləri də Azərbaycana təzyiq etməyə başlayıb.Hesab edilir ki, aparılan kampaniyanın arxasında seçkilərə hazırlaşan Azərbaycan hakimiyyətindən güzəşt qoparmaq marağı dayanır.Ekspertlər Rusiya və Qərbin Azərbaycanı növbəti dəfə ağır seçim qarşısında qoyduqlarını deyirlər.Qərb  Azərbaycanı sanksiyalar və beynəlxalq qurumlardakı fəaliyyətini dondurmaqla hədələdiyi halda, Rusiya açıq formada Avrasiya İttifaqına dəvət edərək digər təzyiq mexanizmlərini də işə salıb. 

"Azərbaycan uğrunda mübarizə şiddətlənə bilər”

"Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında həm Rusiya, həm də Qərbdən edilən təzyiqlərin qarşıdan gələn seçkilərlə bağlı olduğunu istisna etməyib. Politoloq hesab edir ki, xarici qüvvələr bu təzyiqlərlə Azərbaycanı öz tərəflərinə çəkmək istəyirlər: "Seçkilər yaxınlaşdıqca, Azərbaycana kənardan edilən təzyiqlər kəskinləşə bilər. Çünki həm Rusiya, həm də Qərb Azərbaycanı öz yanında görmək istəyir.Amma Qərblə müqayisədə Rusiyadan edilən təzyiqlərin daha da artacağını düşünürəm.Ötən seçkilərdə də belə olmuşdu.Mümkündür ki, 2013-cü ildə yaratdıqları Milyarderlər İttifaqı məsələsi yenidən gündəmə gəlsin.Moskvada yaşayan Azərbaycanın keçmiş baş nazirinin müavini Abbas Abbasov da artıq fəallaşıb. Başqa sözlə, seçkilər yaxınlaşdıqca, xarici mediada bu kimi məqalələrin sayı artacaq, həmçinin Azərbaycan uğrunda mübarizənin şiddətlənəcəyinin şahidi ola bilərik. Buna görə də siyasətimiz elə qurulmalıdır ki, xaricdən edilən təzyiqləri neytrallaşdıra bilək.Əks halda, həm Qərb, həm də Rusiyadan olan qüvvələr daxildən özlərinə tərəfdar axtarmağa çalışacaqlar”.

"Hakimiyyət güzəşt etməyə məcbur olacaq”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, son zamanlarda kənardan edilən hücumların siyasi xarakterli olduğu faktdır. VİP sədri həmçinin prosesin seçkilərlə bağlı olduğunu da vurğulayıb: "Amma bütün hallarda hakimiyyət ona qarşı olan ittihamlara aydınlıq gətirməlidir. Ümumiyyətlə, hakimiyyət özünə qarşı təzyiq yarada biləcək izlər buraxmamalıdır.Amma təəssüflər olsun ki, bu izlərin miqyası və sayı ilbəil artır.Bütün hallarda baş verənlər seçkilərə təsir göstərən amillərdir.Bu, Azərbaycandan yeni güzəştlərin qoparılması üçün başladılmış prosesdir, digər seçkilərdə də belə hallar yaşanıb, buna görə də Azərbaycan hakimiyyətinə qarşı təzyiqlər edilib”.

Əli Əliyevin sözlərinə görə, Azərbaycan bu təzyiqlər qarşısında güzəştə gedən tərəf olacaq: "Məsələn, 2003-cü ildə keçirilmiş prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) öz planlarından belə təzyiqlərə görə imtina etdi. Təbii ki, hakimiyyət öz iqtidarını qorumağa və növbəti seçkiləri götürməyə çalışacaq.Buna görə də təzyiq edən tərəflərə güzəştlərin olacağı istisna deyil”.

Mənsur Rəğbətoğlu