Yuxarı

Siyasi məhbus düyünü çözülür

Siyasi məhbus düyünü çözülür

"Yurd” isə mane olmağa çalışır

"Turan” İnformasiya Agentliyinin direktoru, jurnalist Mehman Əliyev, "Yurd” sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli və 18 Nardaran məhbusunun azad edilməsindən sonra ölkənin siyasi həyatında yeni proseslər müşahidə olunur.  Hakimiyyət bütün müxalifətə qarşı yumşalmış kimi görünür. Azərbaycan - Avropa münasibətlərinin istiləşməsi fonunda ümid yaranıb ki, gələn il keçiriləcək seçkilərə qədər  bütün siyasi məhbuslar azad oluna bilər. Hesab edilir ki, bu həm də Qərbdən edilən təzyiqləri azalda bilər.

Siyasi məhbuslarla bağlı İşçi qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı mətbuata açıqlamasında da ilin sonunadək siyasi məhbusların azad olunacağını istisna etməyib: "AŞPA-nın oktyabr sessiyasına kimi deyə bilmərəm, amma hər halda, bu ilin sonuna qədər güman edirəm ki, siyasi məhbuslar azadlığa buraxılacaq. Son gedən proseslər də onu göstərir ki, bu istiqamətdə yumşalmalar var, məndə olan məlumatlara görə, bu yöndə işlər gedir”.

Proseslərə mane olmaq cəhdləri

Hesab olunur ki, son hadisələrdən sonra siyasi məhbusların azad edilməsi prosesi davamlı ola bilər. Lakin bu prosesə  mane olmaq istəyən daxili qüvvələr də var. Konkret olaraq  Milli Şura və "Yurd” təşkilatının sentyabrın 23-nə təyin etdikləri mitinqin bu prosesin qarşısına keçmək cəhdi olduğu artıq faktdır. Hesab edilir ki, əsas qazanc yeri siyasi məhbuslar olan "Yurd” sədri Əli Kərimliyə həmin şəxslərin azad edilməsi sərf etmir.

"Bir tərəfdən tutub, bir tərəfdən də buraxırlar”

Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilati məsələlər departamentinin rəhbəri Rövşən Dəmirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bütün siyasi məhbusların azad edilməsi mümkündür, amma bu hakimiyyətin hansı addım atacağı barədə əvvəldən fikir yürütmək çətindir:

"Bir də görürsən ki, tamam ağıla gəlməyən adamı həbs edirlər, ağıla gəlməyən adamı azadlığa buraxırlar. Mehman Əliyev azad olunduqdan sonra vergi borcunun ləğv edilməsi barədə məlumat yayıldı. Amma sonra da xəbər yayıldı ki,  vergi borcu məsələsi yenidən bərpa olunub. Bu kimi məsələlərə baxanda hakimiyyətin atacağı addımlar barədə proqnoz vermək çətin görünür. Amma son zamanlarda Avropadan Azərbaycan hakimiyyətinə edilən təzyiqlər kəskinləşib. Bu baxımdan gözlənti özünü doğrulda bilər. Bu təzyiqlərin nəticəsində siyasi məhbusların azad edilməsi mümkündür”. 

"Qarabağ probleminin nizamlanmasında da irəliləyişlər mümkündür”
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev 
"Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, səbəbi nə olursa-olsun, siyasi baxışlarına, azad fikirlərinə, peşə fəaliyyətinə görə  həbs edilən insanların azad edilməsinə sadəcə, sevinə bilərik. Vüsal Qarayev hesab edir ki, hazırda müəyyən proseslər gedir:

"Bu proseslər də müəyyən şəxslərin azad olunmasına gətirib çıxara bilər. Hesab edirəm ki, seçkilərə qədər maraqlı hadisələrin şahidi olacağıq, bunlar heç kəsin gözləmədiyi hadisələr də ola bilər. Qarşı duran güclər qalib gəlmək üçün bütün variantlardan istifadə edirlər, vəziyyətdən minimum ziyanla çıxmanın yollarını axtarırlar. Buna görə də müəyyən şəxslərin azad edilməsi ilə yanaşı, bəzi "toxunulmaz” deyə biləcəyimiz şəxslərin həbslərinin də şahidi ola bilərik. Hətta seçkilərdən əvvəl dondurulmuş Qarabağ probleminin qismən Azərbaycanın xeyrinə həlli istiqamətində də müəyyən tərpənişlər, hətta konkret nəticə görə bilərik”.

"İşçi Qrupunun verdiyi açıqlama əsaslı ola bilməz”

Müsavat Partiyası başqanının müavini Elman Fəttah "Cümhuriyət” qəzetinə açıqlamasında hakimiyyətin verəcəyi qərarlar barədə əvvəldən proqnoz verməyi doğru hesab etmədiyini vurğulayıb:

"İşçi Qrupunun verdiyi açıqlama əsaslı ola bilməz”.

E.Fəttah bununla belə, vəziyyətin hələlik aydın olmadığını deyib: 

"Aydın olan yeganə məsələ budur ki, vəziyyət ağırdır.  Bu baxımdan bütün siyasi məhbusların azadlığa buraxılacağını və Azərbaycanda bu problemin aradan qalxacağını gözləmirəm”.

"Avropa maraqları təmin edilənədək təzyiq edir”

Ağ Partiyanın sədri Tural Abbaslı "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, indiki situasiyada siyasi məhbus probleminin birdəfəlik həlli mümkün deyil. AP sədri fikrini siyasi məhbus məsələsinin alver predmeti olmasıyla əlaqələndirib:

"Hazırda da bir neçə siyasi məhbus bu alverə görə azadlığa buraxılıb. Seçkilərdən əvvəl hakimiyyət Avropa institutlarının loyal münasibətini qazanmaq istəyir. Buna görə də Avropanın bu məsələdə Azərbaycan hakimiyyətindən tələblərini də səmimi hesab etmirəm. Həmişə bütün seçkilərdən əvvəl belə vəziyyət yaranıb və hər dəfə də cəmiyyət xəyal qırıqlığına uğrayıb. Avropa da öz maraqlarını təmin edənədək hakimiyyətə təzyiqlər edir, bundan sonra öz "qınına” çəkilir. Amma o ehtimal istisna deyil ki, prezident seçkilərini nəzərə alan hakimiyyət siyasi məhbusları azad edə bilər”.

Mənsur Rəğbətoğlu