Yuxarı

İrandan təhlükəli torpaq istəyi

İrandan təhlükəli torpaq istəyi

İran kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün Azərbaycanda torpaq sahələrini icarəyə götürmək istəyir. Bunu İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian deyib: "Biz bu cür təcrübəni artıq Ukrayna, Qazaxıstan, Braziliya, eləcə də Cənubi Afrika Respublikasında tətbiq etmişik. Belə bir əməkdaşlıq Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artmasında da mühüm rol oynaya bilər".

Məsud Karbasianın sözlərinə görə, İran ümumiliyyətlə, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır.

Qeyd edək ki, ilk dəfə bu məsələni çinlilər gündəmə gətirmişdi. Onlar Azərbaycanın cənub regionlarının torpağını icarəyə götürərək orada çəltik əkmək istəyirdi. O vaxt  ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ölkə qanunvericiliyin buna imkan verdiyini demişdi. Qanunvericiliyə görə, Azərbaycanın torpaq sahələri maksimum 99 il müddətinə icarəyə verilə bilər. Lakin dünyanın bir çox ölkələrində qəribə bir tendensiya yaranmışdı. Belə ki, Çin şirkətləri tərəfindən icarəyə götürülən ərazilər sonradan geri qaytarılmırdı. Çinlilər orada məskunlaşır və həmin torpaqlardan çıxmırdı. Görünür, sonradan rəsmi Bakı bu təhlükəni nəzərə alaraq bu təklifdən imtina etmişdi.

İran Azərbaycan torpaqlarını icarəyə götürməsi təklifilə artıq ikinci dəfədir çıxış edir. İlk dəfə Azərbaycan hökuməti öz torpaqlarının başqa dövlətlərə icarəyə verilməsini yolverilməz hesab etdiyi üçün bu təklifi qətiyyətlə rədd etmişdi.

Ekspertlər hesab edir ki, İranın sözügedən təklifi Azərbaycana olan ərazi iddiası ilə bağlıdır. İran şirkətlərinin Azərbaycanda investisiya qoyuluşu və istehsal sahələri yaratmaq üçün heç bir qadağa yoxdur. İran digər ölkələrin torpaqlarını icarəyə götürüb. Amma nəzərə almaq lazımdır ki, həmin ölkələr İranla uzaq sərhəddə yerləşir, buna görə də ərazi iddiası ola bilməz. 
Azərbaycana gəlincə, vəziyyət fərqlidir. İran Azərbaycana qarşı daim ərazi iddiası ilə çıxış edib. Buna misal kimi İranın Xəzər dənizinin cənubunda Azərbaycana məxsus "Araz”, "Alov” və "Şərq” neft yataqlarını zəbt etmək cəhdləri rəsmi Tehranın Azərbaycana qarşı ərazi iddiası bir da bunu sübut edir. İranın Xəzərin hüquqi statusunun müəyyənləşməsində tutduğu mövqe Azərbaycana olan ərazi iddiaları ilə bağlıdır.

Milli Məclisin üzvü Vahid Əhmədov "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın torpaqlarını əkib-becərmək üçün öz imkanları var:

"Ölkə başçısının kənd təsərrüfatına göstərdiyi qayğı, ayırdığı dotasiyalar Azərbaycan əhalisinin bu sahəyə olan marağını artırıb. Azərbaycan özü öz torpaqlarını əkib-becərsin və lazımi məhsulları da istehsal etsin. Ola bilər ki, boş qalmış hansısa sərhədyanı müəyyən torpaqlar icarəyə verilsin. Amma bu gün əsas torpaqlar istifadə edilir. Bəzən məmurlar tərəfindən alınan, lakin istifadə edilməyən torpaqlar olur. Hazırda torpaqların elektron kadastr uçotunun aparılması, istifadəsiz torpaqların istifadəsi istiqamətində müvafiq işlər aparılır. Son vaxtlar kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq Azərbaycanda torpağa nəzarət mexanizmi gücləndirilib”.

Deputat qanunvericilikdə Azərbaycan torpaqlarının icarəyə verilməsi haqqında qaydanın olmadığını deyib:

"Amma torpaq dövlətin ixtiyarındadır, istənilən vaxt onu müəyyən müddətə icarəyə verə bilər. Hesab edirəm ki, bu torpaqları Azərbaycan vətəndaşları əkib-becərərsə, daha yaxşı olar”.

İranın Azərbaycana olan ərazi iddiasına gəlincə, Vahid Əhmədov İranda 30 milyona yaxın azərbaycanlının yaşadığını xatırladıb:

"Əslində Azərbaycan ərazi iddiasında olmalıdır. Amma bizim heç kəsin ərazisində gözümüz yoxdur. Yalnız işğal olunmuş torpaqlarımızı qaytarmaq istəyirik. Ona görə də İranın Azərbaycanın torpaqlarını icarəyə götürməsi və ya ərazi iddiasında olması boş xülyadır”.

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə bildirib ki, qanunvericiliyə görə Azərbaycan xarici ölkə şirkətlərinə, vətəndaşlarına torpaqları müəyyən müddətə icarəyə verə bilər:

"Amma Azərbaycanda bir sıra dövlətlərlə bağlı bu məsələyə yanaşma həssaslıq tələb edir. Məsələn, Rusiyaya, Gürcüstana, eləcə də İrana torpaqların icarəyə verilməsinə həssas yanaşılmalıdır. Oxşar hadisə Xaçmazda iki kəndlə bağlı baş vermişdi. SSRİ Nazirlər Kabineti yanında kənd təsərrüfatı qurumu Azərbaycanın Xaçmaz rayonunun ərazisində iki kənddə otlaq sahəsini icarəyə götürmüşdü. Azərbaycan müstəqil olandan sonra istər Rusiyada, istər Azərbaycanda bəzi ağzıgöyçəklər həmin ərazini Rusiya ərazisi kimi təqdim etməyə başladılar. Amma bu torpaqlar SSRİ-nin vaxtında Dağıstandakı əhalinin iri və xırda buynuzlu heyvan sürüsünün otarılması üçün ayrılmış yerlər idi. Perspektivdə oxşar hadisə İranla da yaşana bilər. Metronun "Gənclik” stansiyası yaxınlığında İran İslam Respublikası səfirliyinin himayə etdiyi "Hüseyniyyə” məscid var. O məscidin Azərbaycanın nəzarətinə verilməsi ilə bağlı uzun-uzadı mübahisə düşdü. Son nəticədə o məscidə nəzarət yenə də İran tərəfinin üzərində qaldı. İran iddia etdi ki, həmin torpağı alıb və ora onun mülkiyyətidir. Amma heç bir dövlət öz ərazisində başqa bir dövlətə torpaq satmır. Torpaqların toxunulmazlığı məsələsi yalnız səfirliklər və diplomatik missiyanın təmsil etdiyi qurumlara məxsusdur. Yəni, Azərbaycanda İran səfirliyinin ərazisi, eləcə də İrandakı Azərbaycan səfirliyinin ərazisi toxunulmazdır. Odur ki, perspektivdə İrana Azərbaycan ərazisində torpaqların icarəyə verilməsi heç də xoşməramlı hadisə sayıla bilməz”.

Ekspertin qənaətincə, İran Azərbaycanın əsasən Muğandakı torpaqlarını icarəyə götürə bilər. O, bunu həmin ərazilərə gediş-gəlişin asan olması ilə əlaqələndirib:

"Cənubi Azərbaycan da Muğan bölgəsində kənd təsərrüfatı ilə məşğuldur. İran Azərbaycanın Muğan bölgəsində oxşar sistemi yarada bilər. Dünyada baş verən indiki hadisələr fonunda bu məsələnin belə tezliklə reallaşacağı və baş tutacağı ehtimalı azdır. İranlı nazir də bunu çox güman ki, arzu, niyyət kimi deyib. Azərbaycan tərəfi də bunu xoşməramlı niyyət kimi qəbul etməlidir, amma təhlükəlidir. Məsələn, 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal olunan zaman qaçqın düşən vətəndaşlarımız Muğanda, İmişli, Saatlı rayonu ərazilərində yerləşdirildi. İran tərəfi orada qaçqın düşərgəsi salmışdı. Həmin düşərgəyə Azərbaycan vətəndaşlarının, jurnalistlərinin getməsini qadağan etmişdi. Oraya sanki öz ərazisi kimi baxırdı. İranın Azərbaycanın ərazisini icarəyə götürüb sonra oranı öz ərazisi kimi saxlamamasına kim qarantiya verə bilər? Heç kim. Ona görə də inanmıram ki, bu məsələ baş tutsun. Əgər baş tutsa da, təhlükəlidir”.

Sədrəddin Soltan İranla Azərbaycan arasında neytral zonanın olmadığını diqqətə çatdırıb:

"Neytral deyilən ərazilər Azərbaycana məxsusdur. Həmin neytral zonalar sovet hökumətinin vaxtında çəkilmiş sərhəd xətləridir. Həmin sərhəd xətlərindən İrana doğru gedən ərazi də Azərbaycana məxsusdur. Ora neytral ərazi deyil, Azərbaycan torpaqlarıdır. Sovet dövründə Azərbaycan kombaynçıları həmin ərazilərdə əkilən taxılı biçirdi. Azərbaycanla İran arasında neytral ərazi yoxdur. İran da həmin əraziləri Azərbaycanın ərazisi kimi tanıyır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları