Yuxarı

İki islam dövləti üz-üzə: Döyüş qaçılmazdır

İki islam dövləti üz-üzə: Döyüş qaçılmazdır

Səudiyyə Ərəbistanı İranı müharibə ilə hədələyib. "Cümhuriyət” xarici KİV-lərə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı liderliyindəki Yəmən Hakimiyyətinə Dəstək Qüvvələri Koalisiyası ölkəni hədəf alan balistik raketlərin İran istehsalı olduğunu açıqlayıb. Koalisiya Qüvvələrinin sözçüsü Polkovnik Türki əl-Maliki keçən həftə husilərin Ər-Riyada, bundan əvvəl də Məkkədəki dini məkanlara yaxın əraziyə ballistik raket atmalarını təcavüz kimi qiymətləndirib. O, Yəməndə hakimiyyətinə qarşı döyüşən husilərə İran tərəfindən dəstək verildiyini deyib: "İran husilərə texniki, təlim və planlaşdırma sahəsində hərbi mütəxəssis və balistik raketlərlə dəstək verir. Lakin, Yəmən ordusunun "Vulkan 1” və "Vulkan 2” raketləri olmayıb. Bu raketlər İrandan gətirilib”.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də hadisə ilə əlaqədar sərt bəyanat yayıb. Bəyanatda İranın Səudiyyə Ərəbistanına təcavüz etməyə çalışdığı diqqətə çatdırılır: "Koalisiya İranın husilərə bu raketləri verməsini  BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirir. İranın bu hücumda rolunun olması, qonşu ölkələrin, dünya və bölgənin təhlükəsizliyinə təhdiddir. Səudiyyə Ərəbistan beynəlxalq hüquq normalarına uyğun formada, uyğun vaxtda torpaqlarını, xalqını və maraqlarını müdafiə etmək hüququnu əsas tutaraq İrana lazımi cavabı vermək haqqını gizli saxlayır”. Qeyd edək ki, koalisiya noyabr ayının 4-də Yəmən ərazisindən krallığa ballistik raketlərin atılması barədə məlumat yayıb. Koalisiya raketlərin mülki insanların yaşadıqları ərazilərə düşdüyünü açıqlayıb. Lakin Səudiyyə tərəfi raketləri "Patriot” sistemləri ilə zərərsizləşdirə bilsə də raketlərin qəlpələri Beynəlxalq Hava Limanının Şərqində yerləşən qeyri-yaşayış məntəqəsinə səpələnib.

Yaxın Şərq yeni müharibəyə doğru

Qeyd edək ki, 1980-ci illərdən bölgədə nüfuz savaşı aparan İran və Səudiyyə Ərəbistanı arasındakı soyuq münasibətlər 2011-ci ildə Suriyada müharibə başlayandan daha da kəskinləşdi. İranın suriyalı müxaliflərə (Suriya Azadlıq Ordusu) qarşı Bəşər Əsəd rejimini dəstəkləməsi, Səudiyyənin isə müxaliflərlə yanaşı, rejimə qarşı olan digər qruplaşmalara yardım etməsi ilə tərəflər arasındakı geosiyasi qarşıdurma özünə yeni ölçü qazandırdı. 2013-cü ildə Yəməndə husilər dövlət çevrilişinə cəhd edəndə isə İran Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətə qarşı çıxaraq, əzəli rəqibinə növbəti dəfə döyüş meydanını göstərdi.

"İran Səudiyyə Ərəbistanını parçalamağa çalışır”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İran Suriyada gedən müharibədə "Hizbullah”, Yəməndə baş verən proseslərdə isə "Husilər” kimi hərbi təşkilatlar vasitəsilə əsas iştirakçı ölkələrdən biridir. Politoloq hesab edir ki, Suriya və Yəməndəki proseslərin digər əsas iştirakçı olan Səudiyyə Ərəbistanı ilə İran arasında toqquşma qaçılmazdır:

"Hər iki ölkə arasında bu məsələlərə görə ciddi fikir ayrılığı var. Tərəflər regional güc uğrunda - Suriya və Yəməndə vəkalət müharibəsi aparırlar. İran hazırda Yəməndə qiyamçı husilərə hərbi və logistik dəstək verir. Səudiyyə Ərəbistanının liderliyindki koalisiya qüvvələri isə hökuməti dəstəkləyir. Güclərini artıran husilər ölkəni daha ciddi xaosun içinə sürükləyir. Başqa sözlə, İran və Səudiyyə arasında Yəmən uğrunda açıq müharibə gedir. İran nə qədər təkzib etsə də açıq formada üsyançıları dəstəkləyir. Bu baxımdan İran - Səudiyyə Ərəbistanı münasibətləri müharibəyə doğru inkişaf edir. Husilərin Səudiyyə ərazilərinə raket atamaları, vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Kral rejimi çox yaxşı bilir ki, bu raketlərin atılmasında İran amili önəmli rol oynayır. Hesab edirəm ki, iki ölkə qarşı-qarşıya gəlməsə də Suriya və Yəməndə yorucu müharibəni davam etdirəcəklər”.

M.Əsədullazadə qeyd edib ki, İran Yəməndə qiyamçı husilərə dəstək verməklə, Səudiyyə Ərəbistanında yaşayan digər məzhəbləri öz tərəfinə çəkə bilib: "Bu, Səudiyyəni parçalamağa hesablanıb. İranın əsas məqsədi, İsrail və Səudiyyə Ərəbistanını Yaxın Şərqdə zəiflətməkdir. Bu, təhlükəli oyundur. Çünki güclü hərbi arsenala sahib olan krallıq İrana ciddi zərbə vura bilər”.

"Hədəf İrandır”

Politoloq Seymur Süleymanov "Cümhuriyət” qəzetinə açıqlamasında İran - Səudiyyə Ərəbistanı münasibətlərinin indiki məqamda gərginləşməsinin təsadüfi olmadığını deyib. Politoloq hesab edir ki, bu, bölgədə dəyişən geosiyasi situasiya ilə əlaqədardır:

"Səudiyyə Ərəbistanın İranı hədələməsinin yeganə səbəbi, İranın son dönəmlərdə yenidən Suriya və İraqda fəallaşmasından qaynaqlanır. İran Yaxın Şərqdə gedən geosiyasi proseslərdə açıq oyun oynayır. Amerikanın hədələrinə məhəl qoymayaraq, İraq və Suriyadakı mövqelərini gücləndirir. Bu da nə ABŞ-ın, nə də Səudiyyə Ərəbistanının maraqlarına uyğundur. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı Amerikanın bölgədə "vuran əli”dir, bu baxımdan bu ölkənin İranın hərəkətlərini nəzarətdə saxlaması, ilk vəzifəsidir. Şübhəsiz ki, "Həşdi Şabi”nin İraqa daxil olması, İranı tələyə salmaq idi. Hədəf İrandır. Ancaq İran bunu bilə-bilə geri çəkilmir, əksinə, öz oyununu oynayır”.

Mənsur






Həftənin ən çox oxunanları